Rusiya XİN başçısı:“Gürcüstanla diplomatik münasibətlərin dayandırılmasının təşəbbüskarı biz olmamışıq”

“Diplomatik münasibətlərin dayandırılmasının təşəbbüskarı biz olmamışıq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov A. N. Qorçakov adına İctimai Diplomatiya Fondunun nümayəndələri ilə video-konfransda deyib.

Rusiyalı nazir Gürcüstanla ölkəsi arasında maraqlar seksiyası səfirliyinin olduğunu xatırladıb: “Tbilisidə Rusiyanın maraqları seksiyasını İsveçrə səfirliyi, eyni ilə Moskvada Gürcüstanın maraqlar seksiyasını yenə İsveçrə səfirliyi həyata keçirir. Səfirlər yoxdur, lakin maraqları müdafiə edən ikinci dərəcəli şəxslər, müşavir-elçilər var. Bu, əlaqələr qurmağa imkan verir. Həm də təkcə, isveçrəli dostlarımızın vasitəsi ilə deyil, birbaşa təmaslarımız da var. Sözsüz ki, əgər bu, tam səfirlik olsaydı, onda iqtisadi, ticarət və mədəni məsələlərin həlli daha operativ və effektli şəkildə həll edilərdi. Bir daha deyirəm ki, diplomatik münasibətlərin dayandırılmasının təşəbbüskarı biz olmamışıq. O ki qaldı ticarət nümayəndəliyinin açılmasına, hesab etmirəm ki, bu, iki ölkə arasında ticarətə nəsə əlavə üstünlük gətirəcək. Lakin belə bir təklif olarsa, əlbəttə ki, biz bu imkana baxarıq”.

Lavrov Rusiya-Gürcüstan ticarət əlaqələrindən danışıb. “Qazprom”un Gürcüstana qaz tədarükü etdiyini xatırladan rusiyalı nazir bu faktın hər kəsə məlum olduğunu söyləyib: “Təəssüflər olsun ki, hələlik iki ölkə arasında hava nəqliyyatı dondurulub. Ümid edirəm ki, yaxın vaxtlarda bu problemi həll edə biləcəyik. Bizim üçün başlıca məsələ Tbilisidə rusofob kampaniyanın şişməməsidir. Pravoslav Parlamentlərarası Assambleyasının Tbilisidə keçirilən iclası zamanı baş verən ekseslər bizi Gürcüstanda olan Rusiya vətəndaşlarının təhlükəsizlik problemi barədə ciddi düşünməyə vadar etdi. Baxmayaraq ki, sonra gürcü tərəfi bizi əmin etməyə çalışırdı ki, rusiyalıların təhlükəsizliyi təmin olunacaq”.

Rusiya XİN başçısı Prezident Salome Zurabişvili daxil olmaqla Gürcüstan rəhbərlərinin bəyanatlarını diqqətlə izlədiyini vurğulayıb: “Bu günlər Zurabişvili Rusiyaya qarşı, ölkəmizin regiondakı məqsədləri barədə olduqca sərt, aqressiv bəyanatla çıxış edib. Sözsüz ki, belə aqressiv bəyanatlar ictimai fikirdə düzgün atmosfer yaratmağa kömək etmir”.

  1. Lavrov S. Zurabişvili Gürcüstanın XİN başçısı olan zaman onunla bağlı xatirələrini də bölüşüb: “Xanım Zurabişvili Fransadan gəlib Gürcüstanın XİN başçısı olmuşdu. O, Moskvaya, mən Tbilisiyə səfərlər etmişdik. Onunla biz Gürcüstanda olan iki Rusiya bazasının çıxarılması haqqında danışıqları uğurla yekunlaşdırmışdıq. Bu razılaşma prezidentlər Vladimir Putin və Mixail Saakaşvili tərəfindən də qəbul olunmuşdu. Daha sonra bizim və müdafiə nazirlərinin iştirakı ilə bazaların çıxarılması üçün hüquqi baza sənədləri hazırlandı. Lakin burada bir maraqlı məqamı xatırlatmaq istəyirəm. Bu məqam onu göstərir ki, o zaman tərəflər mehriban münasibətlərin qorunub saxlanılmasında maraqlı olublar. Təkrar edirəm ki, biz Gürcüstandan Rusiya bazalarının tam şəkildə çıxarılması haqqında danışıqlar aparırdıq. Prezident Putin bildirdi ki, əgər Gürcüstan Rusiya bazalarını öz ölkəsində istəmirsə, o zaman bazaların çıxarılmasına başlamaq lazımdır. Lakin Rusiya ilə Gürcüstan arasında bazaların çıxarılması barədə əldə olunan razılaşmada Gürcüstan ərazisində olan bu hərbi bazaların birinin ərazisində Rusiya-Gürcüstan birgə anti-terror mərkəzi yaradılmalı idi. Hansı ki, burada 30 yaxın rusiyalı, bir neçə yüz nəfər gürcü mütəxəssis işləyəcəkdi. Bu, bizim tərəfdaşlığımızın simvolu olacaqdı. Biz Rusiya-Gürcüstan münasibətlərində aktuallığını itirən hərbi bazaları çıxardırdıq, digər tərəfdən isə birgə anti-terror mərkəzi yaradılmalı idi. Pankisi dərəsi məsələsi və ümumilikdə digər regionda baş verən qeyri-sabit hadisələr… Biz belə bir mərkəzin yaradılması barədə razılığa gəldik. Hər şeyi imzaladıq, bazalar çıxardıldı. Lakin sonra Gürcüstan tərəfi sadəcə belə bir mərkəzin yaradılmasından imtina elədi. Fikrimcə, o zaman əldə olunan razılığa hörmət olunsaydı, bu hadisələrin gələcək inkişafını dəyişə bilərdi. Bu, qarşılıqlı inam, çox həssas bir sahədə əməkdaşlıq üçün baza yaradan bir jest olardı. Ona görə də, gürcü dostlarımızın bütün konstruktiv addımlarına reaksiya verməyə hazır olacağıq. Biz bunda səmimi şəkildə maraqlıyıq”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu tarixlərdə “İmmunlaşdırma həftəsi” olacaq

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 2,5 milyonu keçib