“Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıb” –PREZİDENTİN YEKUN ÇIXIŞI

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib.

 

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Prezident İlham Əliyevin yekun nitqi

Sağ olun. İndi bu ilin iqtisadi göstəriciləri ilə bağlı və ümumiyyətlə, planlarımızın reallaşması ilə bağlı əminəm ki, heç kimdə şübhə yoxdur. Çünki altı ayın yekunları onu göstərir ki, biz istədiyimizə nail olacağıq.

İndi artıq gələn ilin büdcəsi ilə bağlı iş başlamalıdır və hökumət bütün işlərə rəhbərlik etməlidir, bütün qurumlar arasında koordinasiya aparılmalıdır və gələn ilin büdcəsi qarşıda duran vəzifələri icra etmək üçün bizə imkan yaratmalıdır. Dürüstləşmədən sonra builki dövlət büdcəmiz məncə, Azərbaycan tarixində ən böyük büdcədir və biz istəyirik ki, artan imkanları maksimum səmərə ilə ölkəmizin inkişafına və insanların sosial rifahına yönəldək. Gələn ilin büdcəsində – əlbəttə ki, büdcənin parametrləri hələ müzakirə olunacaq, hələ vaxta var, amma mən əsas istiqamət olaraq yenə də sosial siyasəti görürəm. Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq. Ona görə baxın, təkliflər verin, hansı əlavə addımlar atıla bilər ki, insanların sosial müdafiəsi lazımi səviyyədə təmin edilsin, xüsusilə ən həssas kateqoriyadan olan insanların sosial məsələləri həll olunsun.

Təbii ki, gələn ilin büdcəsində infrastruktur layihələrinin icrası nəzərdə tutulacaq və hesab edirəm ki, burada əsas məqsəd bu infrastruktur layihələrinin real iqtisadiyyatın artımına nə dərəcədə təsir etməsi məsələsidir. Çünki bütövlükdə son illər ərzində aparılmış işlərlə Azərbaycan infrastruktur layihələrinin icrası ilə bağlı əsas məqsədlərə çatmışdır. Biz bunu həm real həyatda görürük, həm də Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da görürük. Çünki biz indi təbii qazın ixracatçısı olaraq ölkə daxilində qazlaşmanı 96 faizə çatdırmışıq – əlbəttə ki, Qarabağsız, mən o bölgəni nəzərdə tutmuram. Elektrik enerjisinin idxalçısı idik, indi ixrac edirik və ixrac yollarını genişləndiririk. Avtomobil yolları, dəmir yolları, hava limanları, içməli su layihələri, yəni böyük layihələr icra edildi. Əlbəttə ki, növbəti mərhələdə sosialyönümlü infrastruktur layihələri mütləq icra edilməlidir. Biz bu dəfə də xüsusilə məktəb tikintisinə əlavə vəsait nəzərdə tutduq. Hələ ki, əfsuslar olsun, yararsız vəziyyətdə olan məktəblər var. Biz onları təsbit eləmişik və sosial infrastrukturla yanaşı, yenə də deyirəm, real sektora xidmət göstərən infrastruktur layihələrinə xüsusilə baxmaq lazımdır.

Burada mən suvarma ilə bağlı layihələri xüsusilə qeyd etmək istəyirəm. Azad edilmiş ərazilərdə həm böyük su anbarları və su kanallarının tikintisi, həm içməli su təchizatı nəzərdə tutulur – biz Şərqi Zəngəzuru azad etməklə böyük su mənbələrinə yenə də qayıtmışıq, onlar da işğal altında idi. Eyni zamanda, suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. Bu yaxınlarda Kəlbəcər, Laçın rayonlarında olarkən mənə layihə təqdim edildi. Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti tərəfindən içməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var. Yəni, bu, içməli su ilə bağlı olan problemləri böyük dərəcədə həll edəcək. Ona görə bu layihələrə xüsusilə baxmaq lazımdır.

İçməli suya və suvarmaya gəldikdə, biz, eyni zamanda, xarici investisiyalardan da istifadə etməliyik. Mənə bu yaxınlarda məruzə edildi ki, bəzi şirkətlər Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərmək üçün, o cümlədən Xəzər suyunun duzsuzlaşdırılması layihəsi ilə bağlı müraciət etmişlər. Bunun da çox böyük əhəmiyyəti var. Bu, dünyanın bir çox ölkələrində artıq sınaqdan çıxmış layihələrdir və burada dövlət-özəl sektor tərəfdaşlığı da mümkündür. Əlbəttə, eyni zamanda, dövlət xətti ilə, özəl investisiya xətti ilə ayrı-ayrılıqda layihələrin icrası nəzərdə tutulmalıdır.

Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təklifləri yəqin ki, yaxın aylarda mənə təqdim ediləcək. İnfrastruktur, yaşayış binaları, kəndlərin qurulması – bütün bu layihələr gələn ilin büdcəsində olmalıdır. Çünki biz bu il infrastruktur layihələri ilə daha çox məşğul idik. Buna baxmayaraq, biz Şuşa şəhərində dövlət vəsaiti xətti ilə yaşayış kompleksinin tikintisinə də artıq başlamışıq. Ağdam şəhərində isə özəl sektor xətti ilə yaşayış binalarının tikintisinə başlamışıq. Ona görə dövlət büdcəsində bu məsələlər nəzərə alınmalıdır. Burada da azad edilmiş torpaqlarda binaların inşasında, o cümlədən digər layihələrin icraatında özəl sektor və dövlət tərəfdaşlığı çox vacib ola bilər. Burada qeyd olunan məsələ də hesab edirəm, çox düzgün qoyulub. Dövlət-özəl sektor tərəfdaşlığı üçün əgər qanunvericilikdə əlavələr edilməlidirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz.

Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır. Bütün ilkin şərtlər var. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərib ki, biz bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Bu da bizim bölgəmizdə müşahidə olunan mənzərə ilə müqayisədə bir qədər fərqlidir. Ona görə bu, investor üçün əsas şərtlərdən biridir ki, onun investisiyaları nə dərəcədə qorunur və çalışdığı dövlət öz öhdəliklərinə nə dərəcədə sadiqdir. Bu, bizdə var, gözəl investisiya iqlimi var, hazırlıqlı kadr potensialı var. Bu gün artıq bu, reallıqdır və bu istiqamətdə əlavə addımlar atılacaq.

Bildiyiniz kimi, biz xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramını da yenidən işə saldıq. Kadr hazırlığı, əlbəttə ki, çox vacib olan məsələdir, bu da var.

Ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik – bütün bunlar çox önəmli amillərdir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, bəzi yerlərdə investisiyalar üçün ümumiyyətlə şərait yoxdur. Çünki investor riskli ölkəyə getməz. Biz o vaxt – 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkəyə Ulu Öndərin yorulmaz səyləri nəticəsində milyardlarla dollar investisiya gətirə bilmişik. Haraya? Neft sektoruna. Heç qaz layihələrinə o qədər də maraq yox idi. Çünki bizim üçün ən cəlbedici sektor bu idi. Amma bu gün qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və müraciətlərin sayı artır. Çünki bütün bu amillərin vəhdəti bunu təmin edir. İnvestisiya iqlimi, böyük şirkətlərlə bizim əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur. Eyni zamanda, Azərbaycana olan münasibət, onsuz da müsbət münasibət daha da müsbətə doğru dəyişdi. Çünki bizim kimi 44 gün ərzində o çətin relyefi nəzərə almaqla müharibə aparmaq və qalib gəlmək, əlbəttə, hesab edirəm ki, dünyada hər kəs tərəfindən qiymətləndirilir. Ona görə biz özəl sektoru və xarici investorları ölkəmizə daha böyük sayda cəlb etməliyik. Bunun üçün, əlbəttə, əsas investisiya gətirə biləcək ölkələrdə biz daha da fəal işləməliyik. İqtisadiyyat Nazirliyi və bizim digər qurumlarımız, o cümlədən Turizm Agentliyi bu sahəni də təbliğ etməlidir, təkcə bizim təbii gözəlliklərimizi yox. Azərbaycanda müntəzəm olaraq biznes forumlar, investisiya konfransları keçirilməlidir ki, biz öz imkanlarımızı təqdim edək.

