“Qiymətlərin artması anormallıqdır” –Bahalaşmanın səbəbləri nədir?

Azərbaycanda bayramqabağı qiymətlərdə artım müşahidə olundu. Bu, daha çox ən vacib ərzaq məhsullarının qiymətində özünü göstərdi.

Ekspertlər qeyd edir ki, bazarlarda 20 gün öncə ilə müqayisədə qiymətlərdə 6-8 faiz bahalaşma var. Dörd nəfərlik ailənin Novruz bayramı (20,21 mart) üçün ortaq süfrə xərci 200 manat civarındadır.

Hər il bayram qabağı qiymət artımı niyə müşahidə olunur?

Keçmiş deputat, iş adamı,iqtisadçı Nazim Bəydəmirli Azadlıq Radiosuna bildirib ki, bazar iqtisadiyyatında süni, əsassız qiymət artımı anlayışı yoxdur: “Süni qiymət artımı haqqında bizdə rəsmilər danışırlar. Ancaq Azərbaycanda tarifləri müəyyən edən Nazirlər Kabineti, Tarif Şurası enerji daşıyıcılarının qiymətini artıraraq bu son bir neçə ayda özləri zəncirvari qiymət artımını şərtləndirdilər».

O, hesab edir ki, süni qiymət artımını həm də yaradan Dövlət Gömrük Komitəsinin bəyannamə qiymətlərini tədbiq etməsidir: “Yəni sahibkarların digər ölkələrdən aldığı mallara idxal rüsumlarını daha çox artırmaqla süni qiymət artımını yaradırlar. Məhz burada bu anlayış ortaya çıxır”.

İqtisadçı qeyd edib ki, son aylarda koronvirus pandemiyası səbəbindən iqtisadi fəaliyyət azalıb, vətəndaşların gəlirləri məhdudlaşıb: “Bunun səbəbləri isə məmur sahibkarlığın yaratdığı inhisarçılıqdır…”

“Belə olan halda tələb də azalır. Tələb o qədər də yüksək olmadığı halda belə qiymətlərin artması anormallıqdır. Bunun səbəbləri isə məmur sahibkarlığın yaratdığı inhisarçılıqdır və eyni zamanda dövlət orqanların süni qiymət artımı yaratmasıdır”.

N.Bəydəmirlinin fikrincə bu səbəblər aradan qaldırılmayana qədər problem həll olunmayacaq: “Yəni məmur sahibkarlığı, inhisarçılıq ləğv olunmayana, gömrükdə şəffaf idarəetmə tədbiq olunmayana , sahibkarların hüquq və bərabərliyi təmin olunmayana qədər biz qiymətlərin artımının şahidi olacayıq”.

Onun fikrincə, hətta bayram qabağı qiymət artımına baxanda bilinir ki, bu problem Azərbaycan iqtisadiyyatının liberal olmamasından qaynaqlanır: “Çünki tələb-təklif olan ölkədə qiymətlər optimallaşır. Əgər qısa bir müddətdə təklif az olduğu halda qiymət artımı baş verirsə, yəni obyektiv bir səbəbdən qaynaqlanırsa, tez bir zamanda o, yenə də optimal vəziyyətə gəlir. Amma Azərbaycanda biz bunu müşahidə edə bilmirik. Çox təəssüf ki, Azərbaycan höküməti bütövlükdə piar kampaniyası ilə məşğul olur”

N.Bəydəmirli hesab edir ki, süni qiymət artımı adı altında sahibkarlara həmişə hücum təşkil olunur, ancaq səbəblər müzakirə edilmir və aradan qaldırılmır.

Bu fikirlərə, hələlik, Dövlət Gömrük Komitəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma son illər həm ölkə rəhbərliyi, həm də Komitə rəsmiləri bir qayda olaraq bəyan edirlər ki, gömrükdə şəffaflıq artırılıb.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2021-ci ilin yanvar-fevral aylarında istehlak qiymətlərinin indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 3,7 faiz (o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,9 faiz) bahalaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyada təhsil alan azərbaycanlı tələbələr bu ölkəyə qayıda bilərlər –

Sonrakı məqalə

Yazıçı Azər Abdulla vəfat edib