Rusiya öz “NATO”-sunun qapılarını Bakının üzünə açır –

Moskvanın hədəfi və niyyəti nədir? (TƏHLİL)
24 May 2021 - 17:37
Moskva Bakının “rus ittifaq”ına qoşulması istəyini yenidən dilə gətirdi.
Lavrovun müavini Rudenko deyir ki, “Azərbaycanın KTMT-yə qoşulmasına mane ola biləcək yeganə məqam təşkilatın Nizamnaməsinin bəzi bəndləridir. Həmin bəndlər təşkilat üzvü olan ölkələr arasında diplomatik münasibətləri ehtiva edir. Azərbaycanla Ermənistan arasında isə hazırda belə münasibətlər yoxdur. Həmin münasibətlər yaranan kimi – bunun gec və ya tez baş verəcəyinə ümid edirik – məsələni praktiki səviyyəyə qaldırmaq olar”.
Açıqlamanın məğzində İrəvan və Bakıya ötürülən mesajlar var: İrəvana “sərhəd məsələsində KTMT-nin müdaxilə etməməyimizin səbəbi Azərbaycanı aramızda görmək istəyimizdir”, Bakıya “Ermənistanla münasibətlər qurulan kimi istəyimizi praktiki mərhələyə keçirəcəyik” deyirlər.
Rusiyanın sərhəd məsələsində tərəf olmamasının səbəbləri arasında “hakim” rolunu risk altına atmamaq, Bakı və Ankara ilə üz-üzə gəlməməklə yanaşı, Azərbaycanın “rus ittifaq”larına qoşulması istəyi də yer alır. Ruslar Paşinyanın KTMT-yə davamlı müraciətinə cavabın gecikdirilməsi və Putindən hərbi yardım istəyinin cavabsız qalması ilə Bakıya “prosesə müdaxilə etmədik, əvəzində sizin üçün açdığımız qapıdan keçin” mesajını verir.
Bu istəyin indi – Qarabağda razılaşmaların tam icra edilmədiyi və sərhədlə bağlı məsələnin davam etdiyi vaxtda gündəmə gətirilməsi təsadüfi deyil. Üçüncü qüvvələrin, xüsusilə ABŞ-ın bölgəyə müdaxiləsinin qarşısını almaq üçün üçtərəfli razılaşmaların icrasının sürətləndirilməsi xəttini tutan Rusiya Azərbaycan və Ermənistan sərhədlərinin demarkasiyası ilə bağlı yeni sənədin hazırlığında da “hakim” rolunda iştirak edir.
Prosesin başa çatmasından sonra Bakının gəlişi üçün KTMT qapıları açılacaq.
Və Rudenkonun dedikləri prosesin başlanğıcında Rusiyanın Azərbaycana şərtini öncədən irəli sürməsidir. Şübhəsiz ki, məsələ bağlı qapılar arxasında müzakirə edilir, lakin rusların bunu ictimaiyyətləşdirməsində iki məqsədi var.
Birincisi, Bakı “açdıqları qapıdan” keçmək istəməsə, Qarabağ və sərhəd məsələsinin həllində problemlərin yaranacağının mesajını verirlər;
İkincisi, Azərbaycan ictimaiyyətinə yaranacaq problemlərin günahkarı kimi rəsmi Bakını göstərmək istəyirlər;
Bakı KTMT-nin qapısından keçəcəkmi?
Cavabın mənfi olduğunu deməyə əsas verən birdən çox səbəb var:
1. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, bu baxımdan, heç bir hərbi ittifaqda yer almır;
2. Azərbaycan bölgədə “rus ittifaq”larına alternativ olacaq gücə çevrilən və bu ittifaqlardakı türkdilli ölkələri də öz orbiti ətrafında daha sıx birləşdirmək xəttini tutan Türk Şurasının həlledici oyunçusudur;
3. Azərbaycanın hərbi müttəfiqi olan Türkiyə “rus ittifaq”larının əks-qütbündə yer alan NATO ölkəsidir;
Rusiyanın Azərbaycanı tamamilə öz orbitində görmək istəyi, hətta təzyiqi yeni deyil. Rəsmi Bakı indiyə qədər Qarabağ məsələsinin həll edilmədiyini əsas gətirərək, həm bu istək-təzyiqi neytrallaşdırır, həm də “never say never” (“heç vaxt heç vaxt olmaz demə”) strategiyası ilə Moskvanı münaqişənin həllinə təşviq edirdi. 44 günlük müharibədən sonra rusların istəkləri qarşısında manevr imkanı daralıb.
İndi Bakının üç əsas istəyi var: Qarabağla bağlı üçtərəfli razılaşmaların bütün şərtləri icra edilməlidir; sərhədlərin demarkasiyası və delimitasiyası prosesi yekunlaşmalıdır; Azərbaycan-Ermənistan yekun sülh sazişi imzalanmalıdır;
Azərbaycan istədiyini alana qədər “never say never” strategiyası üzrə hərəkət edəcək, hərçənd, bunu proqnozlaşdıran rusların atacağı addımlara diqqət etməliyik:
1. Rusiya üçtərəfli razılaşmaların, o cümlədən, sərhədlə bağlı hazırlanan yeni sənədin icrası prosesini uzatmağa çalışacaq və bununla həm “hakim” rolunu, həm də Bakı üçün qapını açıq saxlayacaq.
2. Moskva Bakını qazanmaq üçün Ankara ilə anlaşmalı olduğunu anlayır, bu baxımdan, Türk Şurasına qoşulmaq istəklərinin yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Mümkündür ki, Rusiya Türk Şurasına qoşulmaq qarşılığında Azərbaycanın da KTMT-də ən azı müşahidəçi statusda yer almasını istəsin.
Bütün bunların fonunda Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü bizim istədiymizə uyğun olaraq, KTMT yolunu bağlayır. Bakı ruslara görə QH-dən imtina etməyəcək, o cümlədən, əsas enerjisini TŞ-nin güclənməsinə sərf edəcək. Və burada əsas niyyəti ortaya çıxaran sual yaranır:
– Bakının gəlməyəcəyini bilən ruslar niyə qapıları açır?
Cavab bəllidir, Rusiya üçtərəfli razılaşmaların, eləcə də sərhədlərlə bağlı yeni sənədin icrasını uzatmağa, Azərbaycan və Ermənistanın öz təsir zolağından uzaqlaşmasına maneələr yaratmağa, hətta yeni mübahisə zonaları, xüsusilə sərhədlərdə, yaratmağa çalışacaq.
KTMT istəyinin ictimaiyyətləşdirilməsi də atacağı addımları öz maraqları kontekstində əsaslandırmaqdır.
Baş verənlər bölgədə diplomatik mübarizənin daha da sərtləşəcəyini göstərir.
Asif Nərimanlı