“QORDİ DÜYÜNÜ”NÜ KƏSƏN PREZİDENT –“STRATEJİ ZƏLZƏLƏ” YARADAN 44 GÜN

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta bu günlərdə keçirilmiş Bakı Humanitar Forumunda 44 günlük Vətən Müharibəsi barədə danışarkən bu müharibəni “regionda geostrateji zəlzələ” adlandırdı.

Cənab səfir haqlıdır.

Azərbaycan apardığı 44 günlük hərbi əməliyyatlarla Cənubi Qafqazın perspektivini dəyişdirdi və Bakını regionun əsas oyunçusuna çevirdi.

2020-ci ilin 27 sentyabrına qədər isə  Qarabağ münaqişəsi 30 illik ağır miras kimi Bakının ictimai-siyasi həyatının bütün məqamlarına hopmuşdu. Geopolitik güclərin Azərbaycana təklif etdiyi sülh ssenarilərinin hər bir səhifəsində bizdən bu işğalla barışaraq “təzə xanə”yə başlamaq və güzəştlər “paketinin” ağzını açmaq tələb olunurdu.

Dünyanın aparıcı mərkəzlərinin hər il hazırladığı təhlillərdə Cənubi Qafqazda böyük dövlətlərin maraqlarını təmin edəcək sülhün bağlanması və hazırkı status-kvonun saxlanması istənilirdi.

Məsələn, 2013-cü ildə ABŞ-ın Con Hopkins Universitetinin Transatlantik Təhqiqatlar Mərkəzinin hazırladığı “Azərbaycanın təhlükəsizliyi və ABŞ-ın maraqları” adlı geniş təhlilinin tezislərini son 25 ildə Qarabağ münaqişəsinin həlli üçün edilən təkliflərin ümumi formulası saymaq olar.

Mərkəz bir az ötkəm tonu ilə seçilən bu təhlilində Azərbaycanın öz torpaqlarının hərb yolu ilə azad etməsinin qəti əleyhinə çıxaraq qeyd edir ki, “Bakı münaqişənin dinc yolla həllinə can atmalıdır”. Məruzədə hətta “peyğəmbərlik” edərək yazıblar ki, “əgər müharibə başlasa Azərbaycan məğlub olacaq və bu dövlət Avropaya enerji nəql edən ölkə kimi  imkanlarını itirəcək”.

Daha sonra təhlildə vurğulanır ki, Azərbaycanın müdafiə sahəsinə qoyduğu böyük sərmayələrinə baxmayaraq onun gücü Ermənistanla bərabər deyil.

Nə üçün bu təhlildən sitat verdim?

Müharibədən əvvəl hər il dünyanın ən müxtəlif təhqiqat institutlarının hazırladığı belə təhlillərin əsas motivi Azərbaycanı sülhə məcbur etmə idi.

“Azərbaycan müharibə edə bilməz!”, “Münaqişə ancaq dinc yolla, qarşılıqlı güzəştlərlə həll olunmalıdır!” kimi mövqe dolayısı ilə Ermənistanın hərbi teatrda qalib mövqeyinin qorunmasına və Bakını kompromislər girdabına salmaq niyyətini ifadə edirdi.

ATƏT-in Minsk Qrupunun bu illər ərzində fəaliyyəti isə bu təhlil “mətbəxlərində” hazırlanan “sülh respetlərini” danışıqlar stoluna daşımaq və faydasız müzakirələri təşkil etmək idi.

Minsk Qrupu bu 30 ildə Qarabağ münaqişəsinin tarixini və siyasi kökünü, onun Azərbaycan dövlətçiliyinin formalaşmasında oynadığı sütün rolunu anlaya bilmədi.

Ermənistan isə bütün bu bəyanatların və “status müzakirələri”nin geopolitik xülyasında üzərək özünün “strateji əvəzedilməziyinə” əmin idi.

Azərbaycan cəmiyyəti son 28 ildə Qarabağda uğradığı döyüş məğlubiyyətinin acı yükünü çiynində daşımaqla əsəbi və bir az da naümid şəkildə yaşayırdı. Bu illərdə TV-dən izlədiyi ənənəvi siyasi bəyanatlar, Minsk Qrupunun “növbətçi” açıqlamaları Qarabağ dərdinin məlhəminə çevrilə bilmirdi.

İlboyu ölkəyə səpələnmiş məcburi köçkünlərin sosial problemlərinin həllinə başı qarışan qurumların fəaliyyəti də qüssəli təəssürat yaradırdı: Baş vermiş işğal tarixi uzaqlaşdıqca onun yerini sanki sosial,maddi problemlərin həlli üçün çarpışmalar tuturdu.

Güzəşti rədd edən Prezident

Prezident İlham Əliyevin ilk gündən Qarabağ münaqişəsində tutduğu prinsipial mövqe beynəlxalq güclərin ehtiyatlı və şübhəli baxışları ilə müşayiət olunurdu.

Prezident açıq və qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünün heç bir halda pozulmasına yol verməyəcəyini bəyan edirdi. Onun son 17 ildə apardığı danışıqlarda ana xətti bu oldu.

Bütün resursların ana Vətənin işğal altında qalan ərazilərinin azad olunmasına yönəldən dövlət başçısının bu qətiyyəti əcnəbi  təhlil mərkəzlərinin əndərəbadi “sülh reseptləri” müəlliflərinin çaşdırır və qorxudurdu.

27 sentyabrda cəbhədə açılan top atəşləri “sülh reseptləri”nin şirin arzusunda yatan bu düzəni darmadağın etdi.

Azərbaycan Ordusunun bir-birinin arxasınca əldə etdiyi qələbələr son nəticədə 27 il işğal altında qalmış rayonların, Dağlıq Qarabağdakı ərazilərin və ən nəhayət Azərbaycanın mədəni yaddaşı sayılan Şuşanın azad olunması ilə nəticələndi. Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibə dünya hərb tarixinə “21-ci əsrin müharibəsi” kimi düşdü, beynəlxalq beyin mərkəzlərinin araşdırma təhlillərinin prioritetinə çevrildi.

Azərbaycan müharibədə nələri əldə etdi?

Ən vacib məqam Azərbaycanın  30 il əvvəlki sərhədlərini bərpa etməsi oldu. SSRİ-nin qanlı mirası kimi bizə ötürülmüş Qarabağ münaqişəsinin başlanması ilə pozulan bu sərhədlər “genişlənən qara dəlik” kimi ölkənin 20 faizinin itirilməsinə səbəb olmuşdu. Kəlbəcər, Qubadlı, Laçın, Cəbrayıl, Zəngilanın işğalı ilə düşmən əlində qalan, Dağlıq Qarabağla Ermənistanın sərbəst əlaqəsini yaradan açıq sərhədimiz ölkənin inzibati xəritəsini tamamlamağa imkan vermirdi. 1991-ci ildə, SSRİ-nin ümumi “evində” oturan respublikamız müstəqilliyini yarımçıq sərhədlərlə bəyan etməyə məcbur olmuşdu.

İndi Laçında, Kəlbəcərdə, Qubadlıda qoyulan Azərbaycan dövlət sərhədinin postları ermənilər üçün “soyuq duş” effektinə çevrilməklə düşmənin xəyal dünyasını dağıdır. Buna qədər Dağlıq Qarabağ separatçıları üçün Azərbaycan hardasa Bərdə, Tərtərdən o tərəfdən başlanırdı. İndi səhər gözünü açıb hasarın o üzündə Azərbaycan əsgərinin durduğunu görən düşmən üçün seçim etmək anı da yaxınlaşacaq.

Şuşanın azad edilməsi müharibənin tarixində hamı üçün ən gözlənilməz hadisə oldu. Şuşa bu illər ərzində Azərbaycanın mənəvi həyatında, dünyagörüşündə və münaqişəyə baxışında məhək daşı idi. 1992-ci ilin mayında şəhərin itirilməsi azərbaycanlılarda şok yaratmışdı. Bu işğal xalqın ürəyinə dəyən “mənəvi güllə” idi. Azərbaycan mədəniyyətinin unikal nümayəndələrinin doğulduğu, tariximizin ən parlaq qəhrəmanlıq səhifələrində yer almış Şuşanın düşmən əlində qalması əzab yükünə, mənəvi deformasiyaya çevrilmişdi.

Vətən müharibəsi Azərbaycan vətəndaşlarının vahidiyinin indikatoruna çevrildi. Tarixdə çox nadir rast gəlinən belə birlik dünyanı da heyrətə saldı. Qərbin bəzi dairələrinin 44 günlük müharibədə siyasi qüvvələrin hakimiyyətlə münasibətlərində böhran yaranacağına olan inamı da alt-üst oldu. “Qarabağ sizin üçün milli ləyaqət demək imiş…Belə birlik gözləmirdik”- bu sözləri Avropanın siyasi dairələrinin nümayəndələrindən biri təəccüblə Azərbaycanın müxalifətdə olan siyasətçisinə etiraf etmişdi.

Müharibə cəmiyyəti 27 ildən bəri sarmış məğlubiyət sindromunu darmadağın etdi. Bu illərdə TV-lərdən boylanan məzlum insanların ürəyi parça-parça edən görüntüləri, başını itirmiş siyasilərin bağırtıları, məğlubiyyətin dəhşətini duyan, pərakəndə halda kameraya qışqıran, söyən hərbiçilərin, Xocalıda körpə cənazələrinə ağlayanların kadrları məğlubiyyətin qüssəli portretinə çevrilmişdi. Qaşqabaqla gəzən, doğma yurd həsrətindən havalanan, dünyasını dəyişən, ümidini itirənlərin təsəllisi özləri ilə gətirdikləri evlərinin paslı açarları, yas mərasimlərində bir-birilərinə dəstəyi və keçmişdə qoyub gəldikləri xoş günlərin yaddaşı idi.

