Samir Şərifov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb –FOTO

 Noyabrın 21-də Bakıda Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankının nümayəndə heyətləri arasında “Azərbaycan: Ölkə üzrə Diaqnostik Tədqiqat (Country Diagnostic Study – CDS)” təhlilinin ilkin müzakirəsi aparılıb.

Bu barədə Azpost.info-ya Maliyyə Nazirliyindən məlumat verilib.

AİB-in Bilik İdarəetməsi və Dayanıqlı İnkişaf üzrə vitse-prezidenti Bambang Susantononun rəhbərlik etdiyi nümayəndə heyətinin və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Maliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Energetika Nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Neft Fondunun, Maliyyə Bazarlarına Nəzarət və Hesablama Palatalarının, Dövlət Gömrük, Dövlət Statistika Komitələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən görüşdə Bank tərəfindən “Azərbaycan: Ölkə üzrə Diaqnostik Tədqiqat” sənədinin təqdimatı keçirilib.

“Azərbaycan: Ölkə üzrə Diaqnostik Tədqiqat”ı hökumət tərəfdaşlarının müzakirələri və şərhləri nəzərə alınmaqla, inkluziv artım və iqtisadi şaxələndirmə üçün maneə və məhdudiyyətlərin müəyyənləşdirilərək təhlil edilməsini özündə ehtiva edir.

Çıxış edənlər AİB-in bu kimi təhlillərlə Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək aidiyəti üzrə rəy və təkliflərini Bankın nümayəndə heyətinin diqqətinə çatdırıblar.

AİB-in nümayəndə heyəti isə öz növbəsində inkluziv artım və iqtisadi şaxələndirmə üçün müəyyən olunmuş maneə və məhdudiyyətlərin daha dərindən təhlil edilərək onların aradan qaldırılması istiqamətində atılacaq addımların müəyyən olunması istiqamətində fikir və təkliflərini veriblər.

Bu gün həmçinin, maliyyə naziri Samir Şərifovla Azərbaycan Respublikası hökuməti ilə aparılan müzakirələrdə iştirak etmək üçün ölkəmizə səfər edən AİB-in vitse-prezidenti Bambang Susantono arasında ikitərəfli görüş keçirilib. Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən birgə həyata keçirilən layihələrinin icra vəziyyəti müzakirə olunub. Xüsusilə, AİB-in apardığı tədqiqatlarla və bu gün keçirilmiş təqdimatla Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan ardıcıl islahatlara verdiyi töhfə yüksək qiymətləndirilib.

1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. AİB-ə 48-i regional və 19-u qeyri-regional olmaqla, 67 ölkə üzvdür. Bankın baş ofisi Filippin Respublikasının paytaxtı Manila şəhərində yerləşir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Siyavuş Novruzovun həyat yoldaşının Ombudsman postuna namizədliyi irəli sürülüb –

Sonrakı məqalə

Birinci vitse-prezident Mehriban Əliyeva Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüşüb –