Qubad İbadoğlu bahalıqdan danışdı:

“Bir ayda ailəmə Amerikada xərclədiyim qədər pul xərclədim”
07 Sentyabr 2019 - 18:17

 Sentyabrın 1-dən Azərbaycanda orta əmək haqlarının artımı bu günlər iqtisadçılar vəşahidəçilərin gündəmində olan əsas məsələlərdən biridir.

Azpost.info bildirir ki, Demokratiya və Rifah Hərəkatının sədri, ABŞ-ın Rutgers universitetinin professoru, iqtisadçı alim Qubad İbadoğlu “Amerikanın Səsi”nin Amerika icmalı proqramında müsahibəsində əmək haqları artırımlarının bazara təsirlərini şərh edib və Azərbaycana səfərindən sonra ölkədə sosial-iqtisadi durumla bağlı müşahidələri ilə bölüşüb.

Onun sözlərinə görə, Azərbaycanda orta aylıq əmək haqqının aşağı olması, Azərbaycanın MDB ölkələri arasında “outsayderlər” siyahısında, sırasında yer almasının əsas səbəblərindən biri uzun müddət xüsusilə də büdcədən maliyyələşən təhsil və səhiyyə sferasında əmək haqlarının artımının cüzi olaraq həyata keçirilməsidir:

“Bilirsinizmi, Azərbaycanda bir ifadə var. Deyirlər ki, `həkimi, müəllimi xalq dolandırar və indiyə qədər də həkimə, müəllimə, dövlət müəssisələrində çalışanları nəzərdə tuturam, yüksək əmək haqları ödənməyib. Hətta nəinki yüksək əmək haqları, həkimlərim, müəllimlərin əmək haqları orta aylıq nominal əmək haqqından aşağıdır. Azərbaycanda hal-hazırda orta aylıq nominal əmək haqqı 593 manatdırsa, həkimlərin əmək haqları orta aylıq əmək haqqından təxminən üç dəfə, müəllimlərin əmək haqqı isə 1,5-2 dəfə aşağıdır…”.

Q.İbadoğlunun sözlərinə görə, belə olan halda həkimlər də, müəllimlər də hətta rüşvət alanda da, müəyyən əlavə qeyri-rəsmi vəsaitlər götürəndə də özünü sosial baxımdan haqlı hesab ediblər: “Həmişə deyiblər ki, `bizdə əmək haqqı aşağıdır`. Ona görə həkim yanına xəstə gəlirsə, ödəniş ediyib və yaxud da müəllim başlayıb dərsdən sonra `repetirorluq`la məşğul olsun ki, əlavə vəsait qazansın. Və uzun müddət heç onlar da öz əmək haqları barəsində haqda düşünməyiblər. Çünki əsas dolanışıq mənbəyi rəsmi ödənən əmək haqqı olmayıb. Çox təəssüflər olsun ki, Azərbaycan dövləti də, Azərbaycan hökumətinin də məsələdə tutduğu mövqe son nəticədə Azərbaycanın orta aylıq əmək haqqı göstəricisinə görə, digər ölkələrlə müqayisədə geridə qalmasını şərtləndirib. Vəşünürəm ki, indiki halda minimum əmək haqqının artırılması, hüquq-mühafizə orqanlarında, prokurorluqda, məhkəmədə və diaqnostikadan keçən təhsil müəssisələrində əmək haqlarının 20 faizdən 40 faizə qədər artırılması təqdirəlayiqdir və həqiqətən də bu, çoxdan həyata keçirilməli idi və belə əmək haqqı artırımları müntəzəm xarakter almalı idi.”

 

Qubad İbadoğlu orta əmək haqlarının artımının əmək bazarında proseslərə və işçi qüvvəsinin rəqabət qabiliyyətinin artımına ikili təsirləri ola biləcəyini deyib. O, müsbət təsirlərdən danışaraq, əmək haqqı səviyyəsinin yüksək olmasının məhsuldarlığın artırılmasına xidmət edəcəyinə inandığını bildirib. Lakin o, eyni zamanda, ölkədən işçi qüvvəsi axını və ya özəl şirkətlərin minimum əmək haqqını artırmaq üçün ixtisarlar keçirə biləcəyi ilə bağlı narahatlığını ifadə edib. Onun fikrincə, ilk növbədə mənfi təsirlərin önə çıxacağını gözləmək mümkündür, belə ki, “özəl bölmə çox ciddi seçim qarşısında qalır”.

“Birmənalı şəkildə demək olmaz ki, bu təsir müsbət olacaq və hesab edirəm ki, birinci növbədə, neqativ təsirlərdən danışmaq olar. Çünki daha çox təəssüflər olsun ki, mənfi təsirlər önə çıxacaq. Bilirsinizmi nəyə görə? Çünki il ərzində minimum əmək haqqı iki dəfə artıma məruz qalıb. Bir dəfə 130 manatdan 180 manata, ikinci dəfə isə 180 manatda 250 manata qədər artırılııb. Artıq sentyabr ayında minimum əmək haqqı səviyyəsini yanvar ayı ilə müqayisə edəndə bəlli olurdu ki, Azərbaycanda minimum əmək haqqı təxminən iki dəfə qaldırılıb. Minimum əmək haqqı o deməkdir ki, istənilən işçiyə verilən əmək haqqı bundan yüksək olmalıdır. Yəni 251 manat olmalıdır. Və bu, heç də özəl bölmə üçün arzuolunan deyil. Çünki özəl bölmə birdən-birə öz işçilərinin əmək haqlarını iki dəfə artırmaq imkanlarına malik olmaya bilər.”