44 günlük müharibə Azərbaycan cəmiyyətini silkələyib ayıltdı. Qədim nağıllarda olduğu kimi dizləri yarıya qədər torpağa batan nəhəng oyandı. Qələbə badəsi onun dirilik suyu oldu. Prezident İlham Əliyevin xalqa müraciətinə göz yaşları ilə baxan xalq hər qələbə xəbərindən sonra öz qüdrətinin şahidinə çevrilirdi. Məğlubiyyət ağrısı yerini qalibiyyət havasına verdi.

Qələbə dövlət üçün çox vacib element olan vətəndaş əminliyini möhkəmləndirdi. Azərbaycan xalqının bütün təbəqələrinin bir nöqtəyə vurması vətənin sabahı üçün görüləcək işlər üçün unikal şans yaradıb.

Qarabağda qalibiyyətli müharibə ölkəmizin beynəlxaq münasibətlərdə yerini möhkəmlətdi, yeni faktorlarını ortaya qoydu. Şərti diqtə edən tərəfə çevrilən Bakı artıq hərbi qarşıdurma kimi mövcudluğunu itirmiş münaqişənin həlli üçün yeni siyasi çağırışlara hazır olan, onun gündəliyini müəyyən edən, formalaşdıran bir dövlətə çevrilib.

Azərbaycanın Müzəffər Ordusu bu müharibənin favoriti olmaqla əsgəri şücaətləri ilə parlaq tarix yazdı. Əsgərimizə güvən, Ali Baş Komandan İlham Əliyevə etimad, orduya inam ölkəmizin siyasi üfüqlərində yeni səhifələr açır.

Müharibə Azərbaycanın dünyada dostlarını da ortaya qoydu. Maraqlar mübarizəsinin qanlı çarpışmaları cövlan edən zəmandə haqlı mübarizənə dəstək almaq və sona qədər buna sadiq olmaq bu dostların aktivinə yazıldı.

Müharibə Ermənistan dövlətinin 100 illik siyasi ideyasını darmadağın etdi, “miatsum” məsləkini havaya sovurdu.

Azərbaycan Ermənistanı məğlub etdikdən sonra illərlə Dağlıq Qarabağ münaqişəsinin arxasında gizlənən geopolitik güclərin pərdəsi yırtıldı.

Ölkəmizə çox ciddi təhdid yaradan və geostrateji bazarlığa imkan verən müharibə təhlükəsi  daha yoxdur. İndi bütün siyasi, iqtisadi, maliyyə müzakirələrini Bakı ilə açıq-aşkar aparmaq lazım gələcək.

44 günlük müharibə ilə Azərbaycanda 1992-cildən 2020-ci ilə qədər mövcud olmuş siyasi-ictimai-mənəvi platforma öz mövcudluğunu itirdi.

…2000-ci ilin may ayının 10-da Prezident Sarayında prezident Heydər Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edirdi. Gözəl may günündə, yaxşı əhvalda olan Prezident həmsədrlərin diplomatik ifadələrlə zəngin növbəti çıxışını dinləyirdi. Görüş zamanı ABŞ-ın Minsk Qrupundakı həmsədri Kerri Kavano Heydər Əliyevə qəribə bir hədiyyə verdi.

“Mister Prezident, bunu sizin ad gününüzə hədiyyə gətirmişəm”-deyən amerikalı əlindəki daş parçasını dövlət başçısına uzatdı. 77 yaşını qeyd edən Heydər Əliyev Kavanonun əlində tutduğu hədiyyəni aldı, diqqətlə baxdı. Qarabağa növbəti monitorinqdən qayıdan amerikalı həmsədr Heydər Əliyevə işğal altında olan Ağdam məscidindən qopartdığı daş parçasını hədiyyə gətirmişdi.

Prezident o zaman daş parçasına baxıb qəhərlənmişdi.

Bu görüşdən 20 ildən sonra -2020-ci ildə Prezident İlham Əliyev  işğaldan azad olunmuş Ağdam məscidinin qarşısında çıxış edərkən Kerri Kavanonun illər əvvəl divardan qopardığı daşın yeri bəlkə hələ də dururdu.

Amma indi daş dövrü artıq bitmişdi.

Yeni Azərbaycan doğulmuşdu. Sabahına inan, zəfərdən güc alan, dövlətinə güvənən və sabahına ümid edən ölkənin vətəndaşları ilə birgə…

Qalib ordunun zəfər qazanmış Ali Baş Komandanı məscidin müqəddəs daşını öpüb qələbə duasını oxuyurdu.

Bu 44 günlük müharibənin aparıcı lideri olan prezident İlham Əliyev zəfər möhürünü vuran ali baş komandan kimi tarixə düşdü.

“Qordi düyünü”nü kəsən prezident İlham Əliyev bununla da pərakəndə halda olan Qarabağ elinin dirilişi, Azərbaycanın tarixi-siyasi -mədəni yaddaşının bərpası və cəmiyyətin gözləntisində olduğu yeni prioritetlər üçün unikal imkan yaratdı.

Bunu həyata keçirmək üçün qarşıda böyük işlər durur…

Xaqani SƏFƏROĞLU

Azpost.info

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Şuşada VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb

Sonrakı məqalə

Prezident Zəfər Günü münasibətilə paylaşım edib