Qarabağ – Şeyxülislamın “qırmızı xətti”

 Bu yaxınlarda Böyük Britaniyada keçirilən “Din və Etiqad azadlığı” üzrə Nazirlər Konfransında bir məqam KİV-in xəbər lentlərində əksini tapdı. Bu mühüm toplantıda iştirak edən erməni separatçılarının köhnə “dostu”, baronessa Koks heç bir dəxli olmadan söz alaraq Azərbaycana qarşı ittihamlarla çıxış etdi.

Nazirlər Konfransının panel iclasında danışan baronessa Koks azərbaycanlıları erməniləri tarixi torpaqlarından qovması, soyqırım törətməsi barədə cəfəngiyyat danışmağa başlayıb.

Azərbaycandan dəvət edilmiş Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə cavab hüququndan istifadə edərək danışmaq üçün söz istəsə də moderator vaxtın bitdiyini bəhanə gətirərək iclası tez-tələsik yekunlaşdırıb.

Nufuzlu din xadimlərinin qatıldığı bu konfransda sülh və barış leytmotivi olan çıxışların fonunda belə yalan və böhtan püskürmək cəhdi cavabsız qalmadı.

Şeyxülislam ölkəmizə yönəlik belə qərəzli ittihamlara sərt reaksiya verib.

Konfransın gedişatında QMİ sədri baronessa Koksa mövqeyini üzbəüz çatdıra bilib. A.Paşazadə baronessa Koksu “yalançı” adlandırarq ona böyük yalan danışdığını deyib: “Sizin dediklərinizdə heç bir həqiqət yoxdur. Bu günə qədər 4 min azərbaycanlı itkindir. Qarabağla bağlı BMT-nin 4 qətnaməsi icra edilməyib. Müharibə Azərbaycan torpaqlarında gedir. Biz qonşuluq edirik, onları da normal qonşuluq etməyə çağırırıq”-deyə Şeyxülislam vurğulayıb.

Baronessa Koks isə belə sərt üzbəüz söhbəti gözləmədiyindən çaş-baş qalaraq əllərini ölçə-ölçə  mövqeyini müdafiə edəcək arqumentlə çıxış edə bilməyib.

Şeyxülislam bu çıxışı görməzdən gələ bilməzdi. Həmişə Azərbaycanla bağlı məsələlərdə dönməz və qəti mövqeyi ilə çıxış edən QMİ sədri bu illər ərzində dəfələrlə belə mövqe nümayiş etdirib.

Hələ SSRİ vaxtı- 1990-cı ilin qanlı 20 yanvar günü bütün riskləri bir kənara tullayıb dini rəhbəri olduğu xalqının gülləbaran edilməsinə qarşı sərt etirazı tarixin yaddaşındadır.

Qanlı faciədən bir neçə gün əvvəl17 yanvar 1990 –cı ildə  SSRİ Ali Soveti İttifaq sovetinin sədri Yevgeni Primakov və Sov.İKP MK katibi Aleksandr Girenko ilə görüş zamanı QMİ sədrinin sovet rəhbərləri ilə sərt davranışı böyük rezonans doğurmuşdu.

Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə “Respublika” qəzetinə verdiyi müsahibədə həmin görüş barədə ətraflı danışarkən deyib ki, bir qrup ziyalı – rəhmətlik İsmayıl Şıxlı, Nurəddin Rzayev, Şeyxülislam Allahşükür Paşazadə və Həsən Həsənovla Əbdürrəhman Vəzirovun yanına gedərkən kabinetdə Primakovla Girenkonun oturduqlarını görüblər: “Bu zaman Allahşükür Paşazadə kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə “xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?” dedi. Onlar bizi sakitləşdirməyə çalışdılar ki, qırğın olmayacaq. Amma Vəzirov bilirdi ki, şəhərə hücum olacaq. Bunu biz də hiss etdiyimiz üçün kabinetdən çıxanda Həsən Həsənov dedi ki, qırğın olacaq. Şeyx də o fikirdə olduğunu bildirdi”.

20 yanvar Bakı qırğından sonra Sovet rəhbəri Mixail Qorbaçovu lənətləyən Bəyanatı ilə dünyanı heyrətə salan A.Paşazadə Sovet İttifaqının tarixində siyasi rəhbəri ittiham edən ilk din xadimi kimi qaldı. Ən ağır günlərdə xalqın sözünü çatdıran QMİ sədrinin milyonluq Şəhid dəfnini məsuliyyətini üzərinə götürdü. Dünyaya, BMT-yə ünvanladığı müraciətində SSRİ rəhbərliyinin qanlı cinayətini qorxmadan ifşa etdi.

