Rusiya sərhədlərin demarkasiyası üçün Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılmasını təklif edib

19 May 2021 - 10:50

Rusiya Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası məsələsinin müzakirəsində vasitəçi ola bilər.

RİA Novosati agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Düşənbədə tacikistanlı həmkarı Sirociddin Muhriddinovla birgə mətbuat konfransında bildirib.

S. Lavrov qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri Ermənistanın xahişi ilə Azərbaycanla sərhəddə yaranmış vəziyyəti müzakirə ediblər.

“Biz dünən KTMT xarici işlər nazirlərinin qeyri-formal rejimdə işinə başlamışıq. Görüşün gedişində dünən axşam erməni həmkarlarımızın xahişinə baxılıb. Bu xahiş əsasında biz İrəvanla Bakı arasında münasibətlərə dair situasiyanı da müzakirə etdik”, – deyə o bildirib.

S. Lavrov qeyd edib ki, tərəflərlə ilkin razılaşmaya əsasən, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyası üçün yardımını təklif edib. Bu məqsədlə Moskva Ermənistan-Azərbaycan birgə komissiyasının yaradılması təşəbbüsü ilə çıxış edib, Rusiyanın komissiyanın işində vasitəçi və məsləhətçi qismində iştirak edə biləcəyini nəzərə çatdırıb.