Qarayara xəstəliyindən necə qorunmalı?- Mütəxəssislər açıqladı

Qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının insanlar tərəfindən istehlakı zamanı baş verir. Avropa İttifaqı ölkələrində hər il yüz minlərlə insanın qida mənşəli zoonoz xəstəliklərə yoluxma halı qeydə alınır. Bir faktı qeyd etmək kifayətdir ki, zoonoz xəstəliklərin insan sağlamlığı baxımından da nə qədər təhlükəli olduğu barədə təsəvvür yaransın: hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60 faizdən çoxu məhz zoonoz infeksiyaların payına düşür.

Bu barədə Qida Təhlükəsizliyi İnstitutu əməkdaşlarının hazırladığı elmi məqalədə bəhs olunur.

Qarayara – ən təhlükəli qida mənşəli zoonoz xəstəliklərdən biridir. Tibbi ədəbiyyatda daha çox “Sibir xorası” adı ilə tanınan qarayara bütün növ kənd təsərrüfatı heyvanlarının və vəhşi heyvanların iti gedişli yoluxucu zoonoz xəstəliyi olub, çöp şəkilli “Bacillus anthracis” bakteriyaları tərəfindən törədilir. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanların yoluxma mənbəyi bir çox hallarda xəstəlik törədicisi ilə çirklənmiş torpaq və su olur.

Xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir, infeksiyanın “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə həmin dövr 1-3 saata qədər qısala bilər. İnfeksion prosesin başvermə yerindən asılı olaraq qarayaranın dəri, bağırsaq və ağciyər formaları mövcuddur.

Xəstəliyin “ildırımvari” formasında heyvan qəflətən, heç bir klinik əlamət müşahidə olunmadan ölə bilər. Bu zaman zahirən sağlam görünən heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Laxtalanma prosesi getmədiyindən, cəsəd çox tez köpür və bərkimir. Digər hallarda heyvanın bədən temperaturu 40-42,5 dərəcə C-dək yüksəlir, iştahasızlıq və zəiflik müşahidə olunur, nəbz tezləşir, tənəffüs çətinləşir, görünən selikli qişalar göyümtül, konyunktiva şişkin olur.

Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması qəti qadağandır. Xəstəliyin əsas mənbəyi olan ölmüş heyvanın cəsədi vaxtında yandırılma yolu ilə məhv edilməlidir. Bütün heyvanlar müayinə olunandan sonra xəstə heyvanlar təcrid edilməlidir. Xəstəlik müəyyən olunan heyvan tövlələri və həyətlərdə təlimata uyğun dezinfeksiya işi aparılmalıdır.

Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmalı, yeni alınan heyvanlar bir müddət karantin şəraitində saxlanmalıdır.

Qarayara xəstəliyi mövsümi xarakter daşıyır və adətən, yay-payız aylarında baş verir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsullar, ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri vasitəsilə ötürülür. Qarayara törədicilərinin transmissiv ötürülməsində qansoran həşəratlar da müəyyən rol oynayır.

İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlu sahələrin (karbunkulların) əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və başqa əlamətlərlə özünü göstərir. Xəstəliyin qarşısını vaxtında almaq böyük əhəmiyyət kəsb edir. Odur ki, qarayaraya yoluxma şübhəsi yaranan şəxs dərhal həkimə müraciət etməlidir. Yaraya toxunmaq olmaz, çünki müdaxilə infeksiyanın yayılmasına səbəb ola bilər.

Bu təhlükəli infeksiyadan qorunmaq üçün heyvanlara qulluq zamanı gigiyena qaydalarına mütləq əməl olunmalıdır. Xəstəlikdən mühafizə olunmağın ən yaxşı yolu isə baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır. Heyvan kəsimi mütləq baytarlıq mütəxəssisinin nəzarəti ilə həyata keçirilməlidir. Eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısı alınmalıdır.

Sağlamlığın qorunmasında təsərrüfatlarda yetişdirilən iri və xırdabuynuzlu heyvanların peyvəndlənməsi də xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, respublikada qarayaraya qarşı peyvəndləmə tədbirləri dövlət tərəfindən pulsuz şəkildə həyata keçirilir.

Peyvəndləmədən sonra ən azı 2 həftə keçənə qədər peyvəndlənmiş heyvanın kəsilməsinə yol verilmir.

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Bakıda 10 manata yalnız iki fincan çay içmək olar” –