Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanda keçirilən BMT Sivilizasiyalar Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr olunmuş birgə iclasında iştirak edib.
Şeyxülislam Allahşükür Paşazadə Astana Qurultayı və BMT Sivilizasiyalar Alyansının Dini məkanların qorunması üzrə birgə xüsusi sessiyasında çıxış edib.
AzPost bildirir ki, bu barədə QMİ mətbuat xidməti məlumat verib.
QMİ sədri bildirib ki, ksenofobiya təzahürlərinin, milli, dini, irqi zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının artmaqda olduğu hazırki dövrdə sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dinc birgəyaşayış, qarşılıqlı anlaşma mədəniyyəti, sivilizasiyalar və dinlərarası dialoq, multikulturalizm ideyaları özəl əhəmiyyət kəsb edir. “Azərbaycan Prezidenti İlham Əliyevin təbirincə desək, sivilizasiyalar və mədəniyyətlərarası dialoq dünyada ən təxirəsalınmaz vəzifələrdən biridir. Təqdirə layiqdir ki, BMT-nin Sivilizasiyalar Alyansı bu mühüm istiqaməti daima diqqətdə saxlayır”.
Şeyxülislamın sözlərinə görə, müasir dövrün çağırışları bəşəriyyət qarşısında ciddi vəzifələr qoyur. Məhz nifrətin ideoloji təsirləri nəticəsində dinlərin müqəddəs dəyər və atributlarının təhqir olunması halları artır, din adından siyasi məqsədlər üçün sui-istifadə olunur: “Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm və ksenofobiya təzahürlərini, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının, mədəni irs nümunələri və abidələrinə qarşı terror və vandalizm hallarını qətiyyətlə pisləyirik. Dünyanın bütün qaynar nöqtələrində, xüsusən, Yaxın Şərqdə, Qəzzada günahsız insan qırğınına səbəb olan qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsıq miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun sülh yolu ilə həll olunmasının tərəfdarıyıq”.
QMİ sədri qeyd edib ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyimizi məhz BMT-nin Nizamnaməsinə və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq bərpa etdi: “Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərimizdə vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələrimizi, multikultural ənənələrimizə sadiq qalaraq bütün dinlərə məxsus abidələri – məscid və məbədləri yenidən bərpa və inşa edir. Kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə gördüyümüz işlərə BMT Sivilizasiyalar Alyansının dəstəyini bu illər ərzində hər zaman hiss etmişik və buna görə hədsiz minnətdarıq”.
A.Paşazadənin sözlərinə görə, qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı ümumbəşəri mənəvi dəyərlərə istinad zəruridir.