QMİ-yə və Şeyxülislama qarşı “qırmızı hucumlar” nəyə xidmət edir?  

Hər bir dövlətin öz vətəndaşları ilə münasibətlərində din faktoru mühüm rol oynayır. Bu faktor idarəedici sistemin vacib elementi kimi spesifikliyi ilə seçilir və insanların daxili aləminin və mənəvi keyfiyyətlərinin formalaşmasında müstəsna yer tutur.

Müstəqli Azərbaycanın son 30 illik tarixinin bütün periodlarında dini münasibətlər dövlətin formalaşmasında əhəmiyyətli rol oynayıb, cəmiyyətin yekdilliyinin indikatoru kimi çıxış edib.

Bu gün də dövlətin mənəvi dəyərlərinin təbliğində, insanların kamilliyi və ruhi rahatlığında din xadimlərinin rolu mühümdür. Dövlət və din münasibətlərinin möhkəm və etibarlı tərəfdaş kimi çıxış etməsi cəmiyyətin əsaslarını sarsıda biləcək “yad baxışların” nufuz etməsini əngəlləyir.

Bütün bunlar savadlı təhlilçilərə, siyasətçilərə və dövlət “nərdivanı”nda yer almış məmurlara yaxşı məlumdur.

Lakin vaxtaşırı biz internet resurslarında Azərbaycanda dini rəhbərlərə, Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbəri Şeyxülislam Allahşükür Paşazadəyə yönəlik əcaib və təxribatçı kampaniyanın şahidi oluruq. Artıq çoxdan unudulan sovetsayağı gözdənsalma tezisləri ilə “bəzənmiş” bu kampaniya dəri pencəkli, mauzerli komissarların çıxışlarını xatırladır.

Bu yöndə aparılan prosesdə bir detal qırmızı xətt kimi keçir: Bu dairələr Qafqaz Müsəlmanları İdarəsinin lazımsız qurum olması barədə hay-küy salır, onun ləğvini tələb edir, yerli din xadimlərini gözdən salan şüarlar bağırırlar.

Bəs QMİ-nin mövcudluğu kimə mane olur? Nə üçün onun ətrafında vaxtaşırı belə əsəbi çığır-bağır yaradılır?

Qafqaz Müsəlmanları İdarəsi ateist SSRİ zamanında sovet müsəlmanlarının idarəçiliyi üçün yaradılmış dörd böyük idarədən biri olub. Sovet rəhbərləri üçün bu idarələr müsəlman respublikalarındakı dindarları nəzarətdə saxlamaq üçün bir vasitə idisə, ağır təqiblərdən və ateist sistemin bütün dəhşətindən keçən sovet müsəlmanları üçün bu idarələr ürəklərində saxladıqları iman işığının közərən ocaqları idi. Məhz bu qurumlar bütün SSRİ boyu vahid müsəlman həmrəyliyinin qorunmasında və xalqın yad “ruslaşma” siyasətinə qarşı milli özünəməxsusluğunun qorunmasında müstəsna rol oynayıblar.

1920-ci ildən 1991-ci ilə qədər Rusiya imperiyasının bütün müsəlman xalqları ateist sovet dövlətinin hakimiyyəti altında olublar. Müsəlman xalqlarının üç nəsli rəsmi ateizm şərtləri altında böyüyüb. Bu illərdə məscidlərin çoxu dağıdıldı, din xadimlərinin böyük hissəsi repressiyaya məruz qaldı.

Din xadimlərinə qarşı sərt ateist siyasətinin yürüdülməsinə baxmayaraq SSRİ-də əhalinin mühüm hissəsi özünü inanclı sayırdı. Məsələn, 1937-ci ildə aparılmış siyahıalmaya görə, SSRİ-nin əhalisinin əhəmiyyətli hissəsini islam dininə etiqad edənlər təşkil edib. İslam dini mənsubları sayına görə ölkədə ikinci yeri tutub. Həmin siyahıyaalmada 16 yaş və daha yuxarı 8,3 milyon sovet vətəndaşı özünü “müsəlman” kimi göstərmişdi. Bu isə SSRİ-nin 16 yaşdan yuxarı əhalsinin 8,4 faizi idi.

