Şəhid jurnalistlərin ailələri ziyarət olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) əməkdaşları Milli Mətbuat Günü münasibəti ilə şəhid jurnalistlərin ailə üzvlərini ziyarət ediblər.

SHXÇDX-nin rəis müavini general-leytenant Mayıl Şahverdiyev və xidmətin bir qrup əməkdaşları I Qarabağ müharibəsi şəhidi, jurnalist Kazımağa Kərimovun vaxtilə yaşadığı evə gələrək onun ailə üzvlərinə baş çəkiblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə və SHXÇDX-nin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Görüşdə bildirilib ki, K.Kərimov 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində, ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. Jurnalist peşəsinə bağlı olan K.Kərimov bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb.

K.Kərimov ermənilərin Azərbaycan ərazilərinə təcavüzü ilə başlayan I Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanır. Döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdi. Qısa müddətdə batalyonlardan birinə komandir müavini təyin olunan K.Kərimov Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərdə erməni terrorçularına sarsıdıcı zərbələr endirib və onlara komandiri olduğu bölüklə birlikdə ağır itkilər verərək geri oturdub. O, 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucalıb.

Əvvəlki məqalə

“Rusiyanın səyləri ilə mümkün oldu”

Sonrakı məqalə

Ərdoğan Quterreşlə görüşüb