Sığorta Assosiasiyası “Vərəsə ipoteka kreditini ödəməlidir?” sualına cavab verdi

Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər hansı bir rəy verilməyib.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) açıqlamasında bildirilib.

ASA Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319,1 və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddələri ilə bağlı qərarı ilə bağlı münasibət bildirib.

Qeyd edilib ki, bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə və bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilib.

Göründüyü kimi, bu qərarın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyatı yoxdur. Belə ki, bu kreditlər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri tərəfindən sığortalanır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcu tam məbləğdə həmin həyat sığortası şirkətləri tərəfindən sığorta ödənişi şəklində qarşılanır.

Vurğulanıb ki, bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən verilən kreditlərdə təminat (girov) olaraq ipotekanın götürülməsi ilə bağlıdır.

Odur ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka krediti götürmüsünüzsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun olaraq sığrta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcək.

Əvvəlki məqalə

“Mindən artıq rus əsgəri bölmələri özbaşına tərk edib”

Sonrakı məqalə

“Putinin Aİ-dəki yeganə müttəfiqi qazı Qətərdən alacaq”