İkinci dünya müharibəsindən sonra SSRİ-də dörd rəsmi müsəlman ruhani idarəsi olub. Onlar bir-birindən asılı deyildilər və coğrafi prinsip əsasında yaradılmışdılar.

Bunlar  Orta Asiya müsəlmanlarının Ruhani İdarəsi, Şimali Qafqaz müsəlmanlarının Ruhani İdarəsi, SSRİ-nin Avropa hissəsi və Sibir müsəlmanları Ruhani İdarəsi və Zaqafaqziya Müsəlmanları Ruhani İdarəsi idi.

Daşkənddə yerləşən Orta Asiya Müsəlmanlarının Ruhani İdarəsi (SADUM) SSRİ-nin ən böyük qurumu olub. SADUM sovet zamanında xaricilər üçün “sovet islamı vitrini” rolunu oynayıb.

80-ci illərin sonundan başlayaraq SSRİ-nin rəsmi qeydə alınmış müsəlman ruhani qurumları dağılmağa başladı. SSRİ-nin dörd müsəlman ruhani idarəsinin ikisi 1989-91-ci illərdə suqut etdi.

1989-cu ilin fevralında Orta Asiya Müsəlmanlarının Ruhani İdarəsi (SADUM) Qırğızstan, Qazaxstan, Türkmənistan, Tacikstan və Özbəkistan olmaqla beş müstəqil müfti qurumuna parçalandı.  1989-cu ildə həmçinin Şimali Qafqaz müsəlmanlarının Ruhani İdarəsi dağıldı. İdarə iki muftiliyə – Kabardin-Balkar və Çeçen-İnquş muftiliyinə bölündü. 1991-ci ildə üçüncü idarə – SSRİ-nin Avropa hissəsi və Sibir müsəlmanlarının Ruhani İdarəsi fəaliyyətini dayandırdı.

Yalnız Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi (QMRİ) öz sədri Allahşükür Paşazadənin şəxsi nufuzu hesabına dağılmaqdan xilas ola bildi. Məhz QMİ sədrinin ictimai fəaliyyəti bunun bazisi oldu. Allahşükür Paşazadə müsəlman liderləri içərisində sovet hökumətinə qarşı çıxan ilk din xadimi oldu. O, Bakıda 20 yanvar qırğınına görə sovet rəhbərini lənətlədi və SSRİ Ali Sovetinin deputat mandatından imtina etdi.

Azərbaycanın müstəqilliyi uğrunda gedən hərəkata dəstək verən QMİ –nin sədri ölkənin taleyüklü məsələlərində atdığı cəsarətli addımları ilə idarənin ictimai etimadını yaradaraq onu region müsəlmanları üçün mayaka çevirdi.

Qafqaz Müsəlmanları İdarəsi öz mövcudluğunu saxlamaqla Azərbaycanda dini zəmində parçalanma təhlükəsinin qarşısını aldı, məzhəblərdən siyasi məqsədlə istifadə etməyə cəhd edən xarici qüvvələrin arzusunu gözündə qoydu. Azərbaycan xalqının vahid islami mövqedə birləşdirilməsində QMİ-nin mühüm rolu danılmazdır. Gənc Azərbaycan Respublikasını dini təcrübələrin laboratoriyasına çevirməyə cəhd edən xarici güclərə qarşı dövlətlə əl-ələ verərək duran QMİ çağdaş siyasi tarixmizdə unikal yer tutdu.

Şeyxülislam Allahşükür Paşazadənin sayəsində Azərbaycan 80-ci illərdən başlayaraq islam dünyasının əlaqələndirmə mərkəzinə çevrilib. Hələ SSRİ dövründə- 1986-cı ildə Bakıda keçirilən “Dünya müsəlmanları sülh uğrunda” beynəlxalq konfransına dünyanın 30 ölkəsindən 600 nümayəndə gəlmişdi.  Bu konfrans Bakını dünya müsəlman liderlərinin yeni görüş mərkəzi kimi təqdim etdi. Məhz bu konfransda Əfqanıstanla bağlı səslənən bəyanat Qərb ölkələrində ciddi rezonans verdi və İslam Konfransı Təşkilatının (indiki İslam Əməkdaşlıq Təşkilatı)  Baş katibinin Sovet İttifaqına səfəri üçün vəsilə oldu.