Sumqayıt Kimya Sənaye Parkında gedən işlərlə bağlı mənə məlumat verildi. Orada doğrudan da çox böyük investisiya layihələri icra edilir. Əlbəttə, biz istərdik ki, bizim digər sənaye zonalarımız da o zonaların xüsusiyyətini nəzərə alaraq investisiya layihələri icra etsin, bəlkə də o həcmdə yox, amma orada da bu proses dayanmasın. Çünki bir neçə zonamız var, orada ilkin layihələr icra edildi və biz, o cümlədən xarici investorları bölgələrə cəlb etməliyik – əlbəttə, Cəbrayıl və Ağdam rayonlarına, artıq orada da işlər gedir. Əminəm ki, o zonanın çox böyük perspektivləri olacaqdır.

Qarabağ və Şərqi Zəngəzurda gedən işlərlə bağlı, artıq orada daimi iş yerləri yaradılır. Əlbəttə, orada müvəqqəti iş yerləri, inşaatda işləyənlər üçün, eyni zamanda, daimi iş yerləri yaradılır. Məsələn, 9 yarımstansiya yaradılıb, orada daimi iş yerləri var. Şuşa şəhərində indi otellər fəaliyyət göstərir. Beşulduzlu otel inşa edilir və gələn il o otel hazır olacaq – ondan sonra, tarixi obyektlərin təmir edilməsi. Yəni, bir sözlə, hər bir sahə üzrə daimi iş yerləri yaradılır və bütün cavabdeh qurumlar çalışmalıdırlar ki, o iş yerlərində o rayonlardan olan insanlar çalışsın – gənc nəsil, o rayonların nümayəndələri, onların uşaqları, onların nəvələri. Buna xüsusilə diqqət yetirmək lazımdır.

Keçmiş məcburi köçkünlər arasında da ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Orada kim dərs deyəcək? Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bax, buna xüsusilə fikir vermək lazımdır. Biz bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik. İndi Şuşa şəhərində xəstəxana, məktəb, bir neçə mədəniyyət obyekti tikilir. Orada çalışacaq insanların, əlbəttə ki, əksəriyyəti şuşalılar olmalıdır. Buna fikir verin. Çünki bu, çox vacib olan məsələdir.

Bərpaolunan enerji növləri ilə bağlı mən giriş sözümdə qeyd etdim ki, bizim doğrudan da çox böyük potensialımız var. Artıq kontraktlar imzalandı, icra edilir və yeni kontraktların imzalanması gözlənilir, memorandumlar imzalanıb. Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var. Bunu artıq beynəlxalq mütəxəssislər də qeyd edirlər. Xəzər dənizinin küləyi bəzi hallarda bizim üçün bəlkə də problem yaradır. Amma, əksinə, bu, Bakının havasını təmizləyir. Xəzri əsəndə biz hamımız sevinməliyik ki, şəhərə təmiz hava gəlir. Amma bu küləyin də çox böyük faydası ola bilər. Bir neçə böyük şirkətdən Xəzər dənizində külək elektrik stansiyalarının tikintisi ilə bağlı ilkin təkliflər gəlib. Onlar indi həm Energetika Nazirliyi, həm İqtisadiyyat Nazirliyi tərəfindən öyrənilir, təhlil aparılır. Əlbəttə, biz bilirik potensial nədir, biz bilirik ki, bu, xarici investorlar üçün cəlbedicidir. Onu da deməliyəm ki, artıq bu sahədə böyük şirkətlər arasında rəqabət var və çox ciddi rəqabət var. Mən indi o şirkətlərin adlarını çəkmək istəmirəm. Amma bu sahəyə investisiya qoymaq istəyənlərin sayı kifayət qədər çoxdur. Ona görə biz düzgün seçim edəcəyik. Yəni, demək istəyirəm ki, mən burada investisiyalarla bağlı qıtlıq görmürəm.

Əsas ixrac yolları. Ona görə mən qeyd etdim – Zəngəzur dəhlizi, Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan-Gürcüstan-Türkiyə yolu, İran-Azərbaycan elektrik bağlantısı – bütün bu infrastruktura yenidən baxmaq lazımdır. Əgər biz orta hesabla, belə demək mümkünsə, ildə 1000 meqavat gücündə elektrik enerjisini ixrac edə biliriksə, bizdə elə potensial olmalıdır ki, 5000 meqavat gücündə elektrik enerjisini ixrac edə bilək. Ona görə mən “Azərenerji”yə tapşırıq verdim, indi hökumətə də, aidiyyəti qurumlara da tapşırıq verirəm, biz bu işi əsaslı etməliyik. Yəni, əlavə 1000 meqavat, yaxud da 1500 meqavatla kifayətlənmək lazım deyil. Bəlkə də daha böyük investisiyalar qoyaq, amma elə edək ki, sabah bizdə artıq enerji hasil ediləndə ixracla problem olmasın. Potensial alıcılarla da danışıqlar başlanmalıdır. Məncə, biz gözləməməliyik ki, kimsə gəlsin qapımızı döysün, bu il özümüz bazarları, mümkün olan bazarları təsbit etməliyik. Oraya heyətlər göndərilməlidir, danışıqlar aparılmalıdır, şərtlər razılaşdırılmalıdır. Çünki gələcək bununla bağlıdır. Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi – bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var.

Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var. Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar. Kölgə iqtisadiyyatı, əlbəttə, hər ölkədə var, əsas məsələ onun həcmidir, dövlətin, hökumətin buna münasibətidir. Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir – uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi. Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik.

İxrac coğrafiyasının genişləndirilməsi ilə bağlı son vaxtlar müəyyən addımlar atılmışdır. Biz bunu statistikada da görürük. Amma buna daha da ciddi fikir vermək lazımdır. Çünki biz ixracyönümlü iqtisadi model üzərində işləyirik və qeyri-neft ixracını artırırıq. Mənim dediyim rəqəmlər də bunu göstərir. Amma bu rəqabətqabiliyyətli məhsulu istehsal etmək hələ məsələnin həlli deyil, gərək bazara girəsən. Bazar uğrunda da mübarizə gedir, özü də nəhəng şirkətlər tərəfindən. Dünyanın əsas bazarları çoxdan təmin edilib, bölünüb və o bazara girmək üçün gərək hansısa əlavə bir dəyər verəsən. Ona görə bunlara mütləq ciddi baxmaq lazımdır. Sertifikatlaşma getməlidir, emal sənayesi, yüngül sənaye də sürətlə inkişaf etməlidir. Əfsuslar olsun, baxmayaraq ki, müəyyən addımlar atılıb, amma pambıqçılıqda hələ də yığılan 50 faiz məhsul mahlıc kimi ixrac olunur. Özəl sektor Mingəçevir şəhərində iki, ya üç fabrik qurmuşdu, sonra bu iş dayandı. Ona görə baxmaq lazımdır. Təqdimatlar etmək lazımdır, bəlkə hansısa imtiyazlar vermək lazımdır.

İndi burada qeyd olundu ki, biz dürüstləşmə zamanı əlavə vəsaitin bir hissəsini kreditlərə istiqamətləndirdik. Baxmaq lazımdır, bu sahə perspektivlidir, çünki bu sərvət bizim əlimizdədir. Bəs nə üçün biz burada itirməliyik? Biz dəyər zəncirini niyə tam işə sala bilmirik? Belə istiqamətlər çoxdur.

Kənd təsərrüfatı emalı ilə bağlı. Elə məhsul buraxmalıyıq ki, istənilən bazara ixrac edilə bilsin. Ona görə sertifikatlaşma, ixrac bazarlarının genişləndirilməsi istənilən halda lazım idi, indiki şəraitdə bəlkə daha çox lazımdır. Çünki ixracın şaxələndirilməsi bizə imkan verəcək ki, gələcəkdə qeyri-neft sektoru hesabına ölkəmizi gücləndirə bilək.

Mən artıq qeyd etdim, biz hamımız yadda saxlamalıyıq, çox güman ki, dünya iqtisadiyyatında tənəzzül, yəni, resessiya qaçılmazdır və buna hazır olmaq lazımdır. Resessiya, əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə gələn ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir. Biz bu barədə hələ danışacağıq, vaxta var. Amma biz dünyada gedən prosesləri, əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır.

Gələn il görüləcək işlər əminəm ki, ölkəmizi daha da gücləndirəcək. Biz verdiyimiz bütün vədlərə həmişə sadiq olmuşuq, vədlərə əməl etmişik. Azərbaycan xalqına nə vəd vermişiksə, onu yerinə yetirmişik – bütün sahələrdə, o cümlədən iqtisadi və sosial sahədə. Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın.

Sağ olun.

Əvvəlki məqalə

Bayden Səudiyyə vəliəhdinə xəbərdarlıq edib –

Sonrakı məqalə

Qarabağ – Şeyxülislamın “qırmızı xətti”