“Qorbaçov məsuliyyətə cəlb edilsin, yeni istintaq komissiyası yaradılsın!” –Allahşükür Paşazadə 20 Yanvarla bağlı BƏYANAT verdi

“Biz  20 Yanvar faciəsini geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin, başda Mixail Qorbaçov olmaqla, ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxarılmasını tələb edirik”.

Azpost.info bildirir ki, bu sözləri  yanvarın 16-da Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı tədbirdə çıxışı zamanı Şeyxulislam Allahşükür Paşazadə bəyan edib.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, elm və din xadimləri iştirak ediblər.

Şəhidlərin ruhuna dualar oxunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb:  “Bu gün müstəqil Azərbaycan dövlətçilyinin bərpası uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin mübarək ruhlarını yad edirik. Bu, bir millət olaraq şəhid olmuş dəyərli həmvətənlərimizin müqəddəs ruhu, unudulmaz xatirəsi  qarşısında borcumuzdur.  Bu, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və imansız bir imperiyanın dağılması uğrunda mübarizənin ilk qurbanlarına – 20 Yanvar şəhidlərinə, Xocalı soyqırımı və Qarabağ müharibəsi şəhidlərinə, Allah-Təala nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalanlara sonsuz ehtiramımızdır”-deyə QMİ sədri bildirib.

Onun sözlərinə görə,  20 Yanvar bir tərəfdən xalqımızın sinəsinə çəkilən çalın-çarpaz dağ olsa da, digər tərəfdən onun mübarizə ruhunun, azadlıq istəyinin əbədiliyini bir daha sübuta yetirdi: “Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. 1990-cı ilin 20 yanvarında baş verən hadisələr, əslində,“Böyük Ermənistan” xülyası ilə yaşayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərinin xalqımıza qarşı öncədən hazırlanmış planı idi. Heydər Əliyevin SSRİ dövlətinin yüksək mənsəbli liderlərindən olması, Siyasi Büro üzvü seçilməsi, nüfuzunun yenilməzliyi Moskvanın erməni lobbisini narahat edir, Qorbaçov və ətrafını qıcıqlandırırdı. Onlar hələ 1987-ci ildə xalqımızın böyük oğlu Heydər Əliyevi Siyasi Büro üzvlüyündən kənarlaşdırarkən Azərbaycanı başsız qoymaq, yenilməz nüfuza malik rəhbərdən məhrum etmək niyyətindəydilər”.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları fövqəladə vəziyyət elan etmədən Bakıya daxil olaraq öz vətəndaşlarına – qocalara, qadınlara, uşaqlara, azərbaycanlılara, ruslara, yəhudilərə, bir sözlə dinc əhaliyə qanlı divan tutduğunu deyən A.Paşazadə Sovet Ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsinin xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət olunduğunu deyib: “Bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı”.

Şeyxulislam qeyd edib ki, dövlətin bütün siyasi və inzibati orqanlarının iflic vəziyyətinə düşdüyü bir dövrdə xalq və dövlət arasında dəhşətli bir uçurum əmələ gəlmişdi. Dövlətə və allahsız kommunist ideologiyasına inamını itirən Azərbaycan xalqı bu məqamda kimə müraciət edəcəyini bilmirdi. Digər tərəfdən, mərkəz vəziyyətdən istifadə edərək baş verənləri milli və dini münaqişə kimi qələmə verməyə çalışır, xalqımızın istibdada qarşı mübarizəsini dünya ictimaiyyətinə  İslam fundamentalizmi,  ekstremizm kimi təqdim edirdi:  “Həmin günlərdə ölkədə çalışan, fəaliyyət göstərən, təcavüzkarlara sinə gərən, minlərlə faciə qurbanlarının, milyonlarla vətəndaşın yeganə ümid yeri – Qafqaz Müsəlmanları İdarəsi idi. Qafqaz Müsəlmanları İdarəsi hadisələrin ilk dəqiqəsindən qərargaha çevrildi; yanvarın 22-də şəhidlərin misli görünməmiş dəfn mərasiminin təşkilati rəhbərliyi, yaralılara dərman və maddi yardım göstərilməsi, şəhid ailələrinə ərzaq  paylanması, 40 gün ərzində təmənnasız dini xidmətin təşkili, din xadimlərimizin nümayiş etdirdiyi mərdlik və fədakarlıq  –  bunlar bizim fəaliyyətimizin yalnız  görünən tərəfiydi. Əslində o məqamda İdarə bütün şərəf və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına meydan oxudu, informasiya blokadasını yararaq baş verənləri dünyaya bəyan etdi və yalançı “qəhrəmanlardan” fərqli olaraq xalqa həqiqi mənəvi dəstək oldu. Əgər o zaman  keçmiş SSRİ rəhbərliyinin siyasi avantüralarına aldanıb hakimiyyət təklifləri qəbul edilsəydi,  sonra xalqımızın, dövlətimizin başına nə müsibətlər gələcəyini təsəvvür etmək belə çətindir. Və nəhayət, əgər o faciəli dünənimizdə Heydər Əliyevin bizə və xalqımıza mənəvi dəstəyi olmasaydı, bu günkü sabitliyi, əmin-amanlığı, xalq və dövlət birliyini görmək  bizə nəsib olmazdı”.

