Rusiya Ukraynada orta məktəbi İran PUA-ları ilə vurub –Ölənlər və yaralananlar var

Rusiya aviasiyasının hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Romnı şəhərində məktəb binası dağıdılıb, ölənlər və yaralananlar var.

Bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Telegram”da bildirib.

“Sumı vilayətinin Romnı şəhərində ruslar məktəb binasını dağıdıb və 2 təhsil işçisini öldürüblər. Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri onların cəsədlərinin dağıntılar altından çıxarıb. Daha 3 nəfər yaralanıb”, – nazir paylaşımında bildirib.

Onun sözlərinə görə, məktəbin daha iki əməkdaşının dağıntılar altında qalması barədə məlumat var. Klimenko qeyd edib ki, axtarış-xilasetmə əməliyyatı davam edir.

Qeyd edək ki, bu gün Sumı vilayətinin hərbi administrasiyası məlumat yayıb ki, saat 10:05-də Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatı Romnı şəhərində təhsil müəssisəsini vurub.

Əvvəlki məqalə

“Rusiya iqtisadiyyatı sürətli inflyasiya təhlükəsi ilə üz-üzədir”

Sonrakı məqalə

Rusiyada dövlət qulluğuna işçiləri süni intellekt seçəcək