“Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir: “İstəyirik ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq, ölkədə trans yağlarının yuxarı həddini 2% edək. Bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır”. Q.Təhməzli qeyd edib ki, trans yağlarla bağlı müvafiq normativ hüquqi sənədlər hazırlanır: “Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq”.
Azpost.info bildirir ki, trans yağ təbii yağ növü deyil. İnsan sağlamlığı cəhətdən zərərli olan trans yağ, bitki tərkibli yağa “hidrogenerasiya” adlandırılan prosedur tətbiq etməklə əldə edilən yağdır. Bu növ yağ mənfi xolestreni yüksəldərək infarkt, damar tıxanıqlığı kimi bir çox ciddi xəstəliyə yol aça bilər. Xüsusilə də günümüzdə hazır qidalardan daha çox istifadə edilir ki, bu da trans yağların artması deməkdir. İstifadə etdiyimiz cips, hazır un məmulatları yeməklə trans yağları qəbul etmiş oluruq.
Trans yağ doymamış yağ asitlərinin ümumi adıdır. Çox yüksək istilikdə əldə edilir. Bu növ yağlardan uzun illər ərzində istifadə edə bilərsiniz. Amma sağlamlığınız buna icazə verəcəkmi bilinməz. Çünki ölümcül xəstəliklərə yoluxmaq ehtimalı yüksəlir.
Hazırlanmasında bir çox kimyəvi maddədən istifadə edilir.