“Rusiya sülhməramlılarının Ermənistanla əlaqələrini kəsmək lazımdır”-

Deputat Rasim Musabəyov
30 Noyabr 2020 - 17:01

“Ermənilər bir neçə saatdan sonra Laçını Azərbaycana təhvil verməlidir. Bunun o yan – bu yanı yoxdur. Ermənilər oranı tərk etməlidir və edəcəklər də. Düşünmürəm ki, Azərbaycan Ordusu ora daxil olsun. Çünki yol oradan keçir və bura rusiyalı sülhməramlıların nəzarətindədir. Ancaq sülhməramlıların olması orada ermənilərin qalması üçün heç bir əsas vermir”.

Bu fikirləri Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı suala cavabında deyib.

Rasim Musabəyov bildirib ki, Laçına 3 kilometr qalmış ərazidə Azərbaycanın hərbi mövqelərinin mövcudluğu faktiki rayonun bizim nəzarətimizdə olması deməkdir:

“Sözsüz ki, Azərbaycan Ordusu da, insanları da Laçın rayonuna qayıdır. Hətta sərhədçilərimiz sərhədə çıxacaq. O cümlədən də Kəlbəcərdə. Sadəcə, qaydaya görə, uzunluğu 6, eni 5 kilometr olmaqla dəhlizə Azərbaycan qoşunları daxil olmur. Öhdəlik bundan ibarətdir. Amma kimsə gəlib orada təxribat törətsə, atəş açsa, sözsüz ki, buna sülhməramlılar cavabdehlik daşıyacaq. Yəni erməni gəlib dəhlizdə təxribat törətməməlidir”.

Deputat əlavə edib ki, hazırda sülhməramlıların təchizatı Azərbaycanın ərazisindən keçir: “Düşünürəm ki, sülhməramlılarla ciddi əməkdaşlıq qurmalıyıq. Sülhməramlıların Ermənistana heç bir aidiyyəti yoxdur. Bura Azərbaycan əraziləridir. Onlar gəliblər ki, Azərbaycan ərazilərində ölkə vətəndaşlığını pozan, amma həm də yaşamaqda davam edən insanlarla bağlı məsələlərin Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində həllinə köməklik etsinlər. Bu məsələlərin də Ermənistana aidiyyəti yoxdur. Mənə elə gəlir ki, sülhməramlıların Ermənistanla əlaqələrini kəsmək lazımdır”.