Rusiyanın Qafqaz, Altay və Sayan dağlıq əraziləri Nepaldakı son faciəyə bənzər dağıdıcı daşqın və sel hadisələri ilə üzləşə bilər.
Bu barədə Novosibirsk Dövlət Universitetinin Təbiət Elmləri fakültəsinin Ümumi biologiya və ekologiya kafedrasının müdiri Mixail Sergeyev bildirib.
Ekspert Nepaldakı son təbii fəlakəti şərh edərkən qeyd edib ki, dağlıq ərazilərdə buzlaqların dağılması ciddi daşqınlara səbəb ola bilər.
“Demək olar ki, şübhəsiz ki, bu, Himalay dağlarında buzlağın son hissəsinin dağılması nəticəsində baş verib. Böyük ehtimalla bunun səbəblərindən biri son onilliklərdə temperaturun ümumi yüksəlməsidir”, – Sergeyev deyib.
Onun sözlərinə görə, çoxsaylı buzlaqların yerləşdiyi dağlıq ərazilər bu cür kataklizmlərə xüsusilə həssasdır.
Ekspert xəbərdarlıq edib ki, belə təbii fəlakətlər yalnız buzlaqların əriməsi ilə bağlı olmaya bilər. Zəlzələlər və uzun müddət davam edən güclü yağışlar da dağlıq ərazilərdə dağıdıcı sel və daşqınlara səbəb ola bilər.