Tarixi proses sonradan elə gətirdi ki, müstəqil Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyü məhz QMİ sədri A.Paşazadənin bilavasitə təşəbbüsü ilə baş tutdu.

QMİ Azərbaycanda dini harmoniyanı qoruyan mötəbər qurum olaraq özünün nufuzunu bütün bölgə üzrə təsdiq edə bilib. SSRİ-nin son illərində parçalanmış vəziyyətdə olan Şimali Qafqaz müsəlmanlarının dini rəhbərləri vahid koordinasiya kimi məhz QMİ –ni seçdilər. 1992-ci ildə Şeyxülislam Allahşükür Paşazadə Qroznı şəhərində Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıgeyin din xadimləri tərəfindən yekdilliklə Qafqaz Xalqları Ali Dini Şurasının sədri vəzifəsinə seçildi. Bu status QMİ-nin bölgənin nufuzlu qurumu olaraq avansəhnəyə çıxartdı. 90-cı illərdə Şimali Qafqazın Çeçenistanla bağlı üzləşdiyi ağır siyasi-hərbi böhran zamanı QMİ sədri Allahşükür Paşazadə bölgənin dini rəhbəri kimi önə çıxaraq xalqa qarşı silahlı həmlələrin dərhal dayandırlması barədə bəyanat verdi. Şeyxülislamın Rusiya Prezidenti Yeltsinə ünvanladığı, çeçen xalqına qarşı soyqırımın dayandırılmasını tələb edən sərt müraciəti regionda böyük rezonans doğurdu.

A.Paşazadə Şimali Qafqaz dini cameəsi ilə bu münasibətləri Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün mühüm platforma yaradıb.

QMİ həmçinin öz dönməz mövqeyi ilə müsəlman dünyasında seçilir və islam həmrəyliyi prinsiplərini təbliğ edir. Məzhəb fərqindən asılı olmayaraq müsəlman birliyinin tərəfdarı kimi çıxış edən Şeyxülislam A.Paşazadə Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin ardıcıl təbliğatçısıdır.

QMİ Azərbaycanda səmavi dinlərin vahid flaqmanı kimi çıxış edərək çoxkonfessiyalı ölkəmizdə onların uğurlu əməkdaşlıq nümunəsini ortaya qoyub. Fərqli dini baxışlara malik olan bu konfessiyalar Azərbaycanın tolerantlıq portretinin nümayişinə çevrilib.

Qafqaz Müsəlmanları İdarəsinin xristian dünyası ilə əlaqələrinin xüsusi tarixi var. Barış və əməkdaşlıq tezislərini daim açıqlayan A.Paşazadə öz fəaliyyəti ilə xristian ruhani liderləri arasında hörmət qazana bilib.

QMİ Azərbaycanın müsəlman və xristian dini dünyası ilə beynəlxalq əlaqələrinin qurulmasında mühüm rıçaqdır. Qurum bu münasibətlərin koordinasiyası üçün dövlətə öz töhfələrini verir.

Bütövlükdə götürdükdə QMİ Azərbaycanın ictimai həyatında birləşdirici rol oynamaqla bölgədə sabitliyin və təhlükəsizliyin qorunmasında vacib qurum hesab olunur. Bu “qalxan” Azərbaycana yönəlik müxtəlif maraqların qarşısında möhkəm dayanır və dövlət siyasətinin müdafiəsi üçün mühüm platforma kimi çıxış edir.

Bütün bunların fundamental əsasının qoyulmasında və bu günkü təsir faktoru kimi çxış etməsində Şeyxülislam Allahşükür Paşazadənin rolu danılmazdır.

QMİ-yə qarşı vaxtaşırı olan belə hucumlar məhz bu dairələrin maraqlarından qaynaqlanır. Əslində bu hucumlar tolerant və sabit Azərbaycan cəmiyyətini “silkələmək” niyyəti daşıyır. Belə uzağa gedən cəhdlər isə dövlətimizin təhlükəsizliyini təhdid edən çağırışlar hesab edilir.

Emin ABBASOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Beyrtuda hökumət əleyihnə kütləvi nümayişlər başlayıb –

Sonrakı məqalə

“Yuventus” yeni baş məşqçisini açıqlayıb