Qəzza zolağında baş verən son hücum nəticəsində daha 23 nəfər həyatını itirib. AzPost xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı yayıb.
Məlumata görə, İsrail ordusu Rafah şəhərində yerləşən humanitar yardım paylama məntəqəsinə çatmağa çalışan mülki şəxslərə atəş açıb. Nəticədə 23 nəfər öldürülüb, 200-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerindən yayılan görüntülərdə dağıntılar altında qalan insanların çıxarılması, yaralıların təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılması əks olunub. Yerli mənbələr bildirir ki, zərərçəkənlərin arasında qadın və uşaqlar da var.
Qəzza Səhiyyə Nazirliyi vəziyyətin getdikcə ağırlaşdığını, xəstəxanalarda yer və tibbi ləvazimat çatışmazlığının böhran həddinə çatdığını açıqlayıb.
Beynəlxalq təşkilatlar isə vəziyyətlə bağlı narahatlıqlarını ifadə edərək, mülki əhalinin qorunması üçün təcili atəşkəs çağırışlarını yenidən gündəmə gətiriblər.
Qeyd edək ki, son günlər Rafah bölgəsi İsrail ordusunun ən ağır hücumlarına məruz qalır. BMT və digər beynəlxalq humanitar təşkilatlar Rafah əməliyyatını “fəlakətli humanitar böhran” adlandırır və dərhal dayandırılmasını tələb edir.