“Sahibkarlar işçiləri 12 saat işlədirlər…Heç kim 8 saatdan artıq işləməməlidir” –

Prezident İlham Əliyev
04 Fevral 2020 - 02:09

“Mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı  deyib.

Dövlət başçısının sözlərinə görə, daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər: “Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir.  Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq”.

Daha sonra Prezident işçilərə müraciət edib: “İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar”.

Dövlət başçısı vurğulayıb ki, sahibkarlar indi bilirlər qaydalar nədən ibarətdir: “Qaydalar da çox sadədir. Fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər”.