Şeyxülislamın işlək “şəbəkəsi” –

Erməni kilsəsi necə küncə sıxışdırılıb?
01 Avqust 2020 - 21:31

Azərbaycanla Ermənistan arasında son sərhəd gərginliyi ölkəmizə qarşı xain təxribatın məğzini bir daha nümayiş etdirdi.

Ermənistan göstərdi ki, Bakının apardığı danışıqlarda əsas hədəfi işğal olunmuş torpaqların azad edilməsi olsa da Yerevan daha uzağagedən xəbis məqsədlər güdür.

Düşmən ölkənin Qarabağ danışıqlarında niyyəti işğal etdiyi torpaqları qaytarmaq  yox, daha çox hazırkı status-kvonu beynəlxalq öhdəliklərlə möhkəmlətməkdir.

Qarabağ münaqişəsi başlanandan bəri Azərbaycan öz ərazi bütövlüyünün qorunması üçün mübarizə aparıb. Qanlı qarşıdurmalardan keçən bu mübarizədə Ermənistandan fərqli olaraq Bakı bəşəri prinsiplərə, humanist davranışa daim sadiq qalib.

Burada azərbaycanlıların söykəndiyi minillik dini-mənəvi prinsiplər başlıca rol oynayıb. Bu prinsiplər bu günə qədər  Azərbaycanın haqq işi uğrunda mübarizəsində bitkin platforma formalaşdıraraq öz töhfələrini verir.

Bu müstəvinin yaranmasında Qafqaz Müsəlmanları İdarəsinin rolu danılmazdır. Məhz QMİ müharibənin ən qanlı günlərində, dinc danışıqlarda, o cümlədən beynəlxalq platformalarda münaqişəyə yanaşmanın humanist prinsiplərini daim xatırladır, düşmən ölkə ilə müqayisədə Azərbaycanın necə bəşəri missiya ilə çıxış etdiyini göstərir.

Son günlərdə QMİ sədri Allahşükür Paşazadənin ünvanına atılan qərəzli atmacalarla son 30 ildə Şeyxülislamın Qarabağ münaqişəsinin həlli prosesində apardığı fəaliyyətinə kölgə salmağa cəhd edirlər.

Halbuki, dünyanın ən böyük dini qurumlarında, təşkilatlarında Azərbaycanın haqlı mövqeyini müdafiə etmək, onu qəbul etdirmək heç vaxt asan məsələ olmayıb.  Azərbaycanın və Ermənistanın dini rəhbərlərinin fəaliyyətini müqayisə etsək bu mənzərəni aydın görmək olar.

QMİ sədri Allahşükür Paşazadə dünyada və regionda Azərbaycanın münaqişə ilə bağlı ardıcıl mövqeyini bəyan etməklə dinindən və millətindən asılı olmayaraq xalqların birgəyaşamını dəstəkləyib, bu yöndə Bakının bütün dünyada xoş heyrətlə qarşılanan tolerantlıq prinsiplərinin müjdəçisi kimi çıxış edir.

Azərbaycanın müsəlman ölkələri ilə münasibətləri İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla davam edir. 1991-ci ildƏ QMİ sədrinin təşəbbüsü və təkidi bu quruma üzv olan ölkəmizin üzünə islam ölkələrinin qapıları açıldı. Geopolitik güclərə çıxış imkanı olan varlı erməni diasporasının təzyiqləri nəticəsində ciddi informasiya basqısı altına düşmüş Azərbaycan üçün İƏT mühüm platforma oldu. Yerevan müsəlman dövlətləri ilə əlaqələri pozmamaq, Azərbaycanla olan münaqişəni müsəlman həmrəyliyinə keçməməsi üçün var gücü ilə çalışsa da bu mümkün olmadı. İƏT üzvü olan dövlətlər Azərbaycanın ərazi bütövlüyünə dəstək verdilər və Ermənistanı işğalçı kimi tanıdılar. Bu, ölkəmiz üçün misilisz bir platforma oldu. İƏT-in Xocalı soyqrımının tanınması barədə qərarı Ermənistan üçün “soyuq duş” effekti yaratdı.

Təcavüzkarın, Qarabağın işğalının dünyada tanıdılmasında bu gün də İƏT ciddi müstəvidir.

Şeyxülislamın xristian dünyası ilə sıx əlaqələri, etimada söykənən münasibətləri Azərbaycanın bu ölkələrin ictimai rəyində yer tutumasında öz rolunu oynayır. Katoliklərin, pravoslavların, yəhudilərin nufuzulu din xadimləri A.Paşazadənin sülhə verdiyi töhfələri daim vurğulayır və təqdir edirlər.

