Şeyxülislamın İran demarşı

Qonşu İran dövlətinin Azərbaycana yönəlik təhdidlərinə qarşı Qafqaz Müsəlmanları İdarəsinin və onun sədri, Şeyxülislam Allahşükür Paşazadənin zəlzələ effekti verən sərt Bəyanatı ciddi rezonans sayıla bilər.

QMİ öz bəyanatında ilk dəfə olaraq Azərbaycanın dini mərkəzi olaraq dini-mənəvi müstəvidə yaranmış reallıqlara münasibət bildirməyi özünə borc bildiyini bəyan etdi.

İranın hərəkətlərinin təəssüf doğurduğunu bildirən QMİ bu ölkəni Ermənistana birmənalı şəkildə himayədarlıq etməkdə ittiham edib. Qeyd olunub ki, bu hərtərəfli dəstək  Azərbaycan müsəlmanları tərəfindən şiddətlə qınanılıb.

QMİ bu hərəkətlə İranın müsəlman həmrəyliyinə zərbə vurdğunu bildirərək qeyd edib ki, işğalı pisləyən bəyanatlarla çıxış edən müsəlman ölkələrindən fərqli olaraq İran Ermənistanla əməkdaşlıq edərkən üzvü olduğu nufuzlu İslam Əməkdaşlıq Təşkilatının müvafiq qərar və qətnamələrinə məhəl qoymayıb.

Bəyanatda vurğulanırdı ki, Azərbaycan xalqı qonşu İrandan azad edilmiş ərazilərdə törədilmiş vandalizm faktlarının pisləməsini gözləsə də əvəzində tamam ayrı mənzərənin şahidi olub.

“Azərbaycan İslam dünyasının ayrılmaz parçası, İslam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə azərbaycanlı müsəlman şəhid olub. İran bu şəhidləri İslam şəhidi adlandırırdı, indi haqq yolunda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı?”-deyə Azərbaycan müsəlmanlarının təmsil edən qurum sual edir.

QMİ  Qafanda konsulluq açılmasına qəti etiraz edərək qarşılığında qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın Baş konsulluğunun açılışına hazırlığı müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsi adlandırıb.

İranın Araz çayında hərbi təlimlərinə sərt reaksiya verən QMİ “İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah gətirdiyi Azərbaycanımı? İran manevrlərdə Arazı necə adlayıb keçməyi planlayırsa biz bunu necə dəyərləndirməliyik? Budurmu İslami həmrəylik, şiə təəssübkeşliyi?” sərt suallarını verib.

QMİ bəyan edib ki, bu, Azərbaycan müsəlmanlarının islamı həmrəyliyə olan ümidlərini qırır, məyus edir. “Vətən mücadiləsində Zəfər çalmış Azərbaycan xalqının sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni böhtan, iftira yağdıran İranın bəzi imam-cümələrinin fikirləri Azərbaycan dindarlarının əksəriyyəti tərəfindən birmənalı şəkildə mənfi qarşılanır”.

Şeyxülislam REAL TV-yə müsahibəsində İranın ölkəmizə qarşı təhdidlərini “yolverilməz” adlandıraraq Tehranın bu siyasətini ən sərt münasibətini açıqlayıb: “İran hərbçilərini müsəlman dövlətinin sərhədinə, ona əzələ göstərməyə göndərir. Bu, heç də müsəlmana yaraşan hərəkət deyil. Mən bunu gözləmirdim. Bəs harada idi bunların səsi? Bir gecədə Xocalıda 600-dən çox insan qətlə yetirildi. Niyə bir dəfə bu manevrləri Ermənistan sərhədində aparmadınız? Biz bunu 30 il gözlədik. Torpaqlarımız işğal olundu, məscidlərimiz yandırıldı”.

 

Şeyx İranın bu mövqeyinin oradakı soydaşlarımıza da həqarət olduğunu deyib: “Amma mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Amma bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı. Milyonlarla şiənin burada ümidi qırıldı”.

Şeyxülislamın bu bəyanatı son günlər İran-Azərbaycan arasında baş verənlərin fonunda ciddi hadisədir. QMİ sədri öz mesajlarında bir din xadimi olaraq ölkəsinin haqlı prinsiplərini müdafiə etdyini açıq şəkildə bəyan edib.

Məzhəb birliyi baxımından QMİ sədrinin bu mövqeyi doğurdan da böyük effekt verən demarşdır. A.Paşazadə bu illərdə Tehranla, İranın dini elitası ilə yaxşı münasibətlər saxlmağa çalışan, bu ölkə ilə dövlət siyasətinin mənəvi  körpülərini quran, bir çox hallarda o taydan Azərbaycanın milli maraqlarına zərbə vurmağa edilən cəhdlərin qarşısını alacaq dini rəhbər kimi çıxış edib.

“Mənim üçün torpaq və vətən birinci dərəcəlidir”-deyən QMİ sədrinin son demarşı siyasəti müqəddəs kəlamın gücündən üstün tutan İran üçün “soyuq duş” oldu.

