“SİNEMA”: ”Bəxt üzüyü” –Bəxtini itirmiş adamların faciəvi gülüşü (FİLM)

Azpost.info yeni layihəsini təqdim edir. “Sinema”rubrikasınıda biz Azərbaycan və dünya filmlərini təqdim edəcək, onların qayəsini, cəmiyyətə verdiyi mesajı təhlil etməyə çalışacağıq.

İlk olaraq populyar “Bəxt üzüyü” filmindən başladıq.

Film xalq şairi, mərhum Vaqif Səmədoğlunun pyesi əsasında çəkilib.

Qrotesk film qəhrəmanlardan birinin – Saranın bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir.

Adamı əzən, yandırıb-yaxan istidən bezənlər yağışın yağmasını gözləyirlər. Filmdə yağış arzu olunan, cəmiyyətin gözlədiyi dəyişikliklərin simvolikasıdır.

Amma yağışı yağacaqmı?

Filmdə mərkəzi fiqur özünü şair kimi qələmə verən Moşudur.

Hər dövrdə Şair öz xalqının indikatorudur. Moşu pis, orta yoxsa yaxşı şairdir? Biz bilmirik. Onu yalnız xoşbəxtliyə qafiyə axtardığını görürük. Tapa bilmir. Ətrafda bu xoşbəxtliyi anlamayan, ona əli çatmayan bu qədər insan varsa şair necə qafiyə tapa bilər?

Moşunun ola bilsin istedadı yoxdur, amma o, ləyaqətini və namusunu itirəcək qədər də əclaf deyil.
Moşu “Bəxt üzüyü” filmində Sedaya girişən polis rəisinin üzünə “namus, qeyrət” deyib dəsmal atır. Dueldə olduğu kimi… Söylü isə özgə qapılarında paltar yuyan Hüseynin arvadı Saranı müdaifə edərək qəzəblə onu ələ salan Sedaya “əlinin zəhməti ilə dolanır, daha sənin kimi…” deyir.
Moşu əslində hamının kim olduğunu yaxşı bilir…

Moşu “günəş altında yer axtaran”nəslin şairidir, Söylü isə “evə çörək gətirən kişinin hörmətini saxlayan zənən”. Söylü yad kişiyə gözünün ucu ilə də baxmayan, həyatını ərinə və uşaqlarına həsr edən ürəyiyuxa bir qadındır. Nə qədər beləsini tanıyırıq… Onlar həmişə zəiflərin və əzilənlərin yanında olurlar. Obraz ona görə doğmadır.

Hüseynin monoloqu filmin əsas mesajını ötürür…

“Daş qəlbli insanları neylərdin , İlahi?” deyə hayqıran Hüseyn bu biganəliyə etiraz edir, “Itirə-itirə gəlirik…biri qeyrətini, namusunu itirir, biri ağlını, biri də bəxtini. Bu qədər çirkaba dözmək olmur axı” deyib ağlıyır.

Vaqif Səmədoğlunun qəhrəmanları epoxanın nəhəng siyasi dəyişikliklərinin altından sağ çıxmağa çalışan adamlardır.
Vaqif Səmədoğlunun “Bəxt üzüyü”nün qəhrəmanları faciəvi adamlardır… Onlar öz dövrünün aynasıdır.
Bəxt üzüyü” filminin saundtreki rok-n-roll stilindədir. Talelərini dəyişəcək ümidi gözləyən nəslə rekviyemdir.
Filmin sonunda qızcığazın “Tanrıverdi dayı, yağış yağacaq” sözləri elə insanların gözlədiyi dəyişiklik ümidinə olan işarədir.

Film 1991-ci ildə rejissor Ramiz Əzizbəyli tərəfindən ekranlaşdırlıb.

Əsas rolları Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşən Baxşıyeva, Ayşad Məmmədov, Firəngiz Rəhimbəyli, Nəsir Sadıqzadə, Rafael Dadaşov, Cahangir Novruzov, Arif Quliyev ifa edirlər.

1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival müsabiqəsində quruluşçu rejissor Ramiz Əzizbəyliyə tamaşaçı rəğbətinə görə Mükafat verilib.

“Bəxt üzüyü” filmini oxucularımıza təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əfqanıstanda şiddətli döyüşlər başlanıb –

Sonrakı məqalə

Bakı Gömrüyündə qalmaqal –