“Şeyx, istefa ver!” tələbi Türkiyə-İran rəqabətinin ilk qaranquşudurmu? –ƏZİZ RZAZADƏ YAZIR (TƏHLİL)

Suala ləngimədən cavab verirəm: Müəyyən mənada, bəli.

Nə Allahşükür Paşazadəni “Tehranın elçisi”, nə də şeyxülislama qarşı qruplaşmış tərəfi “Ankaranın çarçısı” kimi damğalamaq üçün dəlillərim yoxdur. Amma bir bəyanatla stəkanda qopmuş fırtınanı, müəyyən mənada, Türkiyə və İranın nüfuz davası kimi qavrayan təkcə mən deyiləm.

Dərhal da ikinci sual doğur: Bəs, bu ölkələrdən hansı ilə Azərbaycanın ortaq strateji gələcəyi mümkündür?

Yüz ölçüb bir biçdikdə, çoxəsrlik müştərək tarixi, mədəni, dini-məzhəbi keçmişə baxmayaraq, İranla ortaq strateji gələcək qeyri-mümkündür.

Ən azı indiki halda.

Türkiyə ilə keçmişdə yanaşı addımlama, kiçik istisnalarla, demək olar ki, olmayıb, ümumi Yaxın Şərq ortaqlığı var, amma müştərək strateji gələcək ola bilər.

Bununla belə, ən azı son 2 ildə misilsiz siyasi yaxınlaşmaya baxmayaraq, Azərbaycan səlahiyyətliləri Türkiyə ilə münasibətlərdə “bir addım irəli, iki addım geri” düsturunu rəhbər tutur.

Məncə, doğru olaraq!

Bəs rəsmi Bakı həm Tehran, həm də Ankara ilə niyə məsafə saxlayır? Əlbəttə, fərqli ölçüdə…

Əvvəla, ona görə ki, Tehranın siyasi gündəliyində olan demək olar ki, heç bir maddə rəsmi Bakının xarici siyasi yönüylə üst-üstə düşmür. Azərbaycan səlahiyyətliləri cənub qonşusu ilə, əsasən, beynəlxalq layihələr (o cümlədən Şimal-Cənub Nəqliyyat Dəhlizi) çərçivəsində iqtisadi ortaqlığa meyllidir. Bakı-Tehran “oxu” bundan o yana getmir və gedə də bilməz.

Təkcə ona görə yox ki, İran hazırda gündəlikdəki başlıca mövzulardan biri olan “Zəngəzur dəhlizi”nə isti yanaşmır; ona görə yox ki İslam Respublikası Yunanıstan, Bolqarıstan, Gürcüstan və Ermənistanın ortaqlığı və Avropa İttifaqının dəstəyi ilə Qara dəniz hövzəsindən Hind okeanına uzanan tranzit-nəqliyyat dəhlizi layihəsinin iştirakçısıdır (Hazırda çəkilişi icra olunan Ərdəbil-Parsabad-Biləsuvar (İran)-İmişli (Azərbaycan) və Təbriz-Culfa (İran)-Culfa (Azərbaycan)-Naxçıvan-İrəvan-Tiflis-Poti(Gürcüstan) dəmir yolları son nəticədə “Zəngəzur dəhlizi” ilə kəsişir).

Hər iki dövlətin bir-birinə olan baxışında səmimiyyət qıtlığı var və bu, kor gözlə belə görünür. Allahdan gizli deyil, bəndədən niyə gizlədək, protokol etiketindən kənar münasibətlərdə iti bucaqlar mövcuddur. Tehrandan boylandıqda, Arazın bu tayında cəmiyyətin “İran meylli dindar kəsimi” sıxışdırılır, KİV və sosial media fəalları – trolları Tehrana “Ermənistanın himayəçisi” köynəyi geydirir, üstəlik, analitik Eldar Məmmədovun “Responsible Statecraft” saytında yazdığı kimi, Bakı “Cənubi Azərbaycan”ın İrandan ayrılması çağırışlarını rəsmi olaraq təsdiqləməsə də, İranda Azərbaycan separatizmini alovlandırmağa çalışan “şahin” Vaşinqton qurumlarının alimlərini dəstəkləyir.

İsrailin Azərbaycan ərazisini öz kəşfiyyat əməliyyatları üçün istifadə etməsi iddialarına gəlincə, bunun əyani sübutu olmasa da, İran tərəfində ən azı bir dəfə qınayıcı ismarış dilə gətirilib. Və ən azı bir dəfə, münasibətlərin ən soyuq dövründə, Mahmud Əhmədinejad administrasiyası zamanı (2005-2013-cü illər) İranın Baş Qərargah rəisi general Həsən Firuzabadi (9 avqust 2011-ci il) Əliyev iqtidarını “dövlətin təməl daşlarına diqqət yetirməyə” çağıraraq, “xalqın oyanışı və qaranlıq aqibət”lə hədələyib.

Nəhayət, Ərdoğanın Zəfər paradında oxuduğu şeirə İran xarici işlər naziri Cavad Zərifin sərt təpkisini saymasaq, tarixin hafizəsində ən yeni daha bir iraddoğuracaq qeyd var: Tehrandan son xəbərdarlıq – parlament komissiyasının rəhbəri Müctəba Zünnurinin sözləri: “Cənubi Qafqazda mövcud sərhədlərin dəyişməsi İranın qırmızı xəttidir”.

