Qarabağ müharibəsi ilə başlayan “yeni era” –

"Bayraktar" dünyanı necə dəyişdi? (TƏHLİL)
17 Dekabr 2020 - 23:43

“Dünyada dron müharibələrinin yeni erası başlanıb. Son beş ildə dörd müharibədə – Liviya, Dağlıq Qarabağ, Suriya və Ukraynada silahlı dronlar dominant, hətta həlledici rol oynayıb”.

 

Azpost.info bildirir ki, bu barədə “Foreign Affairs” dərgisində Ceyson Lyal yazıb.

Müəllif qeyd edir ki, dronlarla bağlı müzakirələrdə onların Taliban kimi qeyri-dövlət oyunçularına qarşı istifadəsi, həmçinin Amerika Birləşmiş Ştatları və Çin kimi ölkələr arasında potensial münaqişələrdə rolundan danışırlar.

“Bir çox alimlər belə bir nəticəyə gəliblər ki, dronların mürəkkəbliyi və bəzi hallarda zəif tərəfləri onların dövlətlər arasında istifadəsini məhdudlaşdırır. Bəzi müşahidəçilərin fikrincə, dronlar hətta beynəlxalq miqyasda sabitliyə töhfə verə bilər; pilotla birlikdə təyyarə deyil, dron vurulanda ölkələr münaqişəni qızışdırmağa elə də meyl göstərməyə bilərlər”, – məqalədə deyilir.

Hər 10 ölkədən 9-nun…

Müəllif 2-ci Qarabağ müharibəsində Azərbaycanın dron taktikasına nəzər salır: Azərbaycan 11 ədəd An-2 təyyarəsini itirsə də, onların vasitəsilə Ermənistanın radar operatorlarının yerini müəyyənləşdirdi, İsrail istehsalı olan Harop dronları ilə onları vurdu və qarşı tərəfin havadan müdafiə sistemini yardı. Silah dronların həm də ilkin təxmin edildiyindən daha davamlı olduğu üzə çıxdı. Rusiyanın S-300, yaxınmənzilli Pantsir raket sistemləri Liviya, Dağlıq Qarabağ və Suriyada özünü zəif göstərdi”.

Müəllif qeyd edir ki, silahlı dronlar çevikliklə aşkarlanmaqdan yayına bilir. Ancaq dronlar təkbaşına da işləməyib. Məsələn, Azərbaycan onların vasitəsilə Ermənistanın müdafiə mövqelərini müəyyənləşdirdi, artilleriya, yaxud raket atəşinə tutdu.

Ancaq müəllif təhlilçiləri silahlı dronların effektini şişirtməməyə, eyni zamanda onların sabitsizlik yaratmaq potensialını gözardı etməməyə çağırır. Axı, silahlı sadə dronlar ölkələrin uzun müddət dondurulmuş münaqişələri alovlandırmasına yol açır.

“Silahlı dron almağı gözlənən hər 10 ölkədən doqquzunun ya çoxdankı ərazi mübahisəsi var, ya da daxilində müharibə gedir. Beynəlxalq sistem tezliklə silahlı dronların yayılması sayəsində yeni münaqişə raunduna şahidlik eləyə bilər”, – məqalədə deyilir.

Azərbaycan bu il 44 günlük müharibə nəticəsində 30 ilə yaxın Ermənistan qüvvələrinin işğalı altında olmuş ərazilərinin böyük bir qisminə nəzarəti bərpa edib. Həmin münaqişədə dronlardan istifadə taktikası əməliyyatlar gedən vaxt və sonra dünya mediasının gündəmindən düşmədi, bəzi ölkələrin Azərbaycanın təcrübəsindən öyrənməli olduğu vurğulandı.

Ukrayna nə öyrənsin?

Elə Ceymstaun Fondunun saytında amerikalı təhlilçi Pol Qobl da bu mövzuya toxunur. O, Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krımda dronlardan istifadəsinin mümkünlüyündən söz açır.

Ukraynanın Ukrspetseksport silah ticarəti üzrə dövlət komitəsinin sədri Vadim Nozdrya elan edib ki, Kiyev Türkiyədən 48 ədəd Bayraktar TB2 dronu alacaq. Bu dronlar artıq Qarabağ müharibəsində sınaqdan çıxarılıb.

Müəllif yazır ki, bu xəbər artıq Moskvada təhlilçiləri düşündürməyə başlayıb – Ukrayna Krımda, yaxud şərqi Donbas regionunda dronlara əl atarsa Moskva buna nəylə cavab versin?

Qafqaz üzrə rusiyalı mütəxəssis Anton Çablin yazır ki, Türkiyə indiyədək Suriyanın şimalında və Liviyada özünün hazırladığı hücum və kəşfiyyat dronlarından istifadə edib. Ancaq onları başqa ölkəyə satmamışdı. Qarabağ müharibəsindəki uğur isə Türkiyə Müdafiə Nazirliyinin növbəti üç il ərzində 10 milyard dollarlıq Türkiyə silahları satmaq hədəfinə töhfə vermiş olur.