Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin növbədənkənar sessiyasının iclaslarının keçirilmə qaydasının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.
Deputat APA-ya açıqlamasında bildirib ki, Milli Məclisin 23 iyunda keçirilməsi nəzərdə tutulan plenar iclasında təklif edəcək ki, bundan sonra keçiriləcək iclaslarda ən yaxşı halda təqdim edilən qanun layihələrinin müzakirəsiz səsverməsi olsun.
Deputat qeyd edib ki, komitələr onlayn şəkildə bütün qanun layihələrini müzakirə edirlər: “Komitələrdə keçirilən müzakirələr plenar iclasdan bir neçə gün əvvəl keçirilir. Bununla belə, deputatların yenə də təqdim edilən qanun layihələri ilə bağlı təklifləri olarsa, bunu yazılı şəkildə Milli Məclisin Aparatına təqdim edə bilərlər. Beləliklə, plenar yığıncaqda təqdim edilən qanun layihələrinin ətrafında müzakirə aparılmadan I, II, III oxunuşda Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, səsverməni həyata keçirə bilərik”.
Deputat qeyd edib ki, vəziyyət ciddiləşərsə, o zaman artıq plenar iclaslar onlayn formada keçirilməlidir: “Komitələrdə biz iclaslarımızı onlayn sistemdə keçirdiyimiz kimi plenar iclasları da bu qayda da keçirə bilərik. Yaxşı olar ki, artıq bu sistemə keçək”.