“Qəbristanda boş torpaq qurtarandan sonra bələdiyyəyə verilir” –Başdaşı sexindən, ziyarətgahdan yığılan ianə hara gedir?

Ötən ay Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisindəki xristian qəbirstanlığında baş vermiş xoşagəlməz hadisə cəmiyyətdə geniş əks-səda doğurdu. Baş vermiş hadisəyə rəsmi dövlət orqanları tərəfindən dərhal reaksiya verilməsi, hər halda, müsbət hal kimi qiymətləndirilməlidir. Bununla yanaşı əldə etdiyimiz məlumata görə, məzar daşlarına qarşı vandalizm aktlarının təkrarlanmaması üçün ciddi addımların atılması da qərara alınıb.
Ancaq baş vermiş hadisədə bələdiyyələri “günah keçisi” kimi seçməklə əsas günahı məhz bu qurumların üstünə atılması, fikrimcə yolverilməzdir.  2017-ci ildə “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər”dən sonra  Bakı ŞİH-in Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin balansında olan qəbirstanlıqların ərazilər üzrə bələdiyyələrin balansına verilməsinə başlanıldı.
İlk növbədə dolu, habelə trest tərəfindən xidmət göstərilməyən, əslində isə bu quruma yük olanları çox operativ şəkildə bələdiyyələrə verilməsinə başlanıldı. Hazırda istifadədə olan, habelə xidmət sahələri olmuş qəbirstanlıqların isə təhvil verilməsi nəzərdə tutulmadı. Təəssüf ki, üstündən xeyli vaxt keçməsinə baxmayaraq təhvil-təslim prosesi hələ də başa çatdırılmayıb.
İstifadədə olan qəbirstanlıqların bələdiyyələrin balansına verilməməsinin isə konkret səbəbi hər kəsə aydındır. Necə ola bilər ki, Zabrat qəsəbəsindəki boş yeri olmayan iki qəbirstanlıq bələdiyyənin balansına rahatlıqla verilir, ancaq kifayət qədər boş yeri olan xristian qəbirstanlığı ilə üzbəüz ərazidəki qəbirstanlıq isə təhvil verilmir. Xətai rayonunda olan qəbirstanlıqlarda eyni taleyi yaşayır. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti həmin qəbirstanlıqlardakı boş yerləridə satıb sonra yəqin ki bələdiyyələrin balansına verəcəyini indidən düşünmək olar. Bu gün Zabrat qəsəbəsindəki qəbirstanlıqda iki nəfərklik məzar yeri 2000-3000 manata, Xətai rayonundakı ərazidə isə daha baha qiymətə təklif olunur. Qeyd edim ki, bu qiymətləri 7-77-yə hər kəs yaxşı bilir.
Müşahidələrimiz göstərir ki, bu gün trestin balansında olan qəbirstanlıqlar bələdiyyələrə “alayarımçıq” şəkildə təhvil verilib. Yəni, qəbirstanlığın ərazisinin “idarəetməsindən” başlamış, ərazidə qanuni və qanunsuz fəaliyyət göstərən məzar daşı sexlərinədək olan məsələlərin yaratdığı problemlər bu günədək öz həllini tapmayıb. Təhvil-təslim aktının altında ərazinin xəritəsi, qəbirstanlıq reyestrinin olmadan akti sədrlərə bəzən məcbur imzalatdırıblar. Bir çox hallarda siyasi rəhbərlərə edilən “hansısa şəxsin” zəngi sayəsində bələdiyyə sədrləri tərəfindən aktı imzalamaq məcburiyyətində qalmaları da danılmaz faktdır.
Bəzi hallarda trest bələdiyyələri günahkar çıxarmağa çalışsa da əslində bələdiyyələrin bu prosesə həvəsli olmamasının əsas səbəbinin açıqlamağa maraqı olmaması da təəssüf doğurur. Bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, qəbirstanlıqları təhvil almağa maraqlı olmayan bələdiyyələrin əsaslı səbəbləri də var imiş.
Sual olunur: Qəbirstanlığın əhatə etdiyi torpaq sahəsi, habelə ərazidə yerləşən ziyarətgahlar, ən əsası məzardaşı sexləri hansı səbəbdən bələdiyyə mülkiyyətinə verilməyib? Bu gün Xətai, Suraxanı, Qaradağ, Binəqədi və Sabunçu rayonu ərazilərində qəbirstanlıqların ərazisindəki məzar daşı sexlərinin bələdiyyələrin balansına verilməsi niyə “düyünə düşüb”?
Min bir bəhanə ilə bu prosesin icrası ləngidilir.
Bununla yanaşı qəbirstanlıqlarda fəaliyyətdə olan, məzar daşı sexlərinin fəaliyyəti barədə müavfiq orqanlarda müffəsəl məlumat varmı? Yəni onların dövlətə ödədiyi vergilərin həcmi haqqında Dövlət Vergi Xidmətində hansısa məlumat varmı? Üstəlik ziyarətgahlardan toplanan ianələrin hara xərcləndiyini bilən varmı? Niyə toplanan ianələrdən bələdiyyə büdcəsinə müəyyən vəsait ödənmir? Necə ola bilər ki, bələdiyyə ərazisində və balansında olan ziyarətgahdan ianə toplanır, amma bələdiyyə büdcəsinə vəsait köçürülmür, ancaq əraziyə xidməti bələdiyyələrdən tələb edirik.
Qaradağ, Xəzər, Suraxanı və Sabunçu rayonlarındakı bir çox qəsəbələrdə o cümlədən rayonların əksəriyyətində “havadan asılı vəziyyətdə” olan qəbirstanlıqların taleyi hazırda həll olunmamış qalıb. “Havadan asılı vəziyyətdə” olan qəbirstanlıqlar əsasən heç bir qurumun balansında olmadığı üçün onun bələdiyyələr tərəfindən rəsmiləşdirilməsin də problem yaşanır. Və etiraf edək ki, bu boşluqdan bəzi işbazlar məharətlə istifadə edib, kifayət qədər maliyyə vəsaiti qazanırlar.
Bu gün elə vəziyyət yaranıb ki, qəbirstanlıqlar da “sanki inhisara alınmış vəziyyətdədir”. Elə fikir yaranır ki, qəbirstanlıqlar bələdiyyədən kənar qurumlar və şəxslər tərəfindən idarə olunur, qəbir yerlərini və onun qiymətini də məhz həmin şəxs və qurumlar müəyyən edir. Bu da danılmaz faktdır ki, paytaxt qəbirstanlıqlarında bir qəbir yerinin qiyməti 500-8000 manat arasında dəyişir. Bu qiyməti də məhz həmin kənar qüvvələrin müəyyən etdiyini güman etmək olar.
Bu gün yuxarıda qeyd etdiyimiz “havandan asılı vəziyyətdə olan” qəbirstanlıqların bələdiyyələrə təhvil verilməməsi həm vətəndaşlara, həm bələdiyyələrə, həm də yerli icra strukturlarının özlərinə də ciddi problem yaratmaqdadır.
Beləliklə, bu gün Bakı bələdiyyələrinin əksəriyyətində qəbirstanlıqların təhvil verilməsi tam başa çatdırılmamış, bir çox hallarda tələm-tələsik təhvil verilmiş, bəzi hallarda isə bu ərazilərdəki qəbirstanlıqların bələdiyyələrə təhvil verilməsi ciddi problemlərlə müşaiyət olunub.
Müşahidələrimizdən belə qənaətə gələ bilərik ki, əgər biz bələdiyyələrin bu prosesə tam nəzarət etməsini, o cümlədən bu sahədəki xidmət səviyyəsinin və keyfiyyətinin artırılmasını istəyirdiksə, onda bu sahəyə dövlət tərəfindən məhz yuxarıda adıçəkilən trestə ayrılan maliyyə vəsaitini də heç olmasa ilk beş il ərzində, sistemin qurulması üçün bələdiyyə büdcəsinə ayırmalı idik. Nəzərə alaq ki, qanunvericilikdə buna imkan verir.
İkinci məqam bələdiyyələrə təhvil verilməli olan qəbirstanlıqlar tam tərkibdə, yəni üzərində olan bütün sexlər və digər xidmət sahələriylə birgə, habelə qəbirstanlıq reyestri də daxil olmaqla təhvil verilməli idi. Bu addım atılmadı. Deməliyəm ki, əsas problemdə məhz bu addımla bağlıdır.
Üçüncü məqam isə, qəbirstanlıqlara “dikilən baxışlar” dəyişməli, idarəetmənin icrası bütövlükdə bələdiyyələrə verilməsi təmin edilməli idi. Təəssüf ki, bu məqamda icra edilmədi.
Bu gün ay ərzində orta hesabla 2.500 manat maliyyə vəsaiti qazanan digər Azərbaycan bələdiyyəsindən qəbirstanlıqlardakı mövcud vəziyyətə nəzarət etmək və xidmət göstərmək tələbi sadəcə sadəlövlükdür. Odur ki, təhvil-təslimi tam tərkibdə baş çatdırıb, habelə strukturun saxlanması üçün dövlət büdcəsindən maliyyə vəsaitini ayırıb, sonra bələdiyyələrdən hansısa bir tələbi irəli sürsək daha məqbul sayıla bilər. Belə bir vəziyyətdə isə, fikrimcə, günahı bələdiyyələrdə deyil, elə özümüzdə axtarmalıyıq.
Hər halda düşünməyə dəyər.
Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri
Əvvəlki məqalə

Putin Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

Sonrakı məqalə

Türkiyədə seçkilərin ikinci turu keçiriləcək –