ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin dayandırılması üçün növbəti addımların konkret planlarını müzakirə ediblər.
Bu barədə AFP Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Görüş şənbə günü Moskvada keçirilib. Ağ Evin nümayəndəsinin sözlərinə görə, tərəflər yaxın həftələrdə açıqlanmalı olan “növbəti addımların məzmunlu planlarını” müzakirə ediblər.
Vaşinqtonda həmçinin ABŞ nümayəndələrinin Ukrayna tərəfi ilə danışıqlarının da eyni dərəcədə məhsuldar olacağına ümid ifadə edilib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov danışıqları “son dərəcə səmimi” adlandırıb.
Onun sözlərinə görə, Amerika tərəfi nizamlanmanın mümkün yolları ilə bağlı bir neçə ideya təqdim edib, lakin təfərrüatları açıqlamayıb.
Bununla yanaşı, Moskva hərbi məqsədlərinə nail olacağına əminliyini qoruduğunu bildirib. Uşakov Rusiyanın Ukraynanın şərqində qalan ərazilərə nəzarət yaratmağa ümid etdiyini deyib.
Uitkoff və Kuşnerin Moskvaya səfəri münaqişənin başlanmasından bəri Rusiya paytaxtına səkkizinci səfərləri olub. Danışıqlardan sonra onlar ilk dəfə müharibə dövründə Kiyevə yollanıblar. TASS-ın məlumatına görə, bazar günü səhər tezdən Amerika nümayəndələri Polşanın Jeşuv şəhərinə gəliblər. Onlar buradan Ukraynanın paytaxtına getməlidirlər. Ukrayna prezidenti Vladimir Zelenski bazar günü onları gözlədiyini təsdiqləyib.