“Samir Şərifova dedim ki, çıxışı nə özünə, nə də Milli Məclisə yaraşır” –

Erkin Qədirli
19 İyun 2020 - 20:04

Milli Məclisin deputatı Erkin Qədirli maliyyə naziri Samir Şərifovun ona ünvanlanmış cavabından narazı qalıb.

Azpost.info bildirir ki, E.Qədirli bu barədə status yazıb.

Onub sözlərinə görə, Milli Məclisdə “2019-cu ilin büdcəsinin icrası haqqında” qanun layihəsinin üçüncü oxunuşunda bitərəf qalıb: “Mövqeyimi də belə əsaslandırdım: Dedim ki, layihədə göstərilmiş rəqəmlər informativ deyil, nəyin lehinə, nəyin əleyhinə səs verməli olduğumu anlamaqda çətinlik çəkirəm. Hətta Hesablama Palatasının rəyində onların aydın izahını görmədim.

Məsələn, yazılıb ki, səhmlərində dövlət payı olan müəssisələrdən alınan dividentlərlə bağlı proqnoz 22.2% icra olunub. Bunun səbəbini öyrənmək istədim və bu sualları verdim: 1) proqnozmu yanlış olub?; 2) müəssisələrmi rentabelli olmayıb?; 3) onların idaəretməsimi düzgün qurulmayıb?; 4) səhmdarların ümumi yığıncağında dividentləri bölüşdürməmək qərarımı alınıb?

Ardınca, başqa bir rəqəmlə bağlı suallar verdim. Yazılıb ki, sosial müdafiə sahəsində tədqiqatlar üzrə xərclərin proqnozu 39.7% icra olunub. Soruşdum: 1) proqnozmu yanlış olub?; 2) tədqiqatlara ehtiyacmı olmayıb?; 3) mütəxəssismi tapılmayıb?; 4) başqa ölkələrdə eyni mövzuda aparılmış hazır və pulsuz tədqiqatlardanmı istifadə olunub? Və s.

Bu suallarıma cavab vermək yerinə, Maliyyə Naziri Samir Şərifov çox acıqlı şəkildə reaksiya verdi və belə dedi: “Yeni seçilmiş deputatlar” (birinci ünsiyyət yanlışı – adımı çəkmədi, hərçənd sözünü mənə dediyi kontekstdən aydın görünürdü, çünki çıxış edənlərin arasında məndən başqa yeni seçilmiş olanı yox idi, ayrıca, başqa deputatların suallarına cavab verəndə “hörmətli filankəs” sayağı müraciət edirdi);

2) “özlərini təsdiq etmək istəyirlər” (ikinci ünsiyyət yanlışı – suala cavab vermək yerinə, sual verənin niyyətini sorğuladı, özü də bunu mənim ünvanıma söylədi: mən və özünütəsdiq? Məndən çox özünü tənqid edən kim var siyasi səhnəmizdə?);

3) “mənə yaza bilərsiniz” və “mən hər kəsi qəbul etməyə hazıram” (üçüncü ünsiyyət yanlışı – Milli Məclisdə səsləndirilmiş suallara elə oradaca cavab verilməli idi, deputatı qəbula çağırmaqla parlament – hökumət münasibətlərinin yanlış qavradığını göstərdi: nazir deputata hesabat verməlidir, deputat nazirə yox).

Nazirin o cür çıxışından sonra ona söz demək imkanım olmadı (çıxıb getdi), amma başqa bir məsələnin müzakirəsi zamanı Samir Şərifovun çıxışının nə onun özünə, nə tutduğu vəzifəyə, nə də Milli Məclisə yaraşan olduğunu dedim.

Daha sonra, gözlənilmədən, heç yeri olmadan, başqa bir deputat mənə iradını bildirdi ki, bəs, niyə mən hansı layihəyə necə səs verəcəyimi öncədən deyirəm. Doğrusu, çox anlaşılmaz bir iraddır, amma önəmli bir nəsə olmayacaqdı, MM sədrinin mətbuatda verilmiş o sözləri olmasaydı. Elə çıxdı ki, güya MM sədri mənimlə komitədə ayrıca izahedici söhbətə ehtiyacın olduğunu bildirib. Halbuki, söhbətin konteksti başqa olub”.