Şeyxülislam ölkənin çətin vaxtında, xalqın ağır günlərində həmişə belə mövqe tutub. Tarix onun 20 yanvar 1990-cı ildə atdığı addımını unutmayıb. Bakıda sovet ordusu tərəfindən törədilən qanlı qırığına etiraz səsini ucaldan Şeyxülislam SSRİ rəhbəri Mixail Qorbaçovu lənətləyən Bəyanatı ilə tarix yaza bildi. Bu, sovet tarixində rəhbəri açıq ittiham edən ilk din xadimi idi.

QMİ sədri istər rus-çeçen müharibəsində Moskvadan çeçen xalqına qarşı soyqırımı dayandırmağı tələb edən müraciəti ilə, istərsə digər mühüm regional məsələlərlə bağlı açıqladığı mövqeyində həmişə haqqın tərəfindən çıxış edib.

Dini mərkəzin rəhbəri olaraq regionda baş verən aktual hadisələrə daim reaksiya verən A.Paşazadə dünya dini liderləri arasında ona olan etimaddan ən ağır məsələlərin həllinə töhfə vermək üçün istifadə edib.

İki il əvvəl -2020-ci ildə bütün dünya COVİD bəlasının şokunu yaşayarkən Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın o zamankı prezidenti Donald Trampa müraciət edərək koronavirus dövründə İran xalqına qarşı sanksiyaları dayandırmağa, pandemiya zamanı bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad etməyə çağırmışdı.

Şeyxulislam Trampa müraciəti ilə Azərbaycan dövlətinin humanizm və bəşəri prinsiplərə sədaqətini göstərdi və qonşu İran xalqının belə çətin günlərində onun ağır vəziyyətinə biganə  olmadığını nümayiş etdirdi. Nəzərə alsaq ki, İran xalqının böyük hissəsini azərbaycanlılar təşkil edir, o zaman QMİ sədrinin bu müraciətinin məğzi daha da aydın açılır.

Bakı da öz növbəsində dini rəhbərinin belə bir müraciətini səsləndirməklə region ölkələri ilə qonşuluq münasibətlərində heç bir fürsətçil məqsəd güdmədiyini nümayiş etdirdi və özünə qarşı da həmişə belə münasibəti gözlədiyi mesajını verdi.

Amma əvəzində nə görünür?

Tehranın Azərbaycana yönəlik təhdidləri, dini zəmində iğtişaşlar salmaq niyyəti və ən nəhayət hərbi güc nümayişi…Bu sırada Tehranın məkrli siyasi elitasının ümid etdiyi “din qardaşlarını” Azərbaycan üzərinə qaldırmaq kimi xəbis arzusu puç oldu.

A.Paşazadə öz mesajında İranın bir sıra dairələrinin Azərbaycan cəmiyyətində hansısa İrana dəstək motivlərinə olan ümidlərini yerlə-yeksan edib.

“Bu hərbi manevrlərlə nəyəsə ümid edirdilərsə yanıldılar. İndi Azərbaycan o Azərbaycan deyil. Ölkədə xalq –dövlət birliyi yaranıb. Ümid etməsinlər. Dindarlar və mən öz dövlət rəhbərimizlə bir yerdəyik. Düzdür, bəzi “çürüklər” çıxa bilər. Amma hamısı saf-çürük olunacaqlar”- deyə QMİ sədri açıqlamasında bəyan edib.

QMİ sədrinin Bəyanatında mühüm məqamlardan biri onun İrandakı dini mərkəzlərdə oturan liderlərə və xalqa müraciətidir.

A.Paşazadənin İran ayətullahlarına müraciəti, İran hakim dairələrinin bu təxribata görə üzr istəməyini tələb etməsi QMİ sədrinin qətiyyətili mövqeyinin ifadəsi sayıla bilər. O, açıq mətnlə bildirib ki, İranın Azərbaycana qarşı belə kobud və təhrikçi addımları bütövlükdə islam dininə zərbə vurur. Şeyxülislam bununla İranın dini-siyasi dairələrini müqəddəs İslam dinindən siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edib.

QMİ sədri həmçinin Tehranın bu təxribatçı mövqeyinin  Ermənistanda revanşizmə stimul verdiyini deyərək üləmaları buna reaksiya verməyə çağırıb.

A.Paşazadənin bu sərt demarşı İranın siyasi dairələrində böyük ajiotaj yaradıb. Bu, təbiidir. Şimali Azərbaycanda yaşayan müsəlmanlar həmişə İranın xüsusi diqqətində olublar. Son 30 ildə Tehran ən müxtəlif vasitələrlə bu cameə üzərində öz təsir rıçaqlarını yaratmağa çalışsa da QMİ sədri buna imkan verməyib. Belə cəhdlərə Azərbaycanın tolerantıq konsepsiyasına söykənərək məzəhblərarası dostluq, barış və multkultural prinsiplərlə qətiyyətli cavab verilib.

Şeyxülislamın son bəyanatı regionda baş verən hadisləri doğru təhlil etmək üçün müşahidəçilərə yaxşı imkan verir, Tehranı qapalı dairəyə salır, İranda Azərbaycanla münasibətlərə cavabdeh olan dairələri bir daha düşünməyə vadar edir.

“Analitik” Təhlil Mərkəzi

 

 

 

 

 

 

Əvvəlki məqalə

“Azərbaycanın təklif etdiyi 5 prinsip beynəlxalq hüquq normalarına söykənir”

Sonrakı məqalə

İran Xəzər dənizi ilə Rusiyaya 200 dron göndərməyi planlaşdırır –