Şəhidləri yad edən, düşmənə qarşı mübarizəyə çağıran mərasim

Əziz peyğəmbərimizin nəvəsi, imam Hüseynin və ailəsinin Kərbalada qətli Azərbaycanda hüznlə qeyd olunur.

İnsanlar ölkəboyu məscidlərdə toplaşaraq bu hüzn mərasimində iştirak edirlər.

Hər il olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi bu mərasimin keçirilməsini təşkil edir. Artıq Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət edib. Müraciətdə bildirilir ki, bu ilki Məhərrəm ayında Zəfər abı-havasının davam etməsi, separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda və digər azad olunmuş torpaqlarda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Ağdam, Zəngilan məscidlərinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədaları biz, Azərbaycan müsəlmanlarının qəlbini fəxarətlə doldurur.

Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar ibadətlərini doğma məkanlarda yerinə yetirirlər.

Şəhidliyin zirvəsi sayılan İmam Hüseyn şəhadətinin anıldığı Məhərrəmlik təziyələrində müqəddəs Vətən torpağı uğrunda canından keçmiş Vətən şəhidlərini də yad edib dua etmək iman borcudur.

Mərasim günlərində din xadimləri öz moizələrində azad olunmuş torpaqlarımızda gedən dinc quruculuq, yenidənqurma işləri, soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı istiqamətində dövlət başçımız tərəfindən həyata keçirilən işlərə dəstək öz əksini tapacaq.

QMİ məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməz elan edib.

Qazılar Şurası elan edib ki, dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilsin. QMİ xatırladıb ki, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir.

Məhərrəmlik dönəmində insanlar ibadət və dualarında Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini yad edəcəklər.

Mərasim günlərinin idarə olunması QMİ-nin üzərində xüsusi məsuliyyət qoyur. Belə həssas günlərdə mərasimlərin təşkili ciddi yanaşma tələb edir. Fürsətcillərin qarşısını kəsmək, xarici təsirləri önləmək qomaq baxımından QMİ-nin fəaliyyəti mühümdür.

Son illər Məhərrəmlik dönəmində tibbi ehtiyaclar üçün qanvermə kampaniyası ən yaddaqalan aksiyaya çevrilib. Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə vüsət almış bu aksiya böyük diqqət çəkir. Dindarları İslama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri olan qanvermə aksiyası bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşır.

Dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün Kərbəla, habelə Vətən şəhidlərimizin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər.

Qanvermə aksiyasına digər qeyri-islam dini icmalarının qoşulması vəhdət və dini əməkdaşlığın parlaq tablosuna çevrilir.

Hər dövlət üçün son dərəcə önəmli olan dini sabitlik milli təhlükəsizliyin əsas prioritetlərindən sayılır. Prezident İlham Əliyevin yürütdüyü siyasətin vacib məqamı birgəyaşayışın bu prinsip əsasında təşkilidir. Bunun üçün QMİ-nin çoxillik təcrübəsi və fəaliyyəti bu zəmində vacib faktor kimi çıxış edir.

İnsan etiqadının siyasi maraqlar üçün “silaha” çevrlidiyi bu günkü dövrdə dini sabitlik məkanı olan ölkəmiz dünyada bir çox ölkələr üçün nümunədir.

Şexülislam A.Paşazadə bu həmrəyliyə töhfələrini verən bir şəxs olaraq tolerantlıq prisniplərinin ardıcıl müdafiəçisi kimi çıxış edir.

Hazırda regionda baş verən geopolitik savaşın fonunda ənənəvi Aşura mərasiminin qaydalara uyğun və hər hansı radikal hərəkətlərdən uzaq baş tutması vacib məqamdır. “Yad” çağırışları önləmək, insanların vahid mövqeyini ortaya qoymaq baxımından bu mərasim dini cameənin QMİ-yə etimadı baxımından əlamətdardır.

Ulu öndər Heydər Əliyev 1994-cü ildə Təzəpir məscidində Aşura mərasimində iştirak edərkən çıxışında xalqın bu mərasimi dinimizə və adət-ənənəmizə uyğun olaraq hörmətlə keçirdiyini, həzrəti Hüseyni yad etdiyini demişdi. Bu mərasimin idarə olunmasında QMİ sədrinin fəaliyyətini xüsusi vurğulamışdı.

“Biz Azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdiririk. Biz bundan sonra da Qurani-Şərifin, həzrəti Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”- deyə Ümummilli liderimiz çıxışında vurğulamışdı.

Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan bu təziyə mərasimi Peyğəmbərimizin əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi tarixdə fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Bu kədərli hadisə nümunəyə çevirlərək din, Vətən, torpaq, müqəddəs amallar uğrunda mübarizənin mükəmməl nümunəsini yaradıb.

 

EMİN ABBASOV

Əvvəlki məqalə

Evdə hazırlanan konservlərin təhlükəsizliyinə dair təlimlər keçirilib –

Sonrakı məqalə

FHN Bakıda çoxmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yaydı