Şeyxülislam və Qareginin yeni görüşü nə vəd edir?

Moskva şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşü zamanı Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin növbəti görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Eçmiədzinin timsalında erməni katolikosu ilə üçtərəfli görüş formatının saxlanılması və gələcəkdə yeni üçtərəfli görüşün təşkili üçün müvafiq işlərin aparılması məqsədəuyğun hesab edilib.

“Belə bir qərar qəbul olunub ki, həm bizim, həm də Rus Pravoslav Kilsəsinin nümayəndələri görüşüb üçtərəfli görüşə hazırlıq məsələlərini müzakirə etsinlər. Patriarx Kirill də Ermənistan tərəfi ilə əlaqə saxlayacaq. Ermənistan tərəfi də öz fikirlərini deyəcək və ümumi rəyə gələcəyimiz təqdirdə bizim görüşümüz baş tutacaq”-deyə QMİ sədri Moskvada verdiyi müsahibədə bildirib.

Şeyxülislam Allahşükür Paşazadə erməni kilsəsini beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmağa və 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın müddəalarına uyğun olaraq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına töhfə verməyə çağırıb.

“Əgər Ermənistan tərəfi bu görüşə razılıq verməsə, bu, onların revanşist xislətini nümayiş etdirəcək. Biz öz torpaqlarımızı azad etmişik, bu gün onların bizə ehtiyacı var və düşünürəm ki, onlar da razılıq verəcəklər”-deyə Şeyxülislam vurğulayıb.

Tərəflər sonuncu dəfə  2021-ci ilin oktyabrında, Vətən Müharibəsindən sonra görüşüblər. Moskvada baş tutan həmin üçtərəfli görüş bu dəfə tamam fərqli vəziyyət və şərtlər daxilində keçirildi. Qalib Azərbaycan masa üzərinə yeni şərtlərini qoymuşdu. QMİ sədri özü də açıqlamasında demişdi ki, ilk dəfədir ki, görüşdə qalib kimi iştirak edir.

Əgər buna qədərki təmaslarda daha çox cəbhə xəttində sabitlik və humanitar məsələlər müzakirə mövzusu olmuşdusa 44 günlük müharibə öz yeni gündəliyini yaratmışdı.

Katolikosun müharibədən sonra verdiyi bəyanatları heç də sülhə xidmət etməyib. Revanş mesajları ilə dolu çağırışlarda qondarma “Qarabağ dövlətçiliyi” barədə fəryad və  yeni müharibəyə təhrik cəhdləri din xadimi statusuna iddia edən Qareginin əslində avantürist bir siyasətçi xislətini ortaya qoymuşdu.

Katolikosun köhnə “bayatısı” olan Azərbaycanın “dini ibadətgahlarında dua etmək üçün şərait” yaradılması təklifinə QMİ sədri tərəfindən lazmi cavab verilib. A.Paşazadə işğal illərində dağıdılmış onlarla dini ibadətgahları göstərərək bu vandallığa rəğmən Azərbaycanda bütün dinlərin nümayəndələrinə ibadətləri üçün şərait yaradıldığını vurğulamışdı.

Qareginin digər mifik “Qarabağ üçün status” çağırışı da Şeyxülislam tərəfindən sərt etirazla qarşılanıb. A.Paşazadə cavabında bəyan etmişdi ki, Azərbaycan Prezidenti bu məsələyə öz münasibətini bildirib, heç bir status olmayacaq.

Görüşün sonunda birgə bəyanatı razılaşdırmaq isə mümkün olmuşdu. Patriarx Kirill tərəfindən səsləndirilən Bəyanatda qeyd olunurdu ki, Azərbaycan və Ermənistan xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur. Dini liderlər Azərbaycan və Ermənistan xalqlarını indiki və gələcək nəsillərin rifahı, çiçəklənməsi naminə barışdırmaq üçün kömək etməyə hazırdır.

Katolikos həmin görüşdə susmağa üstünlük versə də ötən bir il ərzində qanunsuz olaraq Xankəndinə səfər etməsi və gənclərə yönəlik revanşist bəyanatları ilə yadda qaldı. QMİ sədri isə Azərbaycanın regionda elan etdiyi sülh və humanizm prinsiplərinə sadiqliyini bəyan edərək erməni kilsəsindən fərqli olaraq daha dinamik və bəşəri mesajlarını ifadə edib.

Ötən ildə QMİ sədrinin sıx görüş qrafiki, nufuzlu beynəlxalq konfranslara dəvəti və burada söz sahibi, yeni ideyalar üçün vəsilə olaraq çıxış etməsi A.Paşazadəni regionun məhsuldar ictimai xadiminə çevirib. QMİ rəhbəri erməni Apostol kilsəsinin başçısından fərqli olaraq dar maraqlarının təminatçısı kimi deyil, regional sülhün təmin olunmasında maraqlı olduğunu nümayiş etdirib.

Erməni kilsəsi isə regionda baş verənlərə təsir gücü yoxdur və sadəcə prosesləri təqib etməklə məşğuldur.

Bu baxımdan Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunmasında, dialoq çağırışlarının ardıcıllığında Qafqaz Müsəlmanları İdarəsinin rolu bir daha üzə çıxır.

Bu toplantıların hər birində Şeyxülislam dövlətin əsas maraqlarının müdafəçisi və vahidliyinin bir indikatoru olub.

“Erməni kilsəsinin rəhbərinin Xankəndiyə gedərək, oradakı hərbçiləri revanşizmə çağırmasının, “bizim mübarizəmiz bitməyib, hələ də davam edəcək” deməsi düzgün addım deyil. Biz istərdik ki, erməni kilsəsi sülhə çağırsın. Biz başda Qaregin olmaqla, erməni kilsəsini sülh məsələlərində bir olmağa, dövlət rəhbərlərimizin qəbul etdikləri qərarlara, sülh sazişlərinə, dövlətlərin dünya ictimaiyyəti, BMT tərəfindən tanınmış sərhədlərinə, ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırıq”-deyə Şeyxülislam Moskvada patriarx Kirillə ötən həftəki görüşü barədə KİV-ə müsahibəsində deyib.

Növbəti Moskva görüşü baş tutarsa gündəlik məhz bu mesajlar üzərində hazırlanacaq. Erməni kilsəsinin bu müzakirələrdən boyun qaçırması isə Eçmiədzinin müharibədən sonra meydana çıxmış yeni dövrün prioritetlərini anlamaq xüsusiyyətini itridiyinin subutu olacaq.

A.ABBASOV

 

 

 

Əvvəlki məqalə

Paşinyan öz müavinini vəzifədən azad etdi

Sonrakı məqalə

Avropa İttifaqının Zəngəzurla bağlı müşahidə missiyası başa çatır