“Seçki-2020”:

MSK-nın Müstəqil Media Mərkəzi yaradılıb
13 Yanvar 2020 - 12:05

Mərkəzi Seçki Komissiyasının “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb.

APA-nın məlumatına görə, bu gün MSK sədri Məzahir Pənahov və MSK üzvlərinin iştirakı ilə Seçki-2020 Müstəqil Media Mərkəzinin açılışı olub.

Yerli və beynəlxalq KİV-lərin asan və sərbəst məlumat əldə etmələri üçün “Seçki-2020” Müstəqil Media Mərkəzində yaradılan şəraitlə tanışa olan MSK sədri M. Pənahov seçki subyektlərinə göstərilən xidmətin keyfiyyətini və səmərəliliyini daha da yüksəltmək üçün tövsiyələrini verib.

MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək “Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb: “Seçki-2020” Müstəqil Media Mərkəzinin www.seçki-2020.az İnternet səhifəsi artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir. Eləcə də seçkilərə dair foto və videogörüntülər təqdim olunur”.