Qaraciyər hər gün orqanizmi zərərli maddələrdən təmizləyir və maddələr mübadiləsində mühüm rol oynayır. Lakin bəzi qidaların müntəzəm istehlakı bu orqana həddindən artıq yük salaraq zamanla ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər.
WebMD nəşri qaraciyərə ən çox zərər verən qidaları açıqlayıb.
Fastfud və yağlı yeməklər
Kartof fri, burger, pizza və doymuş yağlarla zəngin digər fastfud məhsulları qaraciyərin əsas düşmənlərindən hesab olunur. Bu cür qidaların tez-tez qəbulu qaraciyərin qanı təmizləməsini və toksinləri orqanizmdən xaric etməsini çətinləşdirir.
Mütəxəssislərin sözlərinə görə, doymuş yağların çoxluğu qaraciyərdə xroniki iltihabı artırır və sağlam toxumaların zamanla birləşdirici toxuma ilə əvəzlənməsinə, yəni fibrozun inkişafına səbəb ola bilər.
Həkimlər zeytun yağı, avokado və müxtəlif qoz-fındıq kimi sağlam yağ mənbələrinə üstünlük verməyi tövsiyə edirlər.
Həddindən artıq şəkər
Şəkərin normadan artıq qəbulu da qaraciyərə ciddi zərər vurur. Qaraciyər qlükozanı emal edərək onu piy ehtiyatına çevirir. Şirniyyatların çox istehlakı isə qaraciyərdə yağ toplanmasına səbəb olur.
Harvard Tibb Məktəbinin mütəxəssisləri bildirirlər ki, bu proses metabolik yağlı qaraciyər xəstəliyi (MASLD) və 2-ci tip şəkərli diabet riskini artırır.
Alkoqol
Alkoqol qaraciyərin ən təhlükəli düşmənlərindən biridir. Müntəzəm spirtli içki qəbulu sirroz və digər ağır qaraciyər xəstəliklərinin yaranma ehtimalını artırır.
Mütəxəssislər bildirirlər ki, təkcə hər gün alkoqol qəbul etmək deyil, qısa müddətdə çox miqdarda spirtli içki içmək də qaraciyərə ciddi zərbə vurur.
Hazır qəlyanaltılar
Çips, suxarı, kreker, sənaye üsulu ilə hazırlanan peçenye və digər hazır qəlyanaltılar çoxlu duz, şəkər, trans yağlar və müxtəlif qida əlavələri ehtiva edir.
Bu məhsullar maddələr mübadiləsini pozur, qaraciyərin fəaliyyətinə əlavə yük yaradır, həmçinin qanda şəkərin sürətlə yüksəlməsinə və orqanizmdə mayenin toplanmasına səbəb ola bilər.
Mütəxəssislər sağlam qəlyanaltı kimi təzə meyvələr, humusla tərəvəzlər və təbii məhsullara üstünlük verməyi tövsiyə edirlər.
Həkimlər xəbərdarlıq edirlər ki, qaraciyərin uzun müddət həddindən artıq yüklənməsi yağlanma, xroniki iltihab, fibroz və ən ağır hallarda sirroz kimi ciddi xəstəliklərə gətirib çıxara bilər.