A.Paşazadənin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi o qanlı dönəmdə belə məsuliyyətin altına girib: “Fövqəladə vəziyyətin elan edilməsinə baxmayaraq yanvarın 21-də Təzəpir məscidinin həyətində minlərlə insanın iştirak etdiyi mitinq keçirildi. Şəhidlər üçün dəfn yerinin təyin olunması məsələsində hərbi komendaturanın ciddi narazılığına baxmayaraq, Dağüstü parkın seçilməsində israr olundu. Yanvarın 22-də tarixdə görünməmiş milyonluq izdihama başçılıq edərək dəfn mərasiminin önündə durduq və ilk dəfə olaraq allahsız sovet rejimini “mənfur imperiya” ifadəsi ilə lənətlədik. Dəfn prosesində bir nəfər belə hərbçinin iştirakına və müdaxiləsinə imkan verilmədi”.

QMİ sədri vurğulayıb ki, ölkədə bütün informasiya agentliklərinin nəzarətdə olduğu bir vaxtda böyük çətinliklə BMT-nin Baş katibliyinə, dünyanın dövlət başçılarına və dini rəhbərlərə, SSRİ Ali Sovetinin sədri sayılan Mixail Qorbaçova bəyanatımızı ünvanlaya biliblər: “İtaliyanın “Reppublika” qəzetinin müxbiri Entso Mauro ilə görüşüb Bakıda törədilən cinayətlər haqqında həqiqətləri o zamankı Roma Papası II İoann Pavelə çatdıra biliblər:  “Daha sonra, ilk günlərdə bir sıra rəsmi şəxslərin etirazına baxmayaraq, 20 Yanvar faciəsinin bütün qurbanlarının müqəddəs şəhid kimi tanınmasına və “şəhid” ifadəsinin qəbul edilməsinə nail olduq.  Bu mücadilədə bizim mənəvi dəstəyə, yol göstərən rəhbərə, zülməti işıqlandıran bir insana böyük ehtiyacımız vardı. Həmin günlərdə Qafqaz Müsəlmanları İdarəsinin ünvanına daxil olan ilk başsağlığı teleqramı Moskvadan, Ulu Öndərimiz mərhum Heydər Əliyevdən gəldi. Qəlbi daim xalqın taleyi ilə döyünən bu böyük insan baş verənləri Azərbaycan xalqına qarşı törədilmiş cəza tədbirləri kimi dəyərləndirirdi. Heydər Əliyev siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi”.

Şeyx bildirib ki, mərhum Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı dönəmində 20 Yanvar hadisələri siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi: “Bu 30 il ərzində elə bir il olmayıb ki biz dünya ictimaiyyətinə, parlamentlərə, hökümətlərə müraciət edərək Azərbaycan xalqına qarşı törədilmiş, günahsız insanların qətlinə fərman vermiş şəxslərin cinayətlərini ifşa etməyək, beynəlxalq müstəvidə onların cəzalarına qiymət verilməsində israr etməyək.  Biz bu gün də geniş və hərtərəfli araşdırmalar aparacaq yeni istintaq komissiyasının yaradılmasını, bu hadisələri törədənlərin, başda Qorbaçov olmaqla, ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını, beynəlxalq Haaqa məhkəməsinə çıxarılmasını tələb edirik”.

“Şəhidlik – böyük məktəbdir. Yüz illər keçsə də,  şəhidlər  hörmətlə anılacaq, 20 Yanvar faciəsi İslamın müqəddəs Aşura mərasimi kimi uca və əziz tutulacaqdır. Çünki, şəhidlik imanın ən yüksək zirvəsi, insan əxlaqının ən gözəl nümunəsidir.

Unutmayın ki, 20 Yanvar bizi müstəqilliyə, iqtisadi tərəqqiyə, milli və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Heç bir mübarizə qansız olmadığı kimi bizim də mücadiləmiz, təəssüf ki, qurbansız olmadı. Amma biz dözüm və fədakarlığımızla düşmənlərə meydan oxuduq. Şükrlər olsun ki, İlahinin bizə böyük lütfü sayəsində ölkəmizin siyasi rəhbərliyinə Heydər Əliyev kimi müdrik rəhbər və İlham Əliyev kimi nüfuzlu lider gəldi. Allahın köməyi ilə dövlətçiliyimizi və milli varlığımızı qoruyub saxladıq, yeni, daha gözəl bir Azərbaycan yaratdıq” -deyə QMİ sədri qeyd edib.

A.Paşazadənin sözlərinə görə, ölkənin ən çətin məqamlarında, iqtisadi böhranlar və ictimai gərginliklər dönəmində belə möhtərəm Prezidentimiz milli dəyərlərimizə, dindarlarımızın arzu və ehtiyaclarına həssaslıqla yanaşır. Yanvar faciəsində qətlə yetirilənlərin,  şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı ildə dövlət başçımızın fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edildi. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi.

“Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhidlərin xatirəsinə yüksək ehtiramını, şəhid ailələrinə yaxından diqqət və qayğısını, 20 Yanvarda sağlamlığını itirmiş şəxslərin və Qarabağ qazilərinin müalicəsinin təşkili istiqamətində misilsiz səylərini minnətdarlıqla qeyd edirik. İnanırıq ki, Allahın köməyi və Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ torpaqlarımızın qaytarılması uğrunda haqq mücadiləmizi qalib kimi başa vuracaq, dövlətimizin qüdrətini dünyaya bəyan edəcəyik, inşallah!”

Bütün Qafqazın şeyxi 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verərək onlara Allahdan rəhmət diləyib.

Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Dini Qurumlarla İz üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və başqaları çıxış edərək 20 Yanvar faciəsindən və xalqımızın azadlıq mübarizəsindən danışıblar. Bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə, ilk növbədə, milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.

Vurğulanıb ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda, tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanatı oxunub.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İş adamları Prezidentə müraciət edib –

Sonrakı məqalə

SSRİ-nin qanlı cinayətini radio ilə bütün dünyaya yayan naməlum Qəhrəman –