Qarabağ Komitəsi ABŞ Prezidentinə müraciət etdi:

“Qarabağın işğalı dollar hesabına törədildi, buna son qoyun!”
18 Sentyabr 2019 - 16:56

Qarabağ Komitəsi ABŞ prezidenti Trampa müraciət edib.

Azpost.info bildirir ki, bu barədə sabiq baş nazir Pənah Hüseyn məlumat yayıb.

ABŞ prezidenti Trampa,ABŞ Konqresi üzvlərinə və bütün ABŞ vətəndaşlarına ünvanlanan müraciətdə 907-ci düzəlişlə bağlı etiraz əks olunub.

1992-ci ildən bu günə kimi erməni lobbisinin təhriki ilə ABŞ Konqresi tərəfindən ”Azadlığa dəstək Aktına edilən və Azərbaycan Hökümətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardımı qadağan edən 907-ci düzəliş hələ də qüvvədə qalır. Bu qanun onunla əsaslandırılırdı ki, “Azərbaycan Höküməti Ermənistana və Dağlıq Qarabağa qarşı blokada və digər güc tətbiq edir.”
Halbuki bu qanun qəbul edilənə qədər və ondan sonra Azərbaycan respublikası ərazisinin 20% Ermənistan tərəfindan silahlı təcavüz nəticəsində işğal olundu, 30 min dinc əhali qətlə yetirildi və 1 milyondan çox insan yurd yuvalarından qovularaq qaçqın və köçkün vəziyyətinə salındı. Azərbaycanın yarımmilyon əhali yaşayan Naxçıvan bölgəsi hələ də Ermənistanın blokadası şəraitində yaşayır. Bütün bunlar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və beynəlxalq təşkilatların çoxsaylı sənədlərində təsbit edlib”.

Müraciətdə deyilir ki, lakin, Amerika hələ də 907-ci düzəlişin ləğvi üçün ABŞ Prezidentin Azərbaycan Hökümətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsini və bu haqda Konqresə məruzə etməsini gözləyir!
“Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarında Azərbaycan xalqına və vətəndaşlarına qarşı törətdiyi qanlı əməllər həm də Amerikadakı erməni lobbisinin pulları, amerikan sərmayəsi hesabına törədildi və davam etdirildi. Bu qan həm də sizin əlinizlə tökülür, müharibə sizin sərmayənizlə aparılır və sizin vicdanınıza yazılır. Ermənistan hökumətinin başçısı bu günlərdə Azərbaycan xalqına və eləcə digər region xalqlarına, o cümlədən erməni xalqına böyük fəlakətlər gətirən bu qanlı müharibənin davam etməsi üçün əsas mənbə olan kapital toplamaq məqsədilə yenə Amerikadadır.
Bununla bağlı sizə çağrış edərək Allah naminə,insanlıq naminə, ədalət naminə tələb edirik ki, 907-ci düzəlişi dərhal ləğv edin, Amerika pulları ilə müharibənin davam etdiirilməsinə son qoyun və münaqişə nizamlanana qədər Ermənistana hər hansı hökumət və ya qeyri hökumət yardımının göstərilməsini və göndərilməsini qadağan edin”.