Vatikanla münasibətlərin tarixi 30 il əvvələ çıxır. 20 yanvar qanlı Bakı qırğınından sonra SSRİ-nin informasiya blokadasına düşən Azərbaycanın başına gələnlərinin dünyaya çatdırılmasında Roma Papasının QMİ sədri ilə olan tarixi əlaqəsini qeyd etmək lazımdır. Öz əlaqəçisini QMİ sədri ilə görüşə göndərən Roma Papası bu addımı ilə 20 yanvar qırğınına görə SSRİ rəhbərini ittiham edən A.Paşazadənin bəyanatını və müsahibəsini dünyaya yaydı. Bu münasibətlər son 30 ildə daim katolik dünyası ilə sıx əlaqələrin saxlanmasına kömək edib. Bakıda səfərdə olan Roma Papaları verdikləri bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edib, münaqişənin dinc yolla həlli üçün çağırış ediblər.

Rusiya Pravoslav Kilsəsinin rəhbərlərinin QMİ sədri ilə dostluq münasibətləri böyük bir coğrafiyada Azərbaycanın səsinin eşidilməsinə imkan yaradıb. Bütün bunlar Qarabağ münaqişəsinin həlli üçün “ruhani diplomatiyası”nın əsas prinsiplərini formalaşdırıb və Bakını ön mövqeyə çıxarıb.

Bu baxımdan Erməni Apostol Kilsəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə müqayisədə beynəlxalq fəallığı nəzərə çarpmır. Katolikos dünyanın münaqişəli bölgələri barədə vahid mövqe ifadə edən din xadimlərinin cərgəsində “yad” görünür, beynəlxalq platformaya çıxa bilmir. Katolikosun mesajları yalnız daxili auditoriyaya yönəlib. Xristian dini rəhbərlərinin də Apostol Kilsəsinə münaqişə ilə bağlı açıq dəstəyi heç vaxt müşahidə olunmur.

Bu sırada vasitəçilərin səyləri ilə keçirilən Azərbaycan və Ermənistan din xadimlərinin görüşləri öz spesifikliyi ilə seçilib. Bu təmaslarda katolikos Qaregin Azərbaycanın haqlı tələbləri qarşısında susmağa üstünlük verib, dinc danışıqları dəstəklədiyni vurğulasa da bu mövqeyi sona qədər müdafiə edə bilməyib.

Qloballaşan dünyada münasibətlər bir çox hallarda problemin həlli üçün açar sayılır. QMİ sədrinin şəxsi əlaqələri, dini camedə nufuzu Qarabağ münaqişəsi ilə bağlı prosesi ardınca aparmağa imkan verib və katolikosu bu proseslə barışmağa məcbur edib. 2010-cu ildə Qareginin dini liderlərin sammiti çərçivəsində Bakıya gəlməsi və burada sülhün alternativi olmaması barədə bəyanat verməsi əslində dünyanın nufuzulu din xadimləri cərgəsində görünmək cəhdi idi. Təsadüfi deyil ki, katolikos ikinci sammitə gəlmədi. İkinci Bakı Sammiti isə bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək verən sənəd qəbul etdi.

QMİ sədrinin istər müsəlman aləmində, istərsə də xristian ruhaniləri arasında Azərbaycanın mövqeyini ardıcıl  müdafiə edə bilməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlanır. Multkulturalizm, tolerantlıq, mədəni əməkdaşlıq prinsiplərini dünyaya bəyan edən Prezident İlham Əliyevin bu siyasəti qarşısında Yerevan və onun mühüm təsir aləti olan Apostol Kilsəsi öz arqumentlərini qoya bilmir. Özgə torpağını ələ keçirmək, etnik düşmənçilik toxumlarını yaymaq, qəddarlıq təbliğ edən erməni kilsəsinin bu mövqeyi dünyada qəbul olunmur, səmavi dinlərin təbliğ etdiyi ehkamları dağıdır. Ona görə, erməni kilsəsi QMİ-dən fərqli olaraq regionun təhlükəsizliyində “açar” funksiyasını daşıya bilmir, lokaldır və proseslərin arxasınca sürünür.

Qafqaz din xadimlərinin də Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstəyi Yerevan üçün xoş olmayan haldır. Ermənistan bölgənin səmavi dinlərinin təmsilçiləri ilə bir cərgədə dura bilmir.

Göründüyü kimi QMİ sədri mürəkkəb münasibətlər sistemində dünya dini rəhbərləri və qurumları ilə işlək sistem yarada bilib. Belə sistem Azərbaycanın yürütdüyü siyasətində mühüm paradiqma kimi çıxış edir.

Bütün bunların fonunda Azərbaycan dövlətinin beynəlxalq platformada dəstəyi Ermənistandan daha dayanıqlı və ardıcıldır.

QMİ rəhbəri isə regionun dini camesindəki nufuzuna və əlaqələrinə erməni Apostol kilsəsinin başçısı kimi dar maraqlarının təminatı kimi deyil, beynəlxalq və regional sülhün təmin olunmasında bir vasitə kimi baxır. Bu sırada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, torpaqların işğaldan azad olması və Qarabağ üçün ədalətli sülh qırmızı xətt kimi keçir.

Emin ABBASOV