Bəşər Əsəd rejiminin süqutu uzun illər ərzində buraxılmış strateji səhvlərin nəticəsi olub. Bu səhvlər Suriya ordusunu zəiflədib, radikal qrupları gücləndirib və ölkəni Rusiya ilə İranın hərbi dəstəyindən asılı vəziyyətə salıb.
Azpost.info bildirir ki, bu qənaət professor İtamar Rabinoviç və doktor Karmit Valensinin müəllifi olduqları “Suriya inqilabı: Vətəndaş müharibəsi və Əsəd sülaləsinin süqutu” adlı kitabda yer alıb.
Müəlliflərin sözlərinə görə, Bəşər Əsəd əvvəlcə prezident olmağa hazırlaşdırılmırdı. Hafiz Əsədin varisi böyük oğlu Bazel Əsəd hesab edilirdi. Lakin onun avtomobil qəzasında həlak olmasından sonra Londonda oftalmoloq kimi çalışan Bəşər Əsəd Suriyaya qaytarıldı və hakimiyyətə hazırlandı.
Araşdırmada bildirilir ki, Əsədin ən böyük zəifliyi kompromisə getmək istəməməsi olub. 2011-ci ildə Dəraa şəhərində etirazlar başlayanda o, danışıqlar əvəzinə güc tətbiqini seçdi. Bu qərar lokal etirazların genişmiqyaslı vətəndaş müharibəsinə çevrilməsinə səbəb oldu.
Kitabda qeyd edilir ki, Əsəd 2003-cü ildə də ciddi strateji səhvə yol verib. O, cihadçıların Suriya ərazisindən keçərək ABŞ ordusuna qarşı döyüşmək üçün İraqa getməsinə imkan yaradıb. Həmin döyüşçülər arasında sonradan Əsəd rejimini devirən qüvvələrin lideri olan Əhməd əl-Şaraa da olub.
Vətəndaş müharibəsi başlayandan sonra rejim həbsxanalardakı radikal islamçıların bir hissəsini azadlığa buraxıb. Məqsəd üsyanı cihadçıların təşkil etdiyi qiyam kimi təqdim etmək və beynəlxalq ictimaiyyəti rejimin terrorizmlə mübarizə apardığına inandırmaq idi.
Müəlliflər bildirirlər ki, İŞİD-in meydana çıxması bir müddət beynəlxalq diqqəti Əsəd rejiminin hərəkətlərindən yayındırsa da, son nəticədə Dəməşq üçün daha böyük təhlükə yaradan qüvvələrin güclənməsinə səbəb oldu.
2016-cı ildə hərbi üstünlük əldə etdikdən sonra da Əsəd ciddi islahatlar aparmadı. Ordu zəif təmin olunurdu, hərbçilərə keyfiyyətsiz ərzaq və köhnəlmiş silah verilirdi, əhali isə yoxsulluq içində yaşayırdı.
Hakimiyyətə əsas dəstək hesab edilən ələvilər arasında da narazılıq artırdı. İqtisadi böhran, pandemiya, dağıdıcı zəlzələ və ölkə infrastrukturunun təxminən 70 faizinin məhv olması rejimə dəstəyi daha da zəiflətdi.
Tədqiqat müəllifləri Əsədin digər ciddi səhvi kimi on minlərlə üsyançının İdlib vilayətində cəmləşməsinə imkan verməsini göstərirlər. Türkiyənin himayəsi altında burada Əhməd əl-Şaraanın rəhbərliyi ilə faktiki muxtar idarəetmə sistemi formalaşdı və bu, onun gələcək hakimiyyətə hazırlığı üçün mühüm baza rolunu oynadı.
Məqalədə vurğulanır ki, Əsəd uzun illər Moskva və Tehranın hərbi dəstəyi sayəsində hakimiyyətdə qala bilib. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi və İsrailin İranın bölgədəki mövqelərinə zərbələri nəticəsində Dəməşq əvvəlki dəstəyi itirdi.
2024-cü ildə üsyançıların hücumu zamanı Əsəd Rusiyadan hərbi yardım istəsə də, rədd cavabı aldı. Bildirilir ki, Moskva İranın da rejimi xilas edəcək miqyasda müdaxiləsinə imkan verməyib.
Kitabda Suriyanın son illərdə dünyada kaptaqon narkotikinin əsas istehsal mərkəzinə çevrildiyi də qeyd olunur. Müəyyən dövrdə bu narkotikin qlobal dövriyyəsinin 80 faizədək hissəsinin Suriyanın payına düşdüyü, bu biznesdə isə prezidentin qardaşı Mahir Əsədin əsas fiqurlardan biri olduğu bildirilir.
Müəlliflər hesab edirlər ki, narkotik ticarətindən əldə olunan gəlirlər nə ordunun güclənməsinə, nə də əhalinin rifahının yaxşılaşmasına xidmət edib. Əksinə, hakim ailənin dəbdəbəli həyatı cəmiyyətdə narazılığı daha da artırıb.
Əsəd rejiminin süqutundan sonra hakimiyyət Əhməd əl-Şaraanın rəhbərlik etdiyi qüvvələrin əlinə keçib. Keçmiş cihadçı olmasına baxmayaraq, o, hazırda özünü praqmatik siyasətçi kimi təqdim edir və İsraillə qarşıdurmada maraqlı olmadığını bəyan edir.
Kitab müəlliflərinin fikrincə, İsrail Suriyada yaranmış yeni siyasi vəziyyətdən istifadə edərək müəyyən razılaşmalar əldə edə bilər. Lakin onlar hesab edirlər ki, bu imkan uzunmüddətli olmayacaq. Çünki yeni hakimiyyət möhkəmləndikcə Əhməd əl-Şaraanın mövqeyi daha sərt xarakter ala bilər.
Nadir Talıbov