“Qarabağla bağlı Ermənistana zəmanət verən Rusiyadır” –Britaniyalı deputat Moskvanı ittiham etdi

“Qarabağ münaqişəsinnin yekun nizamlanması üçün Rusiyaya beynəlxalq təzyiq artmalıdır”.

 Azpost.info bildirir ki, bu barədə Böyük Britaniya parlamentinin hakim Mühafizəkar Partiyasından üzvü, parlamentdə Azərbaycanla dostluq qrupunun sədri Bob Blakman Azadlıq Radiosuna müsahibəsində bildirib: “Reallıq budur ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası var. Rusiyanın Ermənistan üzərində böyük təsir gücü var. Ona görə də təzyiqin böyük hissəsi Rusiyaya olmalıdır. Bu, Azərbaycan torpaqlarının geri qaytarılmasını asanlaşdırardı. Ermənistana zəmanət verən Rusiyadır. Onlar Ermənistana təzyiq edib deməlidirlər ki, yetər artıq, Qarabağı Azərbaycana qaytarmağın zamanıdır”.

Bob Blakman bildirir ki, onun öz ölkəsi də daha fəal olmalıdır. O yada salır ki, Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının üzvüdür və Azərbaycanda BP şirkəti və digər vasitələrlə investisiya qoymuş bir ölkə kimi, strateji müttəfiq kimi, o cümlədən Azərbaycana yüzillik dost olaraq, BMT Təhlükəsizlik Şurasına müəyyən təsir etməyə çalışmalıdır: “Bəlkə də Təhlükəsizlik Şurasında elə qüvvələr var ki, onlar Qarabağ münaqişəsinin davam etməsini, bu qanunsuz işğalın davam etməsini istəyirlər. Amma biz buna seyrçi qalmayaq gərək. Biz Təhlükəsizlik Şurasına təzyiq etməliyik. Mən özüm Böyük Britaniya hökumətinə təzyiq edirəm ki, Şurada öz mövqeyini bildirsin – yeni qətnamələrə ehtiyac yoxdur- qətnamələr var- indi onların reallaşmasına nail olmaq lazımdır. Təhlükəsizlik Şurasının üzvləri özləri bu qətnamələrə səs veriblər, heç biri də ona veto qoymayıb. Biz gərək bu sənədlərin icra olunmasında təkid edək”.

Bob Blakman əlavə edib ki, indiki halda münaqişənin uzanması heç Ermənistanın da xeyrinə deyil: “Edə biləcəyimiz məsələlərdən biri də Təhlükəsizlik Şurasını bu məsələdə tələsdirməkdir. Biz bunu edə bilərik və etməliyik də. Hətta lazım gələrsə, Baş Assambleyanın sülh danışıqlarında dəstəyinə nail olmaq olar. Sülh danışıqlarına nail olmaq çox vacibdir. Ermənistanın bu məsələdə mövqeyi o qədər də ağıllı deyil. Onlar ehtiyac olmadığı halda iztirab çəkirlər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir sülh razılaşması olarsa, bu, Ermənistanın da xeyrinə olar, çünki onunçün investisiya, firavanlıq imkanları açılar”.

1994-cü ilə qədər Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu işğal olunub.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

Azərbaycan rəsmiləri bu il sentyabrın 27-dən başlayan döyüşlərdə bu qətnamələri əsas gətirərək öz ərazi bütövlüyünü güc yolu ilə qaytarmağa məcbur qaldığını bildirir. Döyüşlər yenidən başlayandan bu yana bir neçə dəfə atəşkəs təşəbbüsləri olsa da, tərəfləri silahı yerə qoymağa inandırmaq mümkün olmayıb. Son bir aydan artıq müddətdə Azərbaycan Qarabağda işğalda olan 200-dən çox yaşayış məntəqəsini azad etməyə nail olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Milli Məclis üzvünün Xameneyi barədə açıqlaması qalmaqal yaratdı –