Şeyxülislamı beynəlxalq təşkilatın rəhbərliyinə kim dəvət edib?

ABŞ-da fəaliyyət göstərən “Dinlər sülh uğrunda» Beynəlxalq Təşkilatının sədri xanım Azza Karam Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə «Dinlər sülh uğrunda» beynəlxalq qurumunun Qəyyumlar Şurasına üzv qəbul olunması üçün müraciət edib.

Azza Karam bu təkliflə martın 10-da QMİ sədri ilə keçrdiyi videogörüşü zamanı çıxış edib. O, bu yaxınlarda bununla bağlı müvafiq rəsmi məktubu Şeyxülislam A. Paşazadəyə göndəriləciyini deyib.

“Dinlər sülh uğrunda” ən böyük ümumdünya dinlərarası təşkilatlarından biridir. Beynəlxalq Katibliyi Nyu-Yorkda yerləşən təşkilat çoxkonfessiyalı beynəlxalq şəbəkə formatında qurulub. Dünyanın 92 ölkəsindən ən nüfuzlu din xadimlərinin üzv olduğu təşkilata 6 regional və müxtəlif ölkələrdə fəaliyyət göstərən 70-dən çox yerli Dinlərarası Şura daxildir. Katibliklə yanaşı, təşkilatın işinə dünyanın ən böyük dinlərini – Xristianlıq, islam, induizm və buddizmi təmsil edən 4 moderator (koordinator) rəhbərlik edir.

Təşkilatın dünyanın müxtəlif ölkələrində 90-dan çox filialı var. Şəbəkəyə həmçinin müxtəlif qadın birlikləri və dinlərarası gənclər şəbəkələri daxildir.

“Dinlər sülh uğrunda” təşkilatı YUNESKO-da, BMT-nin Uşaq hüquqları üzrə qurumu olan UNICEF-də və BMT-nin İqtisadi və Sosial Şurası – ECOSOC-da məsləhətçi statusuna malikdir.

Təşkilatın rəhbəri professor Azza Karam BMT-nin Mədəniyyət Fondunda din və inkişaf məsələləri üzrə baş məsləhətçi işləyib.

Misirdə anadan olan Karam hazırda ABŞ-da yaşayır.

Xanım A.Karam Şeyxülislam A. Paşazadəni dünya miqyasında nüfuzlu dini lider, beynəlxalq dinlərarası əməkdaşlıq müstəvisində böyük səyləri və təşəbbüsləri ilə tanınan dini-ictimai xadim kimi tanıdığını və onun fəaliyyətinə böyük dəyər verdiyini bildirib.

QMİ sədri A.Paşazadə bu təklifi səmimiyyətlə qarşılayıb və uzun onilliklər ərzində sülh və qarşılıqlı anlaşma yönündə fəaliyyəti ərzində qazandığı təcrübəyə verilən dəyəri yüksək qiymətləndirib.

Şeyxülislam bildirib ki, zəmanəmizdə sülh probleminin olduqca böyük önəm daşıdığı bir məqamda Uca Yaradana xoş gedən sülh amalı uğrunda dini liderlərlə birgə «Dinlər sülh uğrunda» kimi nüfuzlu beynəlxalq müstəvidə əməkdaşlığı önəmli hal kimi dəyərləndirir.

QMİ sədri vurğulayıb ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir və ölkə rəhbərliyi dinlərarası dialoq və əməkdaşlıq yönündə qlobal təşəbbüslərlə çıxış edir.

Şeyxülislam A. Paşazadə ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan ötən illərdə dünya dini liderlərinin sammitlərinə, mötəbər forumlara ev sahibliyi edib. Xanım A. Karam Bakıda 2019-cu ildə keçirilmiş V Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etdiyini xatırladıb və Azərbaycan dövlətinin bu istiqamətdə avanqard rolunu yüksək qiymətləndirib.

Şeyxülislamın belə mötəbər qurumun Qəyyumlar Şurasına üzvlük təklifi mühüm məsələdir.

Çağdaş dövrümüzdə müxtəlif dinlərə ibadət edən xalqlar arasında yaxşı münasibətlərin qurulması üçün dini liderlərin birgə fəaliyyəti çox böyük əhəmiyyətə malikdir.

QMİ uzun illərdir ki, bu beynəlxalq trendin ön cərgələrində yer alır. Bu günkü dünyanın gerçək reallığı dünyada ənənəvi “din dövlətdən, siyasətdən ayrıdır” prinsipini xeyli dəyişdirib. Siyasi maraqlarını təmin etmək üçün dindən «zərbə qüvvəsi» kimi istifadə edən bu qruplar öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə din amilindən istifadə edirlər.

Belə antibəşəri demarşların qarşısnın alınmasında, etimad müstəvisinin yaranmasında, nifrətə qarşı mübarizədə tanınmış din xadimlərinin mövqeyi çox mühüm əhəmiyyət daşıyır.

Tarixi Böyük İpək Yolunda əsas həlqələrdən biri olan Azərbaycanın mədəni və ticarət əlaqələri üçün açıq olması burada tolerantlıq ənənələrinin yaradılmasında mühüm rol oynayıb. Azərbaycanın tolerantlığı neçə illərdir ki, Avropa üçün xoş təəccübə və nümunəyə çevrilib. Ölkəmizdə insanlar dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, qarşılıqlı hörmət və vahid dövlətin eyni hüquqlu vətəndaşı kimi yaşayırlar.