Bəzi müşahidəçilər hesab edir ki, “İran təhdidi” rəsmi Bakını Qərbin gözündə ucaldır və qolunu gücləndirir. Ola bilər.

Əsas odur ki, Azərbaycan rəhbərliyi öz ovlağında başqa şikarçının bəxtini sınamasına heç vaxt imkan vermir. İstər İran olsun, istər…

Bu yanaşmanın Türkiyə ilə münasibətlərdə yoxluğunu iddia etmək sadəlövlük olardı.

2009-cu il oktyabrın 10-da münasibətlərin normallaşdırılmasına dair Türkiyə ilə Ermənistan arasında imzalanmış Sürix protokolları indi çox az adamın yadına düşür. Sadəcə, sərf eləmir. Bir qrup qadın deputat və ictimai xadimin (Gülər Əhmədova, Qənirə Paşayeva və başqaları) Ankaranı fikrindən daşındırmaq üçün Türkiyəyə yollanması, Türkiyənin Azərbaycandan idxal etdiyi qazın bahalaşdırılması, mediada AKP iqtidarına qarşı qara PiaR və s. barədə xatırlatmalara da hazırda qulaqlar tıxanılır. “Olana güzəşt deyərlər” məsələnindəki kimi…

Amma İkinci Qarabağ müharibəsindən sonra AKP-nin “Cümhur İttifaqı”ndakı ortağı olan MHP başqanı Dövlət Baxçalının Şuşada məktəb tikintisinə Bakıdan mənfi cavab Azərbaycan-Türkiyə hərbi-siyasi ortaqlığının yeni səhifəsində yer alıb. 2021-ci ilin mayında Qəzza (Fələstin)-İsrail toqquşmaları zamanı prezident Ərdoğanın Bakıya ünvanlanmış İsraili qınama və Fələstinə dəstək çağırışları görməməzliyə vurulub. İkiyə bölünmüş ada dövlətin – Kirpin türk kəsiminin tərəddüdsüz tanınması istəyini də rəsmi Bakı cavabsız qoyub.

Ankaranın gündəliyində olan bir çox digər mövzular, o cümlədən Şərqi Aralıq dənizi hövzəsinə dair niyyətləri (Prezident İlham Əliyev “Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı… heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik” desə də, dörd dövlətin ortaq qaz ixracı layihəsində İsrail də iştirak etdiyinə görə), Kosovanın müstəqilliyi məsələsi (XİN rəhbəri Ceyhun Bayramov serbiyalı vəzifədaşı Nikola Selakoviçlə görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın mövqeyini bir daha təkrarlayıb) rəsmi Bakının xarici siyasəti ilə müəyyən mənada uzlaşmır. (Doğrudur, 2020-ci ilin sentyabrında Yunanıstan səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən, İlham Əliyev elçini ağ yuyub-qara sərdi. “Yunanıstanın əvvəlki hökumətinin Azərbaycana olan mənfi münasibəti” və “Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı…”)

Ehtimal ki Türkiyənin Əfqanıstan missiyası (paytaxt hava limanının mühafizəsi) gerçəyə çevrildikdə, rəsmi Bakıdan bu missiyada iştirak rica olunacaq. Beynəlxalq koalisiya çərçivəsində Azərbaycan belə bir təcrübəyə sahibdir. Bəs indi necə olacaq?

Əfqanıstan münaqişəsinin həllində Türkiyə-Azərbaycan-Pakistan üçlüyünün ümumi dil tapması ehtimalı yüksəkdir, amma digər maraqlı tərəflər necə olsun?

Rusiyanın liderliyi ilə Orta Asiya dövlətlərinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və İran… (Hadisələrin bu məcrada davam etdiyi təqdirdə, yeni bir Suriya və ikinci “Astana formatı”nın ortaya çıxması təəccüblü olmayacaq). Azərbaycan bu missiyada Türkiyə (eləcə də Pakistanla) sonadək birgə addımlayacaqmı?

Etiraf edək ki, rəsmi Bakı heç də həmişə sabitqədəm olmur. Şeyxülislamın açıqlamasına Türkiyə prezidentinin baş müşaviri M. Mücahit Küçükyılmazın kinayəli tvitini rəsmi Bakının sükutla qarşılaması kimi. Bunu, əsasən, Azərbaycan səlahiyyətlilərinin tərəzinin bir gözündəki daşları ağırlaşdırma, yəni Türkiyə və İran arasında seçim edərkən, Ankarın nəfinə addımtək yozanlar hazırda çoxluqdadır. Mümkündür, amma belə düşünmürəm. Məncə, rəsmi Bakı sadəcə mübahisədən kənarda qalmaq istəyir. Fikrimcə, yanlış olaraq.

İsrail səfiri Corc Dik və İran səfiri Abbas Musəvinin “Twitter”-də Azərbaycanı söz davası meydanına çevirməsinə rəsmi Bakının susqunluğu da, zənnimcə, səhvdir. XİN rəhbəri mən olsaydım, hər ikisini hüzura çağıraraq qulaqburması verərdim.

Mənim ovlağımda yad səyyad tərlan üçün tor qura bilməz!

Əziz Rzazadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam ABŞ-ın Strilinq Fondunun baş direktorunu qəbul edib –

Sonrakı məqalə

Rəşad Nəbiyev ABŞ qubernatoru ilə “ağıllı kənd” konsepsiyasını müzakirə edib