Qazaxda atəşkəs niyə pozulur? –“Bu xətlərin nəzarətimizə keçməsi Yerevanı çıxılmaz hala salıb” (EKSPERT)

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən son bir ildə Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin əməliyyat imkanlarının məhdudlaşdırılması Ermənistan tərəfinin həmin istiqamətə diqqəti artırmasına səbəb olub.

Azpost.info-nun məlumatına görə, bu barədə “AzeriDefence”ə açıqlamasında sərhəd məsələləri üzrə ekspert, Dövlət Sərhəd Xidmətinin ehtiyatda olan polkovniki Afəq Abiyev bildirib.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Azərbaycan DSX Sərhəd Qoşunlarının qısa müddətdə dövlət sərhədində, xüsusilə Ermənistanın əsas kommunikasiya xətlərinin (qaz kəməri və Gürcüstandan Ermənistana gedən avtomobil magistralına) keçdiyi ərazilərə nəzarət imkanları əldə etməsi İrəvanı çıxılmaz vəziyyətə salıb. Bundan sonra düşmən qeyd olunan istiqamətdəki hərbi hissələrində və yaşayış məntəqələrində yaranan psixoloji gərginliyi azaltmaq məqsədi ilə təxribat fəaliyyətlərinə daha çox diqqət yönəltməyə başlayıb:

“Ermənistan tərəfinə Qazax və Ağstafa rayonları istiqamətində dövlət sərhədindəki bizim vəziyyət bəllidir. Qeyd etmək istərdim ki, 2018-ci ilin sonunadək Sərhəd Qoşunlarımız düşmənlə üzbəüz olmamışdı. Qazax və Ağstafa istiqamətində biz dövlət sərhədinin mühafizəsini üzərimizə götürdükdə, qarşı tərəf düşündü ki sərhədçilərin təcrübəsizliyindən istifadə edib təxribat yarada və psixoloji üstünlüyü qazana bilər. Lakin 2019-cu ilin fevralından sərhəddə düşmənin başlayan təxribat fəaliyyətlərinin heç biri effektiv olmadı. Əksinə, bölmələrimiz bildiyiniz kimi 2-ci Şıxlı və “Babakər” yüksəkliyi istiqamətlərində yeni mövqelərə çıxaraq möhkəmləndilər. Nəticədə daha geniş əraziyə nəzarət etmək imkanı qazandıq. Daha sonra, oktyabr ayında mülki sakinimizi – traktorçumuzu vurdular. Onun da qisası layiqincə alındı və düşmənin peşəkar snayperləri tərəfimizdən məhv edildi”.

Ehtiyatda olan polkovnik hesab edir ki, itkilərin artması, eləcə də sərhəddə yaşadığı uğursuzluqların əvəzini çıxmaq, itirilmiş nüfuzunu bərpa eləmək məqsədi ilə Ermənistan tərəfi həm dövlət sərhədində, həm də informasiya məkanında təxribatlara davam edir.

“Düşmən təxribatlar vasitəsi ilə həm Azərbaycan tərəfinin müdafiə sistemini öyrənmək, həm də sərhəd qoşunlarımızın təmas xəttində xidmət edən şəxsi heyəti üzərində psixolji üstünlük əldə etmək niyyəti güdür. Digər tərəfdən Paşinyan hökuməti Ermənistan daxilindəki narazılıq cəhdlərinin qarşısını almaq və diqqəti cəbhəyə yönəltməyə çalışılır”, – deyə sərhədçi polkovnik vurğulayıb.

Abiyevin sözlərinə görə, yanvarın 7-dən bu günədək dövlət sərhədində Ermənistan ordusunun biri taborun qərargah rəisi olmaqla 5 hərbi qulluqçusu zərərsizləşdirilib: “Həyata keçirilən tədbirlər nəticəsində düşmənin üzləşdiyi itkilər, düşdüyü çıxılmaz durum barədə məlumatlıyıq. Əvvəlki illərdə apardığımız təhlillər əsasında deyə bilərəm ki, düşmən bu dəfə də çoxsaylı itkilərini bir-bir avtoqəza, hansısa bədbəxt hadisə adıyla yayımlamağa çalışacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DİN-də müşavirə:

Sonrakı məqalə

Çindəki naməlum virusla bağlı Azərbaycanda yoxlamalar gücləndirildi