“Şeyxülislamın Trampa məktubunun geosiyasi əhəmiyyəti var” –Elxan Şahinoğlu

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin mayın 5-də ABŞ prezidenti Donald Trampa göndərdiyi məktub diqqət çəkmişdi. Çünki, Paşazadə Azərbaycana aid məsələylə bağlı Trampa məktub yazmamışdı. Qafqaz Müsəlmanları İdarəsinin sədri Trampdan İranın xahişini edirdi. Paşazadə titulları sırasına Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş Katibi ifadəsini də əlavə etmişdi ki, bu Ağ Ev sahibinə göndərilən məktub müəllifinin çəkisini göstərməli idi.

Məktubun giriş hissəsi prezident Donald Trampa və Amerika xalqına minnətdarlıq ifadələrindən ibarət idi. Məktubun sonrakı hissəsi dünyanı bürüyən koronavirus və onun törətdiyi fəsadlara həsr olunmuşdu. Hiss olunurdu ki, şeyx və onun köməkçiləri məktubun yazılma strategiyasını düzgün seçiblər. Şeyx məktubunda hətta onu da xatırladırdı ki, Azərbaycan koronavirusla mübarizədə başqa dövlətlərə də yardım edir. Allahşükür Paşazadə bu ifadələrdən sonra keçdi əsas mətləbə.

Şeyxin məktubunda İrandakı vəziyyət belə təsvir edilirdi: “Humanitar fəlakət həddində yaşayan qonşu İran xalqının əzab-əziyyətləri barədə bizə daxil olan müraciətlər belə bir fövqəladə dövrdə fövqəladə qərarların verilməsini zəruri edir”. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri məktubunda Donald Trampdan rica edir ki, Ağ Ev sahibi humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına, pandemiya dövründə bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulmasına, İran xalqının təcrid və böhrandan azad olmasına dair qərar versin. Şeyx Trampa xatırladır ki, belə bir qərar bütün dünyəvi və mənəvi qanunlara uyğun addım və Uca Rəbbimizə xoş gedən savab bir əməl olar.

Allahşükür Paşazadənin yazdığı bu məktub böyük ehtimalla dövlət başçısı İlham Əliyevlə razılaşdırılmışdı. Şeyxin məktubunun insani tərəfi ilə yanaşı geosiyasi əhəmiyyəti də var. Bu məktubla rəsmi Bakı Vaşinqtonla yanaşı Tehrana da mesaj yollayır ki, İranın dərin insani və humanitar probleminə biganə deyil. Belə bir məktubun yazılmasında və Ağ Ev sahibinə göndərilməsində Tehran da maraqlı olub. Bunu şeyxin “İrandan bizə daxil olan müraciətlər” ifadəsi də sübut edir. Aydındır ki, İran hakimiyyəti qüruruna sığışdırıb Amerika prezidentinə xahiş dolu məktub göndərə bilməzdi. Bunu İranın əvəzinə kənar dövlət edə bilərdi və belə bir məktub məhz Bakıdan Vaşinqtona göndərildi. İranın siyasi və dini dairələrinin Bakının bu məktubunu dəyərləndirməsi lazım idi.

Şeyxin məktubuna cavab təxminən ay yarımdan sonra Vaşinqtondan deyil, elə Bakıdan gəldi. ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer iyunun 11-də Qafqaz Müsəlmanları İdarəsinə göndərdiyi cavab məktubunda yazdı ki, Allahşükür Paşazadənin narahatlığını bölüşür: “Biz İran xalqı üçün dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır”.

Göründüyü kimi, səfir iki cümləlik ümumi sözlərlə kifayətlənib. Səfir İranın indiki ağır vəziyyətində Amerikanın bu dövlətə qarşı sanksiyaların yumşalması barədə heç nə yazmayıb. Bu heç onun səlahiyyətinə aid də deyil. Bu məsələ Vaşinqtonda həll olunur. Amerika səfiri bu məktubu ay yarım sonra yazmaqla sadəcə, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinin məktubunun cavabsız qalmadığını göstərməyə çalışıb. Şeyx və Tehran isə Vaşinqtondan cavab gözləyirdilər.

Şeyxin məktubuna Ağ Evdən və ya Dövlət Departamentindən cavabın gələcəyini gözləmək əbəs idi. Pandemiyaya baxmayaraq, Donald Tramp və onun administrasiyası İrana qarşı sanksiyaları yumşaltmağı düşünmürlər. Amerikanın bir neçə konqresmeni də keçən aylarda Ağ Ev sahibinə müraciət etdmişdilər. Konqresmenlər Donald Trampdan xahiş edirdilər ki, Ağ Ev sahibi İrana qarşı sanksiyaların yumşaldılmasına qərar versin. Çünki, sanksiyalara görə İrandakı xəstələrin və ölənlərin sayının azalmadığı epidemiya şəraitində Tehran Avropa dövlətlərindən gərəkli tibbi ləvazimatlar ala bilmir. Digər tərəfdən Amerikanın sanksiyalarından ehtiyat edən dünyanın böyük tibb avadanlıqalrı və dərmanları istehsal edən şirkətlər İranla əməkdaşlıqdan ehtiyat edirlər. Bu da İrandakı humanitar vəziyyəti ağırlaşıdırır.

Buna baxmayaraq, Ağ Evin İrana siyasəti dəyişməyəcək. Çünki, Amerikada hesab edirlər ki, Tehran bu ağır vəziyyətdə belə bölgədəki müxtəlif silahlı qruplara dəstəyini azaltmayıb və nüvə çalışmalarından əl çəkməyib. Bu vəziyyətdə İrana qarşı sanksiyaların yumşalacağını gözləmək mümkün deyil.

Şeyx öz işini gördü, Azərbaycan qonşusunun dərdinə şərik olduğunu ortaya qoydu, İrana tibbi ləvazimatlar və 5 milyon dollar göndərdi. Bu mənada Azərbaycan əlindən gələni etdi. Ermənistan İrana nəfəslik kimi baxır. Ancaq Ermənistandan kimsə İrana qarşı sanksiyaların yumşaldılması xahişi ilə Amerikaya müraciət etmədi.

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan manatının real effektiv məzənnəsi son 5 ildə ən yüksək həddə çatıb

Sonrakı məqalə

Azərbaycan Ordusu bölmələrinin dağlıq ərazidə təlimləri keçirilib –