A.Paşazadə Azərbaycanın üzləşdiyi Qarabağ davasında da ölkəmizin maraqlarını ən sərt şəkildə müdafiə edən addımları ilə fərqlənirdi. Dini lider kimi ondan mötədil mövqe gözləyən beynəlxalq təşkilatların, siyasi güclərin bütün arzularına rəğmən Şeyxülislam Qarabağ davasında din və inanc deyil, ərazi uğrunda müharibə olduğunu etiraf etdirə bildi.

1995-ci ilin yayında Rusiya Patriarxı II Alekseyin təşəbbüsü ilə QMİ sədri və erməni Apostol Kilsəsinin başçısı 1-ci Qareginlə görüşü zamanı Katolikos Qarabağ münaqişəsinin dini mahiyyət daşımadığını etiraf edərək birgə bəyanata imza atdı.

2010-cu ildə Şeyxülislam Allahşükür Paşazadə tərəfindən Azərbaycana dəvət edilən katalikos Qaregin Bakıda keçirlən dini liderlərin Ümumdünya sammitində iştirak etdi. QMİ sədrinin münaqişənin həlli ilə bağlı ardıcıl mövqeyinin xrisitan və islam liderləri arasında böyük dəstək alması katalikos Qaregini Bakıya gəlməyə məcbur etmişdi.

Sammitdə çıxış edən 2-ci Qaregin etnik münaqişələrin mövcudluğunun bir çox dini dəyərləri təhlükə altına saldığını etiraf etdi.

2014-cü ilin avqustunda cəbhə xəttində toqquşmalar baş verərkən katalikos 2-ci Qaregin Şeyxülislama məktub göndərərək, sərhədboyu atəşkəsin pozulmasını “sülhə ciddi təhlükə” adlandırmışdı. QMİ sədri ona cavabında yazmışdı ki, “bəhs etdiyiniz bu atəşlər və təxribatçı hərəkətlər Azərbaycan torpaqlarında baş verir”.

“Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmalı, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Yalnız bu halda ölkələrimiz arasında gərginlik aradan qalxacaq, daimi sakitlik və çoxdan gözlənilən sülh bərqərar olacaq”-deyə Şeyx cavab məktubunda qeyd etmişdi.

2017-ci ilin sentyabrında Moskvada baş tutan son görüşdə A.Paşazadə Qareginə  “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Müharibə də Azərbaycan ərazisində gedib. Azərbaycan torpaqları işğal olunub”- demişdi.

2020-ci ilin noyabrında, Vətən Müharibəsindəki qələbədən sonra erməni katolikosu 2-ci Qaregin erməni xalqına “Qarabağ heç bir statusda Azərbaycanın tərkibində ola bilməz” müraciəti ilə bağlı  QMİ sədrinin verdiyi bəyanatda erməni kilsəsini öz aqressiv münasibətdə və qızışdırıcı fəaliyyətdə ittiham etdi.

“Ermənistan katalikosu II Qareginin son müraciəti, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq ona baş ucalığı gətirmir və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edir”-deyə Şeyx yazmışdı.

QMİ sədri 2-ci Qaraginə din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq və ədalətə söykənmək olduğunu xatırladaraq din xadiminin təcavüzə bəraət verməsini və xalqları qarşıdurmaya sövq etməsini pisləyib.

2019-cu ildə Azərbaycanda keçirilən Dünya Dini Liderlərinin Bakı Zirvə görüşündə müxtəlif səmavi dinləri təmsil edən nufuzlu din xadimləri bəyanat verərək bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər.

QMİ-nin təşəbbüsü ilə ötən illərdə İspaniyada, Almaniyada, Avstriyada, Rusiyada keçirilən beynəlxalq konfranslarda da Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipi sülhün açarı kimi qeyd olunmuşdu.

Vətən Müharibəsindən sonra QMİ sədrinin Qarabağda son vəziyyətlə bağlı dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar bu dəstəyin miqyasını göstərən bir indikatordur. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Ermənistandan fərqli olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi oldu.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm Qələbə qazanan  Azərbaycan Ordusu düşmənin belini qırdı. Bu qələbinin əldə edilməsi üçün hər kəs əlinin çatdığı yardımı, canı, qanı bahasına töhfəsini verdi.

Qarabağ münaqişəsinin ilk günündən QMİ və onun sədri Şeyxülislam Allahşükür Paşazadə ən müxtəlif platformalarda Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin siyasi iradəsini, Qarabağla bağlı mesajını səsləndirərək bununla ölkəmizin Qarabağla, işğal olunmuş əraziləri ilə bağlı ədalətli mövqeyini ardıcıl müdafiə edib.

A.ABBASOV

 

 

 

 

Əvvəlki məqalə

“Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıb” –

Sonrakı məqalə

Dünya birjalarında neft qiymətləri: