Sammit sonrası Ukrayna NATO-ya dəvət ediləcək?- “Politico” AÇIQLADI

NATO-nun Vilnüs sammitində Ukraynanın Alyansa nə vaxt dəvət olunacağı ilə bağlı məsələyə aydınlıq gətirilib.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” NATO-nun yüksək rütbəli diplomatı və danışıqlardan xəbəri olan şəxsə istinadən yazıb.

Nəşrin yazdığına görə, NATO bəyan edəcək ki, müttəfiqlər razılığa gəldikdə və şərtlər yerinə yetirildikdə, Ukraynanı Alyansa qoşulmağa dəvət etməyə hazır olacaqlar.

Bu fikir Vilnüs sammitinə Ukraynanın üzvlüyü məsələsi üzrə hazırlanan kommünike layihəsində də yer alıb.

Kommünike mətninin hazırkı variantı ilə tanış olan mənbənin sözlərinə görə, NATO üzvləri Kiyevə aydın siqnal göndərirlər ki, bu, demək olar ki, yekun variantıdır və Ukrayna bununla razılaşmalıdır.

Bir sıra aparıcı NATO ölkələrinin, ilk növbədə ABŞ və Almaniyanın liderləri müharibənin davam etdiyi bir vaxtda Ukraynanın üzvlük məsələsini müzakirə etməkdə ehtiyatlı davranırlar. Eyni zamanda, onlar Kiyevə uzunmüddətli hərbi yardım və ola bilsin, ikitərəfli əsasda təhlükəsizlik zəmanəti verməyə hazırdırlar. O cümlədən, Moskvaya nümayiş etdirməyə çalışırlar ki, bu qarşıdurmada o, hələ uzun müddət Qərbin kollektiv mövqeyi ilə üzləşməli olacaq.

Azpost.info

Əvvəlki məqalə

Vilnüs sammitində Ukrayna ilə bağlı hansı qərarlar verildi?

Sonrakı məqalə

Zelenskidən NATO-ya etiraz