“SİNEMA”: SSRİ-də qadağan olunan “Yaramaz” –  Dövranın qəddara çevirdiyi sadə Hətəmin faciəsi (FİLM)

 Azpost.info “Sinema” layihəsində tamaşaçılara “Yaramaz” filmini təqdim edir.

1988-ci ildə rejissor Vaqif Mustafayevin çəkdiyi bu film bütün SSRİ-də şok effekti yaratdı. Filmin nümayişi bir çox regionlarda qadağan olundu.

Nə üçün bu filmdən belə qorxdular?

Uşaq kimi saf və təmiz olan Hətəm qazlı şirələri yoxlayan laboratoriyada işləyir. Onu ələ salanların hərəkətlərini zarafat kimi, sevgi kimi qəbul edir. Cəmiyyətin karyera düşkünləri, əyri adamları  isə Hətəmin bu saflığını həzm edə bilmir.

“Kiçik adamlar”ın belə təmizliyi onları qıcıqlandırır. Bu insanlar çox məhdud arzularla yaşayırlar. Çünki yaşadıqları sistem onların arzularını ürəyində qoyub.

Hətəmin qonşusu Maşallah illərdir balaca birotaqlı evdə yaşayır. Əən böyük arzusu hökumətdən çoxotaqlı mənzil qoparmaqdır. Bunun üçün o, 112 yaşlı babası Mirzəni şəhərə gətirib. Mirzə baba isə dünyagörmüş qoca bolşevikdir. Həyatın hər üzünü görüb. Pilləkəndə ilk dəfə Hətəmlə rastlaşanda onun uşaq kimi saf baxışlarına baxıb “sənin üçün həyatda çətin olacaq, bala” deyir. Bununla da pərdə açılır…

Hətəm uşaq kimidir… Ona buyrulan hər işə can-başla qaçır.

Lakin bir gün hər şey dəyişir.

Hətəm onunla edilən şit zarafatlardan təngə gəlib, “ağıllanmağı” qərara alır. Və çox qısa müddət ərzində ağlasığmaz müvəffəqiyyətlər qazanır. O, fəhləlikdən suvenir fabrikinin direktoru vəzifəsinədək yüksəlir.

Nəticədə Hətəm dünyanın sahibi olur. Bu hakimiyyəti ona pul verir, pul da onun qəlbinin təmizliyini əlindən alır.

Vəzifə almaq üçün nazirin qəbuluna gələndə nazir ona “avtobioqrafiyan yoxdur, bala?”  soruşur. Hətəm, “mən əvvəl balaca idim, sonra böyüdüm” deyir.

“Balaca adamlar” özlərinin karyera yüksəlişi üçün bütün pisliklərə razı olmaları sonda Hətəmləri faciəyə aparır.

Film bir sualı açıq qoyur: Saf Hətəmin sonra amansız və qəddar, rüşvətxor adama çevrilməsinin günahkarı kimdir? Ətrafda hamı oğru, rüvətxordursa təmiz qalmaq şansı varmı? Karyera üçün doğurdanmı natəmiz işlərə başlamaq vacibdir?

Mirzə baba Hətəmə vəsiyyətində bir nəfərin adını çəkir. Hətəm həmin adamla əlaqə saxlasın yoxsa yox? Mirzə baba bu sözləri deyə bilmir, vəfat edir.

Filmdə SSRİ-nin 70 ili Mirzə babanın obrazında cəmlənib. O gah Stalinin səsi ilə danışır, gah da Brejnev illərinin alqışları altında oturur.

…Hətəmə vəzifə verirlər. Onu ələ salan bütün adamlar indi əlinin altındadır. Getdikcə şəxsiyyətin ikişləşməsi başlanır. Hətəm qəddarlaşır, mərhəmət hissini itirir.

…Hətəm metroya düşməkdən qorxur. Bu əslində şərti anlayışdıar. Metro-yerin altıdır, o dünyadır. Günahkarların cəza alacağı yerdir. Hətəm qorxur, çünki qəddar cəmiyyətin, günahkarların qurbanına çevrilib və onu nə gözlədiyini anlayır.

“Yaramaz” filmi bu baxımdan cəmiyyətin və fərdin əlaqələri barədə açıq danışır və fəlakətli seçimin səbəblərini göstərir.

Sonda məlum olur ki, Mirzə baba Hətəmə həmin plaşlı adamdan uzaq durmağı vəsiyyət edəcəkmiş. Hətəm isə bunu səhv başa düşüb…

Faciəvi komediya olan filmdə yaxşı adamın pis adama necə çevrilməsindən danışılır. Dövrün bəlaları çılpaqlığı ilə üzə çıxarılır, insan şəxsiyyətinin deformasiyasının, mənəvi düşkünlüyunun səbəbləri tədqiq olunur.

Amerikan tənqidçisi R. Hollouey “Faynənşl Tayms” qəzetində “Yaramaz” filmini yenidənqurmanın ab-havasını göstərən ən yaxşı ekran əsəri hesab etmiş, kinolenti sovet kinosunda yeni dalğanın ilk uğurlu müjdəçisi adlandırmışdı.

Filmin ssenari müəllfi Ramiz Fətəliyev və Vaqif Mustafayevdir. Quruluşçu rejissor Vaqif Mustafaev, operatoru Aleksandr İlxovski, bəstəkarı Emin Sabitoğludur.

Rolları Mamuka Kikaleyşvili (Hətəm), Həsən Turabov (Qəzənfər), Yaşar Nuri (Maşallah), Hamlet Xanızadə (Ələsgər) və digərləri oynayıb.

Ekran əsəri 1989-cu ildə Odessa Beynəlxalq Kinofestivalının Qızıl Dyuk” mükafatını alıb. 1989-cu ildə Qabrovoda film festivalında “Çaplinin Qızıl Əl Ağacı” prizini alb. Baş rolların ifaçıları Azərbyacan Respublikasının Dövlət Mükafatı verilib.

Film həmçinin Neapolda keçirilən Sorrento Beynəlxalq Festivalında «Vittoriya de Sika» adına qızıl mükafat qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyada itkin düşən azərbaycanlının meyiti göldən tapıldı –

Sonrakı məqalə

Mərhum şair Şəhriyarın oğlu qəzaya düşdü –