Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya yenidən formalaşdırılacaq.
Xatırladaq ki, adıçəkilən qurum 3 mart 2004-ci ildə yaradılıb və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir. Komissiyanın səlahiyyətləri isə Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli qanunu ilə təsdiq edilmiş Əsasnamə ilə müəyyən olunur. Komissiyanın rəhbəri Ramiz Mehdiyevdir.
Əli Hüseynlinin sözlərinə görə, Komissiya hakimiyyətin 3 qolunun nümayəndələrindən ibarətdir: İcra hakimiyyəti, məhkəmə və qanunverici orqan. Eyni zamanda qurumda parlamenti 5 nəfər təmsil edir. “Bilirəm ki, yenidən Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası formalaşdırılır. Hesab edirəm ki, indiki siyasi konfiqurasiyanı nəzərə alıb, orada həm də digər siyasi partiya nümayəndələrinin də təmsil olunması əhəmiyyətli olardı”, – Ə.Hüseynli deyib.
Vitse-spikerin dediklərindən belə məlum olur ki, Komissiyanın Əsasnaməsi, tərkibi və rəhbərliyi dəyişəcək. Bu zaman Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev bu postdan uzaqlaşdırılacaq və qurum yeni tərkibdə, yeni rəhbərliklə fəaliyyət göstərəcək. PA rəhbəri Samir Nuriyevin ona rəhbərlik edəcəyi ehtimalı yüksəkdir.
Xatırladaq ki, adıçəkilən qurum mövcud olsa da, faktiki fəaliyyətsiz olub. Ötən il Komissiyanın cəmi 2 iclası keçirilib, bu il isə ümumiyyətlə hər hansı toplantısı, bəyanatları olmayıb. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən genişmiqyasılı tədbirlərdə Komissiyanın səssiz qaması ən azından təəccüb doğurur. (Azpolitika.info)