Belə zəngin tolerantlıq ənənələri olan ölkənin təcrübəsi dünya üçün nümunə ola bilər.

Şexülislam bu təcrübənin dünyada təbliğində aparıcı rol oynayır və ölkəmizin dünyaya bir model kimi təbliğ etdiyi tolerantlıq və multikulturalizm siyasətinin yayılmasında öz töhfələrini verməkdədir. A. Paşazadə böyük bir müstəvidə Azərbaycanın bu mesajını dünyaya çatdıra bilir.

Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə keçirilmiş Dünya Dini Liderlərinin Zirvə Görüşləri, Humanitar Forumlar Azərbaycana öz dini, milli köklərinə bağlı olan ölkə olaraq tolerant və multikultural dəyərlərini dünyaya təqdim etməyə imkan yaradır.

QMİ sədrinin beynəlxalq qurumların rəhbərliyində olması onun dünyanın etimad göstərdiyi nufuzlu din xadimi kimi təqimatıdır.

A.Paşazadə uzun onilliklər ərzində sülh və qarşılıqlı anlaşma yönündə uğurla fəaliyyət göstərib.

QMİ sədri xarici ölkələrdə tolerantlıq ideyalarının təbliğini təşkil etməklə real təhlükələrə qarşı dünyanın tərəqqipərvər kəsimi ilə vahid cəbhəsini formalaşdırır. Qlobal təhlükəyə qarşı birgə mübarizə Azərbaycanı ön cərgələrdə yer alan dövlətə çevirir.

Yürüdülən siyasət dövlətimizin regionda dini əməkdaşlıq mərkəzinə çevrilməsinə hədəflənib. Bunun da siyasi altyapısında  prezident İlham Əliyevin dünyaya bəyan etdiyi tolerantlıq prinsipləri dayanır.

Tolerantlıq ideyalarının təşəkkülündə Allahşükür Paşazadənin bir dini rəhbər olaraq fəaliyyəti mühüm rol oynayıb. Şeyxülislam Azərbaycandakı məzhəbləri özündə birlşədirən bir dini lideri olaraq gözəl tolerantlıq numunəsini yarada bilib. A.Paşazadənin islam və xristian ölkələri və dünyadakı bütün dini cameələr arasında nüfuzu onu bu prosesin aparıcı fiquruna çevirib.

A.Paşazadənin dünyanın tanınmış dini xadimləri ilə əlaqəsi, dostluğu, əldə etdiyi nüfuzu bu gün Azərbaycanın bu yöndə siyasətinin yürütməsinə çox kömək edir.

Şeyxin bu illərdə Şimali Qafqaza, Türkiyəyə, Avropaya səfərləri elə bu trendin təbliğinə hədəflənib, çıxışlarında tolerantlıq və birgəyaşayış tezisləri aparıcı olub.

A.Paşazadənin istər İslam Əməkdaşlıq Təşkilatında fəaliyyəti, istərsə də xristian dininin rəhbərləri ilə olan şəxsi dostluq münasibətləri bu məsələnin reallaşmasında mühüm təsir göstərir. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın interkultural körpü rolunun önə çıxmasına yönəlik fəaliyyətdir.

Bununla QMİ sədri dünya çapında qəbul olunan nufuzlu din xadimləri cərgəsində  yeri dövlətə bu sahədəki prioritetlərin təbliği  üçün mühüm rıçaqdır. Şəxsi dostluq münasibətləri Azərbaycanın istinad etdiyi dəyərlər sisteminin dünyaya müncər olunmasında körpü rolunu oynayır.

Milli həmrəyliyin bərqərar olunması yolunda səmərəli fəaliyyət göstərən Allahşükür Paşazadə həm dini rəhbər, həm də ictimai xadim kimi həmişə yüksək vətənpərvərlik və əsl vətəndaş mövqeyi nümayiş etdirib.  Bu baxımdan dinlərarası dialoq və dini tolerantlığın inkişafı sahəsində QMİ-nin fəaliyyəti geniş və çoxcəhətlidir.

Tolerantlıq mədəniyyətinin inkişafında QMİ  tarixən özünəməxsus rol oynayıb və dini konfessiyalar arasında dözümlülüyü təbliğ edib. A.Paşazadənin Roma Papası, Rusiya Patriarxı,  Avropa və islam ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşləri, səfərlərində səmavi dinlərin əməkdaşlıq perspektivləri aparıcı xətt olub.

Qafqaz Müsəlmanları İdarəsinin bir sıra Avropa ölkələrində – Almaniyada, Avstriyada, İspaniyada Prezident İlham Əliyevin bəyan etdiyi dini tolerantlıq prinsiplərinin təbliği ilə bağlı keçirdiyi beynəlxalq konfransları da müzakirə meydanı olmuşdu.

QMİ sədrinin belə mötəbər təşkilatın rəhbərliyində təmsil olunma təklifini Azərbaycanın tolerantlıq siyasətinə verilən növbəti yüksək qiymətin təzahürü saymaq olar.

A.ABBASOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden Putini hərbi cinayətkar adlandırıb

Sonrakı məqalə

“Dünyada ərzaqla bağlı problemlər yaranacaq” –