Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Təbrikdə deylir:
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir.
Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir.
Hörmətli İlham Heydər oğlu, dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə Sizə səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm.
Hörmətlə,
Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti
**
Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib.
Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.