Qubad İbadoğlu əmək haqlarının artırılması ilə dövlət tərəfindən ayrılan vəsaitin bazara daxil olması və qiymətlərin tənzimlənməsi prosesindən danışıb. O, Azərbaycan hökumətinin ilk növbədə, anti-inflasiya tədbirləri görməli olduğunu deyib: “Azərbaycan hökuməti anti-inflasiya tədbirləri istiqamətində ilk növbədə, istehlakçıların hüquqlarının müdafiəsi işini gücləndirməlidir, eyni zamanda, süni qiymət artımının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirməlidir. Və başqa bir təklifim ondan ibarətdir ki, gömrük orqanlarında idxal mallarının, qiymətin bahalaşmasının təsirini ölçmək və monitorinqini aparmaq üçün ayda bir dəfə idxal məhsullarının qiyməti, eyni zamanda, topdan və pərakəndə satış qiymətlərinin müqayisəli cədvəlini tərtib etməlidir ki, biz görək ki, bu prosesdə inhisarçıların rolu nədən ibarətdir. Ən vacib məsələlərdən biri bütövlükdə götürəndə, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsidir. Və bütün bunlarla yanaşı, eyni zamanda, düşünürəm ki, əmtəə bazarında məhsul bolluğunun yaradılması istiqamətində də hakimiyyət müəyyən addımlar atmalıdır. Xüsusilə də kənd təsərrüfatı məhsullarının daha ucuz və eyni zamanda, asan yolla bazara, ticarətçilərə çatdırılması kanalları barədə düşünməlidir.”

Hazırda ABŞ-ın Rutgers universitetində dərs deyən Qubad İbadoğlu bu yaxınlarda Azərbaycana səfərindən sonra ölkədə sosial-iqtisadi durumla bağlı müşahidələri ilə bölüşüb.

“Azərbaycanda yaşam şərtləri çətinləşib və pisləşib. Mənim ay yarım müddətində Azərbaycandakı ailə xərclərim Amerika Birləşmiş Ştatlarındakı ailə xərcləri ilə müqayisədə heç də böyük fərq etmədi. Azərbaycanda düzdür, başqa xərc istiqamətləri var. Bu xərc istiqamətləri arasında müəyyən tədbirlər var, toy var, yas mərasimləri var. Həqiqətən də orta azərbaycanlının xərcləri heç də Amerika Birləşmiş Ştatlarının mən demirəm bütün ştatlarında, amma orta səviyyəli xərci olan ştatlarında yaşayan amerikalıların xərclərindən geri qalmır və bu onu göstərir ki, Azərbaycan bahalı bir ölkəyə çevrilib. Gəlirlərlə bağlı ümumiyyətlə müqayisə aparmağa dəymir. Çünki Azərbaycanda gəlirlər çox aşağıdır o xərcləri ödəmək üçün. Lazımi qədər əmək haqqı və digər ödənişlər mövcud deyil. Bu baxımdan demək istəyirəm ki, yaşam şərtləri çətinləşib. İqtisadiyyatın ümumi durumuna gəlincə, Azərbaycan iqtisadiyyatında yenə də dövlətin müdaxiləsi, inzibati idarəçilik problemləri qalır. Təəssüflər olsun ki, bazar iqtisadiyyatına keçid istiqamətində lazımi addımlar hələ də atılmayıb. Və bu, reformalar tələb edir, yeni institutların yaranması, bazar institutları vasitəsilə. Bazarda tələb və təklifin tarazlaşdırılması istiqamətində hələ də mənim gözlədiyim qədər əhəmiyyətli işlər görülməyib. O cümlədən, Azərbaycan manatının taleyi hələ də şübhəli olaraq qalır. Çünki Azərbaycan manatı yenə də demək olar ki, məhz inzibati müdaxilələlərlə sabit məzənnə ilə uzun müddətdir ki saxlanıılır və burada da bazar qüvvələrinin iştirakı ilə hər hansı bir valyuta məzənnəsinin müəyyənləşdirilməsindən söhbət gedə bilməz və bu da o deməkdir ki, burada həm də dayanaqlı siyasətdən danışmaq olmaz. Bütün bunlar hamısı onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatının cari vəziyyəti, perspektiv vəziyyəti daha çox dünya bazarındakı neftin qiymətinin necə olacağından asılıdır. Əgər neft qiymətləri ucuzlaşarsa, bu, Azərbaycan iqtisadiyyatında ciddi şəkildə öz təsirlərini və izlərini buraxacaq və bu, gələcəkdə həm də müəyyən büdcə böhranının yaranmasına gətirib çıxara bilər. Danışğımız əmək haqları ilə bağlı da Azərbaycan büdcəsinin həm bu ilin son dörd ayında, həm də növbəti ilin bütövlükdə ehtiyacları artıb, yəni Azərbaycan büdcəsi daha çox sosial öhdəliklərlə yüklənib və bu da təbii ki, büdcəyə yeni gəlir mənbələrinin axtarılması, tapılması və bu xərclərin ödənilməsi üçün sabit daxilolmaların təmin edilməsini tələb edir. Bu baxımdan da mən hesab edirəm ki, neftin qiymətinin rolu çox əhəmiyyətlidir. Əgər neftin qiyməti indiki səviyyəsində qalarsa, problemdən çıxış görsənir, yox, ucuzlaşarsa, gələn il mənim proqnozlarıma görə, Azərbaycanda büdcə böhranı görsənir və büdcə böhranını da yaradan əsas səbəblərdən biri məhz büdcənin bu il start götürən sosial öhdəliklərlə daha çox yüklənməsi və büdcə kəsirinin gələn ildən daha da yüksəlməsi ilə əlaqədar olacaq.”