Qalmaqallı qanuna görə Gürcüstanı hansı sanksiyalar gözləyir?- ABŞ açıqladı

ABŞ Gürcüstanda xarici təsirin şəffaflığı haqqında qanunun qəbulu ilə əlaqədar bir sıra Gürcüstan vətəndaşlarına viza məhdudiyyəti tətbiq edib.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

“Birləşmiş Ştatlar “Gürcü Arzusu” Partiyasının antidemokratik hərəkətlərindən, eləcə də son bəyanatlarından və ritorikasından dərin narahatlığını davam etdirir. Biz onlarla Gürcüstan vətəndaşına viza məhdudiyyəti tətbiq etmək üçün addımlar atırıq”, – Miller bildirib.

O xatırladıb ki, Gürcüstan hakimiyyətinin siyasəti ucbatından ABŞ dövlət katibi Entoni Blinken Vaşinqton və Tbilisi arasında ikitərəfli əməkdaşlığa yenidən baxılacağını elan edib.

“Məhdudiyyətlər Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən şəxslərə, eləcə də bu şəxslərin yaxın qohumlarına şamil ediləcək. Viza məhdudiyyətlərinin birinci mərhələsi “Gürcü Arzusu” partiyasının üzvlərinə, Gürcüstan parlamentinin üzvlərinə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və ayrı-ayrı şəxslərə şamil edilir”, – Departament rəsmisi deyib.

Miller əlavə edib ki, ABŞ Gürcüstanda məlum qanunun ləğvinə çağırır:  “Ümid edirik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən baxacaq və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərini həyata keçirmək üçün addımlar atacaqlar. Bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”.

Ötən həftə Gürcüstan parlamenti prezidentin xarici təsirlərin şəffaflığı qanununa veto qoymasını böyük səs çoxluğu ilə ləğv edib. Parlamentin sədri qanunu iyunun əvvəlində imzalayıb.

Qanuna görə, maliyyə vəsaitinin 20 faizdən çoxunu xaricdən alan qeyri-hökumət təşkilatları və media qurumları “xarici gücün maraqlarını güdən” təşkilat kimi qeydiyyatdan keçməlidir. Gürcüstan hakimiyyəti qanunun QHT-lərin maliyyələşdirilməsində şəffaflığı təmin etmək məqsədi daşıdığını bildirir. Gürcüstanda qanunun qəbulu kütləvi etirazlara səbəb olub.

Azpost.info

Əvvəlki məqalə

Kreml Makronun Ukrayna ilə bağlı bəyanatını təxribat adlandırıb

Sonrakı məqalə

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb