Serj Sərkisyan aprel döyüşündən danışdı:

“Yenə hücum etsələr hamını xilas etmək mümkün olmayacaq”
16 Aprel 2020 - 20:41
Ermənistanın 2016-cı ilin aprelində “4 günlük müharibə” zamanı aldığı zərbə, işğalçı ordunun məğlubedilməzlik” mifinin darmadağın edilməsi düşmən ölkədə hələ də ciddi müzakirə və siyasi çəkişmə mövzusudur. Məlumdur ki, atəşkəs dönəmində ilk ciddi hərbi uğursuzluqla bağlı aylar öncə Ermənistan parlamentində xüsusi təhqiqat komissiyası yaradılıb. 
Bu gün işğalçı ölkənin eks-prezidenti, Xocalı hərbi canisi, aprel döyüşləri zamanı Ermənistanın rəhbəri olmuş Serj Sərkisyan “Aprel müharibəsi” ilə əlaqədar komissiyanın iclasında iştirak və ifadə vermək üçün parlamentə gəlib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlament qarşısında jurnalistlərlə görüşən S.Sərkisyan bütün suallara cavab verməyə hazır olduğunu söyləyib. İclasdan öncə isə eks-prezidentin ofisi xüsusi bəyanat yayıb.
Bəyanatda S.Sərksiyanın “Aprel döyüşləri ilə bağlı bütün spekulyasiyalara son qoymaq niyyətində olduğu” bildirilir.
“Vaxt gələcək, Bakı yenə hücum edəcək. O, bu addıma gedəndə yenə də hamını xilas etmək mümkün olmayacaq”. Bu fikir də bəyanatda əksini tapıb.
Sərkisyanın sözlərinə görə, “Aprel müharibəsi” mövzusu erməni xalqını parçalamamalı, ölkənin müdafiə qabiliyyətini zərbə altına qoymamalıdır. O, 4 il öncə öldürülən erməni hərbçilərinə görə dərindən təəssüf hissi keçirdiyini və “Azərbaycan qüvvələrinin qarşısını alan hərbi qulluqçularla fəxr etdiyini” də deyib.
“İstənilən müharibədə olduğu kimi, bu müharibədə də itkilərdən qaçmaq mümkün olmadı. Əgər biz heç bir itki vermək istəmiriksə, o zaman azad və ləyaqətli yaşamaq kimi milli hədəfdən imtina eləməliyik”, – deyə öz xalqına yalnız məhrumiyyətlər bəxş eləmiş Serj Sərkisyan populistcəsinə bəyan edib.
Sərkisyana görə, müharibədən sonra danışıqlar sülhə gətirməlidir, ancaq erməni xalqının milli maraqları hesabına yox.
“Bu, sosial şəbəkələr üçün canlı şou deyil, pərdə arxasında gedən real beynəlxalq siyasət və hərəkətlərdir. Biz “arsax” məsələsində parçalana bilmərik. Bu, bizim dövlətçiliyimizə və xalqımıza baha bacsa gələ bilər”, – deyə o, ənənəvi ritorikada əlavə edib.
Qeyd edək ki, komissiyanın iclası qapalı keçib.