Sentyabrın 14-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol ilə görüşüb.
Şirkətdən bildiriblər ki, görüşdə Azərbaycan ilə İİB arasında uzunmüddətli səmərəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, İİB tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən energetika sektorunda həyata keçirilən layihələrin Azərbaycanın davamlı iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində SOCAR-ın həyata keçirdiyi investisiya layihələri haqqında məlumat verilib, karbohidrogen ehtiyatlarının dayanıqlı hasilatı, bərpaolunan enerji mənbələrinin inkişafı, habelə rəqəmsal və innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi qeyd edilib.
Tərəflər infrastruktur layihələri, bərpa olunan enerji, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.