Şeyxülislam Allahşükür Paşazadə Moskvaya gedib –Müfti Ravil Qaynuddinin yubiley tədbirinə qatılıb (FOTO)

Rusiya paytaxtında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (RMRİ) sədri, müfti Ravil Qaynuddinin 60 illik yubileyinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinin yaradılmasının 25 illiyinə həsr olunan tədbirdə iştirak edib.

QMİ sədri müfti Ravil Qaynuddini 60 illik yubileyi və yenidən Rusiya müsəlmanlarının müftisi, RMRİ-nin sədri seçilməsi münasibəti ilə təbrik edib.

Qeyd edək ki, bu gün Moskvanın “Sülh” prospektində yerləşən Cümə Məscidində Rusiya Müsəlmanları Ruhani İdarəsinin VII Hesabat-Seçki Qurultayı keçirilib. 500-dən çox nümayəndə və qonağın qatıldığı VII Hesabat-Seçki Qurultayı ilə yanaşı, Rusiya paytaxtında Moskva Böyük Məscidinin 115 illiyi, Rusiya Müsəlmanları İdarəsinin 25 illiyi, Moskva İslam İnstitutunun yaradılmasının 60 illiyi və RMRİ-nin başçısı, müfti Ravil Qaynuddinin 60 illik yubileyi də qeyd olunub. Rusiya müsəlmanlarının qurultayı Böyük Məsciddə ilk dəfə keçirilib. Tədbirdə 5 illik hesabat-seçki dövrünə yekun vurularaq, növbəti dövr üçün fəaliyyət planı təsdiqlənib, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri və birinci müavini seçilib.

Ravil Qaynuddin növbəti müddətə (2019-2024) Rusiya müsəlmanlarının müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri seçilib.

Xatırladaq ki, 1904-cü ildə açılmış Moskva Böyük Məscidi 115 il ərzində heç zaman bağlanmayıb, bütün dövrlərdə – sovet hakimiyyəti dövründə, Böyük Vətən Müharibəsi illərində müsəlmanların ibadətlərini yerinə yetirməsi üçün bir araya gəldiyi məbədə çevrilib. 1994-cü ildə müfti şeyx Ravil Qaynuddinin rəhbərliyi ilə Rusiyanın bütün regionlarından müsəlmanların Rusiya Müsəlmanları İdarəsinin ətrafında birləşməsinə başlanılıb, Moskva məscidində yenidənqurma işləri aparılıb. 2015-ci ildə yenilənmiş Moskva Böyük Məscidinin Prezident Vladimir Putinin iştirakı ilə təntənəli açılışı olub. (APA)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Flora Kərimova:

Sonrakı məqalə

BMT-də islam ölkələrinin Qarabağla bağlı toplantısı keçirildi –