Şamaxıda hava şəraitini təyin edən radar stansiyasının açılışında iştirak etməkdən məmnunam. Bu, Cənubi Qafqaz bölgəsində bir ilkdir və Azərbaycan hava şəraitini proqnozlaşdırmağa kömək edəcək həmin texnologiyanın quraşdırılması və istifadəsi baxımından regionda liderdir.
Bunu ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer deyib.
O, həmçinin bildirib: “Həmin texnologiya mümkün fırtınalar barədə əvvəlcədən xəbərdarlıq etməyə, kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsinə və insanların həyatını qorumağa kömək edəcək. Çox şadam ki, hava şəraitini təyin edən radar ABŞ texnologiyasıdır. ABŞ-da hava şəraiti ilə əlaqədar proqnoz vermək üçün həmin radarlardan 171-i quraşdırılıb. Mən şadam ki, Azərbaycan da bu texnologiyadan istifadə edən ölkələr sırasına qoşulur”.
Xatırladaq ki, martın 9-da Şamaxı və Göygöl rayonlarında erkən xəbərdarlıq sistemləri istifadəyə verilib. (Azərtac)