“Qarabağ münaqişəsinin hazırlanmasında sadə erməni xalqı iştirak etməyib” –

Prezidentin köməkçisi
23 Aprel 2020 - 18:46

“Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əldə edilən razılaşmalardan boyun qaçırması bir daha qarşı tərəfin məqsədini açıq-aşkar bəlli edir və söz yox ki, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi hüququ öz qüvvəsində qalmaqdadır”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyevin köməkçisi – Administrasiyanın hərbi məsələlər şöbəsinin rəhbəri, general-polkovnik Məhərrəm Əliyev SİA-ya müsahibəsində Ermənistan XİN başçısının işğal altındakı ərazilərimizi geri qaytarmayacaqları haqqında bəyanatına münasibət bildirərkən deyib.

M.Əliyev deyib ki, eyni zamanda, Azərbaycan dövləti danışıqlar prosesində münaqişənin hüquqi çərçivədə və sülh yolu ilə həllinin tərəfdarı olduğunu da bəyan edib: “Bu baxımdan, hesab edirəm ki, Ermənistan rəhbərliyinin hər dəfə bu proseslərdən müxtəlif üsullarla yayınması cəhdləri Azərbaycana başqa çıxış yolu qoymur”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, işğalçılıq siyasəti ilə əsla barışmayacağını vurğulayıb: “Əbəs deyil ki, məhz “Qarabağ Azərbaycanındır və nida işarəsi” bəyanatı hazırkı gündə də işğalçı erməni hərbi-siyasi dairələrini ciddi şəkildə narahat etməkdədir.
Onu da düşünürəm ki, onlar sadəcə qorxularını xalqdan bu cür uğursuz bəyanatları ilə gizlətməyə cəhd göstərirlər. Ümumiyyətlə, danışıqlar masasından imtina edən erməni tərəfi birmənalı şəkildə anlamağa məhkumdur ki, onların bu cür davranışları nə həmin dövlətə, nə də erməni xalqına yaxşı heç nə vəd etmir”.

M.Əliyev qeyd edib ki, sadə erməni xalqı bir-birini müxtəlif yollarla dəyişən hakimiyyətlərin maraqlarını bölüşmür: “Tarix və sənədlər sübut edir ki, münaqişənin təməli xaricdə yaşayan erməni lobbisinin və əsasən də ultra-millətçi, eləcə də terror maraqlarından çıxış edən Daşnaksyutun təmsilçiləri tərəfindən qoyulub. Yəni bu məkrli planın işlənib-hazırlanmasında sadə erməni xalqı iştirak etməyib. Biz dəfələrlə şahidi olmuşuq ki, sadə xalq müharibəyə qarşı etiraz səsini ucaldır, Qarabağda hərbi xidmətə göndərilən və həlak olan gənclərin anaları münaqişəyə son qoyulmasını tələb edirlər. O da əbəs deyil ki, cənab Prezident İlham Əliyev bu məsələyə də münasibətini bildirib. Ölkə başçımız vurğulayıb ki, əgər erməni əsgəri Qarabağda ölmək istəmirsə, Ermənistan rəhbərliyi işğalçı siyasətinə son qoymalı, torpaqlarımızı tərk etməlidirlər”.